Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Böyük Qayıdış“ nə vaxt başlayacaq? - “Bir neçə ay sonra Şuşaya, 1 il sonra isə...“



Vətən müharibəsindəki qələbədən dərhal sonra Qarabağa qayıdışı qısa zamanda həyata keçirmək üçün yenidənqurma işlərinə başlanıldı. Düşmənin 30 illik işğal dövründə ərazilərimizdə daşı daş üstündə qoymaması ilk vaxtlar bərpa prosesinin bir qədər uzun çəkəcəyilə bağlı qənaət yaratsa da, ölkə başçısının göstərişi ilə Qarabağın dirçəldilməsi istiqamətində atılan addımlar məcburi köçkünlərin yurd-yuvalarına yaxın müddətdə dönəcəyini deməyə əsas verir.
Belə ki, hələ yanvar ayında Prezident İlham Əliyev Füzulidə beynəlxalq hava limanının tikintisi barədə Sərəncam imzalayıb və yanvarın 14-də hava limanının təməlqoyma mərasimi baş tutub. Bütövlükdə inşa prosesinin isə bu ilin sonunda başa çatacağı proqnozlaşdırılır. Elə həmin vaxt Prezidentin tapşırığı ilə Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd dəmir yol xəttinin də yenidən qurulmasına başlanılıb. Bundan iki ay əvvəl isə İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azərbaycan dövlət başçısının eyni zamanda  Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında da Sərəncamı mövcuddur. Sərəncama əsasən, Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Bununla paralel olaraq Şuşa şəhər 1 nömrəli tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Təhsil Nazirliyinə 3 milyon vəsait ayrılıb.
Bəli, ölkə ərazisində bir tərəfdən sadaladığımız quruculuq işləri və hətta daha artığı həyata keçirilir. Digər tərəfdən isə yaxın zamanda ata yurdlarına qayıdacaq vətəndaşlarlarımızın tam təhlükəsizliyini təmin etmək üçün düşməndən mina xəritələrini alma yolunda müdrik siyasət yürüdülür. Artıq diplomatik manevrlərin nəticəsi olaraq Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələri əlimizdədir. Bunlardan yola çıxaraq qeyd edə bilərik ki, ölkədə Qarabağın bərpası, torpaqlarımızdan mənfur düşmənin izlərinin silinməsi üçün bütün güclər səfərbər edilib. Bu isə "Böyük Qayıdış"ın heç də uzaqda olmadığını düşünməyə əsas verir.
Elman Məmmədov: “Xarici qurumların ölkəmizdəki seçkilərə verdiyi qiymət  olduqca yüksəkdir”
Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, qayıdış üçün vacib olan bütün işlər lazımi səviyyədə görülür:
“Dəqiq tarix demək mümkün deyil, ancaq məqsədimiz cənab Prezidentimizin rəhbərliyi ilə məcburi köçkünlərin tezliklə doğma yurd-yuvalarına qayıtmasını təşkil və təmin etməkdir. Bunun üçün bütün lazımi işlər görülür. İlk növbədə təhlükəsizlik tədbirləri həyata keçirilir. Üç rayonumuzun mina xəritələrinin düşməndən alınması bu işləri bir az da sürətləndirib. Hazırda tam şəkildə infrastruktur yaradılmalıdır. Cənab Prezidentimizin Ağdama səfəri, oradakı bəyanatları, o cümlədən Füzulidə görülən çox mühüm işlər, beynəlxalq hava limanının inşası, Zəngilanda "ağıllı kənd" proqramına başlanılması və s. ondan xəbər verir ki, qayıdış günü yaxınlaşır. Qayıdış üçün birinci təhlükəsizlik, ikinci isə yaşayış şəraiti, iş imkanları lazımdır. Bunların hamısı qrafik üzrə çox ciddi nəzarətlə həyata keçirilir. İnşallah, 1-2 aya artıq Zəfər yolu istifadəyə veriləcək. Şuşamıza gedən yolla yanaşı, Qubadlıdan Laçın istiqamətinə də yol çəkilir. Həmçinin Xocavənd, Füzuli, Cəbrayıl rayonu ərazisində ara yollar salınır, yəni işlər çox sürətli gedir. Bu da məcburi köçkünlərin, yəni bizlərin doğma yurd-yuvaməza qayıdışını yaxınlaşdırır”.
Millət vəkili hesab edir ki, prosesin tamamilə yekunlaşması üçün 5 il olduqca uzun bir vaxtdır:
“Qayıdış daha tez baş tutacaq. Ola bilər ki, səhv edirəm, ancaq gördüyümü deyərək bir proqnoz verəcəm. “Xarıbülbül” musiqi festivalında mən də Şuşada oldum, həmin vaxt gedən işlərə nəzər saldıq. Buna əsasən, deyə bilərəm ki, Şuşa yolu hazır olandan sonra Şuşada yaşayış üçün hər şərait var. Ona görə də tezliklə Şuşa şəhərinə köçürmələr olacaq. Füzuli istiqamətində görülən işlər də oraya köçürmənin tez olacağını deməyə əsas verir. Axı həm də Füzuli rayonunun müəyyən hissəsi elə əvvəldən bizim nəzarətimizdədir. Yəni işartılar var. Məsələn, Ağdam üçün də gözlənilməyəcək ki, Ağdam şəhəri tamamilə hazır olsun, ondan sonra köçürmə həyata keçirilsin. Hissə-hissə köçürmələr baş tutacaq. Ona görə də mən bunların olmasını qısa müddətdə gözləyirəm. Məsələn, Şuşa üçün bir neçə ay, digərləri üçün isə 1, ən çoxu 2 il kifayətdir”.
Müstəqil Memarlar Assosiasiyasının (MMA) rəhbəri, memar Zenfira Budaqova isə diqqətə çatdırıb ki, lazımi işçi qüvvəsi cəlb olunacağı təqdirdə bir şəhərin salınması üçün bir il - il yarım vaxt kifayətdir:
“Xaricdə ən yüksək mərtəbəli binanı belə bir aya inşa edirlər. Bizimkilər isə beşmərtəbəli binanı bir ilə ancaq başa çatdırır. Çünki fəhlə sayı az olur. Hər şey mühəndis və fəhlənin sayından asılıdır. Ölkədə nə qədər adam işsizdir, elan versinlər, bütün fəhlələri oraya cəlb etsinlər və bir ilə hər şey hazır olsun. İki fəhlə bir binanı, əlbəttə, 20 ilə inşa edər. Əgər say normal olarsa, 1.5-2 ilə məcburi köçkünlər geri qayıda bilər. Tikinti ləvazimatları və fəhlə sayı yerli-yerində olduqdan sonra, bərpa etməyə nə var?! Bizdə işlərin yubanmasının başlıca səbəbi təmirə lazımi qüvvəni cəlb etməməkdir. Bu baş versə, işğaldan azad edilmiş torpaqlarımız tezliklə abad olacaq”.
Sayad HƏSƏNLİ
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10