“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
...Sinəsini düşmən gülləsinə sipər edən oğulların həyat hekayələrinin müəllifləri də onların özləridir. Biz qələm adamlarına yalnız bu hekayələri neçə-neçə yaddaşın süzgəcindən keçirib sonra ağ vərəqlərə köçürmək qalır. Hərdən mənə elə gəlir ki, Allah dərgahında şəhidlərin ruhları bir-birinə söykənib, elə döyüş səngərlərində olduğu kimi... Müqəddəs şəhid ruhları bizim pasibanlarımızdır.
Ulu babasının adını özünə soyad götürən Ülvi Muradovlar ailəsində dünyaya göz açan üç oğul övladından biri olub. Çətinliklə böyüsələr də üç qardaşın üçü də ali təhsil alıb. Ülvinin isə qismətinə həm də şanlı tariximizə çevrilən Vətən müharibəsinin döyüşçüsü olmaq da yazılıb, şəhadət məqamına yetişmək də... 21 yaşında qısa ömründən uzun YAŞAMAQ haqqı qazanıb.
...\Şəhidlər bizə təkcə öz ünvanlarını deyil, doğulub boya-başa çatıqları ucqar kəndləri də tanıtdırdı. Ömrümdə ilk dəfə idi ki, dağlarla əhatələnmiş, hər addımda bənzərsiz mənzərələri, buz bulaqları ilə adamı heyran edən Yeni Zuvanda səfər edirdim. Uca boylu, qarayanız, xoş simalı Ülvinin ata ocağında anası Zənfirə xanımla həmsöhbət olduq. Hər dəfə Ülvinin adı çəkiləndə xısınca ağladı, gözlərindən yanağına yaş yuvarlandı. Oğlundan bir nişanə qalmaması ana ürəyini daha da alovlandırırdı. Bizim də susmaqdan ayrı çarəmiz qalmadı. Qəlbi yaralı, sinəsi dağlı bir ananın səssiz fəryadı mənə gənc oğlunu itirmiş bir şairin bu misralarını xatırlatdı:
Nə boyunu öyəmmirəm,
Nə nağıllar deyəmmirəm,
Nə ağılar deyəmmirəm,
Lalam başına dönüm,
Balam, başına dönüm...
...Şəhid anasının qəlbinin dərinliyində dolaşan ağısı da, bayatısı da, səssiz göz yaşları da ürəklərimizi göynədir.
QISA TANITIM: Nüsrətbəyli Ülvi Arif oğlu 1999-cu il fevralın 14-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 2005-2016-cı illədə Yeni Zuvand tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirəndən sonra Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat fakültəsinə daxil olub. 2020-ci ildə ixtisası üzrə bakalavr təhsili alaraq ali məktəbi bitirib.
2020-ci ilin iyul ayında SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi Ağcəbədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində yerinə yetirməyə başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
13 oktyabr 2020-ci ildə valideynlərinin doğulub boya-başa çatdığı Yeni Zuvand kənd qəbristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ülvi Nüsrətbəyli ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Yarımçıq qalmış arzular
Tələbəlik illərində Ülvi biznes sahəsində uğur qazanmaq arzusu ilə yaşayıb. Gələcək arzularını reallığa çevirmək üçün hələ birinci kursda oxuyarkən Yeni Azərbaycan Partiyasının sıralarına qatılıb. İdmanla məşğul olub. Babalarının, ata-anasının böyüyüb boya-başa çatdığı el-obanı sevirdi, bu el-obanı əhatələyən dağlar qoynunu ruhunun beşiyi, doğma Vətən göylərini isə ruhunun üfüqləri bilirdi... Elə bil 21 il yox, 1001 il yaşamışdı bu dünyada... 1001 il idi ki, gözlərini dikmişdi əzəmətli dağların o tayından bu tayına uzanan çığırlarına... İçindən Vətən anlayışını bütövləşdirmək istəyi keçirdi... Bəlkə elə o zaman 30 ilə yaxın işğal altında qalan dağları, dərələri, meşələri, bulaqları yada salıb kövrəlmişdi?! Bəlkə də səmavi duyğularında Şuşada Zəfər bayrağını dalğalandıran həzin payız küləkləri əsmişdi?!
