Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xalq şairinin qızı: “Nə suyumuz gəlir, nə telefon şəbəkəmiz var, nə də internetimiz...”


“Yay ayı olduğuna görə anam Mirvarid Dilbazinin Pirşağıdakı bağına köçmüşəm. Bağ hal-hazırda mənim adımadır. Şair bağıdır, ulu öndər Heydər Əliyev vaxtilə anama hədiyyə etmişdi, orada ev tikməyə icazə vermişdi. Hər dəfə də zəng edirdi ki, Mirvarid xanım, nə lazımdır? Anam da deyirdi ki, sizin can sağlığınız, vətənim sağ olsun. Heç bir xahiş etmirdi. Anamla maraqlanırdı, hal-əhvalını soruşurdu”.
 
Bunu Moderator.az-a açıqlamasında ilk qadın Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib. O, daha sonra saytımız vasitəsilə aidiyyatı qurumlara üzünü tutub.

“20 ildir ki, anam dünyasını dəyişib, o son gününə qədər bu bağda yaşadı. Bağda problemimiz var, uzun illərdir ki, telefon qovşağı yoxdur. Qonşularda telefon var, amma bizdə yoxdur. Aidiyyatı qurumlardan çox xahiş edirəm ki, bizim bağ evinə telefon çəksinlər. Nə lazımdırsa, özüm də köməklik etməyə hazıram. Özüm şərqşünasam, hazırda təqaüdə çıxmışam, həyat yoldaşım da Elmlər Akademiyasında çalışır. Telefonumuz olmadığına görə internetimiz də yoxdur. Bu dəqiqə pandemiya olduğuna görə bütün hər şey internetlə həll olunur. Bundan başqa, bağımızda su problemi də mövcuddur. Cənab prezidentimiz Pirşağıya gələndə su və asfalt çəkdilər. Su çəkilib, amma yoxdur. Biz suyu 20 manatdan alırdıq, indi 40 manata olub. Ayda 160 manatdan çox suya pul xərcləyirəm. Hər şeyi görmüşdük, amma 21-ci əsrdə suyun olmaması artıq yolverilməzdir! O vaxt anam istəsəydi, ulu öndərdən xahiş edib, hər şeyi etdirərdi. Mənə çox adam dedi ki, bağı sat, amma heç vaxt satmaram. Çünki orada anamın ayaq izləri, xatirələri var. Nə qədər ki, sağam gedib orada yaşayacağam” - deyə şairənin qızı bildirib.
 
O, daha sonra anası ilə bağlı xatirələrini bölüşüb.
 
“59 yaşıma kimi dünyanı çəhrayı rəngdə görmüşəm. Çünki anam yanımda idi, yaşayırdı, mənə dəstək, dayaq olurdu. Artıq iyul ayının 12-də 20 il tamam olacaq ki, o, həyatda yoxdur. Amma mən onu hər zaman yanımda hiss etmişəm. O, nəinki məni, bütün oğul və qızları çox istəyirdi. Deyirdi ki, mən bütün Azərbaycanın anasıyam, tək sizin yox, həmçinin də ölkəmin bütün balaları mənim oğul və qızlarımdır. Vətəninə, xalqına, millətinə bağlı bir insan idi. O, bəlkə də daha çox yaşayardı, amma torpaqlarımızın işğalına dözmədi. Kaş anam bu günləri görərdi. İnanın, 90-cı illərdə ara qarışanda deyirdi ki, lap mən də cəbhəyə gedərəm. Yetər ki, torpaqlarımız işğaldan azad olunsun. Biz Sabir bağının yanındakı monolit binada, 6-cı mərtəbədə yaşayırdıq. Hər dəfə 120 pilləkən qalxıb, gəlib qapının zəngini basırdım. Qapını gec gəlib açanda gileylənirdim. Deyirdi ki, bala, mənim yaşıma çatanda hər şeyi başa düşəcəksən. İndi hər şeyi başa düşürəm” - deyə Xatirə Dilbazi bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10