Nə qədər ağrılı-acılı olsa da, Ülvi barədə biz bu sözləri yalnız keçmiş zamanda işlədirik. Hərbi mundirini 3 ay idi ki, geyinmişdi. Pandemiya dövrünə təsadüf etdiyindən valideynləri andiçmə mərasimində iştirak edə bilməmişdi. Vətənə sədaqət andi içən Ülvi numunəvi xidməti ilə fərqlənirdi. Ordudan tərxis olunandan sonra ali təhsil aldığı ixtisas üzrə işə düzəlmək, arzularını gerçəkləşdirmək barədə düşünürdü...
...Amma yurdsuz-yuvasız işğalçılar tez-tez atəşkəsi pozub cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış yerlərimizə də iriçaplı silahlardan güllə yağdırırdılar. Qansızların cavabını döyüş meydanında verməyin artıq zamanı yetişmişdi. Sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayan kimi Ülvi də səngərdən səngərə atıldı.
Vətən müharibəsində ilk döyüşün qələbə ovqatı bütün əsgərlər kimi onun qəlbində də Qələbəyə böyük inam yaratmışdı. Qətiyyətlə, mərdliklə, dönməz qələbə ruhuyla döyüşürdü. Silah yoldaşları ilə mərmi atəşi altında geri çəkilmədən düşmən üzərinə həmlələr edib, onların layiqli cavabını verirdi. Oktyabrın 12-də Füzuli uğrunda qızgın döyüşlər zamanı Ülvi düşmən snayperinin gülləsinə tuş gələrək Cəfər adlı gəncəli əsgər yoldaşının qolları arasında şəhid olub.
“Dərdimi dağa desəm...”
Oktyabrın 13-də Yeni Zuvand və Güllütəpə kəndlərinin sakinləri, Masallı rayon ictimaiyyəti, ziyalılar və demək olar ki, sosial təbəqənin bütün nümayəndələri şəhid Ülvi Nüsrətbəylini son mənzilə yola saldılar. Ardı-arası kəsilməyən insan izdihamının, sürəkli şüarların, haqqında deyilən fəxarət dolu, qürurverici sözlərin və “ağlayan” minlərlə ürəyin müşayiəti ilə Vətən torpağına tapşırıldı Ülvi...
...O gün 21 yaşlı şəhidin tabutunun arxasınca ağbirçəklər çox ağı dedilər. Anası Zənfirə xanım üzünü dağlara tutub nalə çəkirdi:
Əzizim, yanar oda,
Pərvanə yanar oda,
Dərdimi dağa desəm,
Od tutub yanar o da...
...Şəhid ailəsini ziyarət etməkdə bizə bələdçilik edən ictimai fəal, Güllütəpə kənd orta məktəbinin müəllimi Rövşən Muxtarav deyir ki, Ülvi sakit təbiətli, ədəb-ərkanlı, qohum-əqrəbaya can yandıran, istiqanlı gənclərimizdən biri idi: “Azğın kafir düşmən tapdağı altında olan torpaqlarımızı məhz Ülvi kimi igid əsgərlərimiz canları bahasına 44 günə azad edib, otuz illik həsrətə son qoyaraq xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirdilər. Uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda indi üçrəngli bayrağımız dalğalanır... ”
Orta məktəb illərində Ülviyə əlavə məşğələlərdə dərs dediyini bildirən Rövşən müəllim məktəbdə Güllütəpə ərazi dairəsində Vətən uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərdən söz açdı. “Vətən uğrunda şəhid olanlar məktəbimizdə həmişə yad olunacaq.”
İstedadlı qiraətçi sonda unudulmaz Xalq şairi Mirvarid Dilbazinin dünyaya Ülvi kimi igid oğullar gətirən analara xitabən yazdığı şeirdən bu misraları söylədi:
Səngərdir, sipərdir – dincliyi saxlar,
Kişisiz Vətəni düşmən ayaqlar, -
Kişi anası ol, ana olanda!
...Ən yüksək mərtəbə sayılan şəhidlik zirvəsinə ucalaraq qəlblərdə yaşayacaq Ülvi Nüsrətbəylini dünyaya gətirən Zəmfirə xanım da KİŞİ anası, ömrünü Vətənənə verib vətənləşən Ülvi isə öz igidliyi ilə gələcək nəsillərə KİŞİLİK nümunəsidir...
Nurəddin Ədiloğlu, “Cənub. Az”