Son günlər şəhid olmuş əsgərimizin nişanlısının ailə qurması ilə bağlı məsələ xeyli müzakirə olundu.
Hətta məşhurlar da bu müzakirələrə qoşularaq şəhidin keçmiş nişanlısını tənqid etdi. Şairə Nazilə Səfərli sözügedən xanımı şəhidimizin ili çıxmadan evləndiyi üçün sərt şəkildə qınadı.
Bəs görəsən başqa biri ilə ailə quran xanımı il mərasimini gözləmədiyi üçün qınamaq doğrudurmu?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm bu yanaşmanın doğru olmadığını bildirib:
“Bu cür yanaşma doğru deyil. Şəhidlər bizim and yerimizdir, bir millət kimi var olma səbəbimizdir, qürur mənbəyimizdir. Onların yadigarları olan insanlara bizim bir ömür borcumuz var. Bu məsələni belə düşünək: bütün arzuları puç olmuş gənc qız və onu o vəziyyətdən çıxaran kişi daşqalaq edilir. Görüntü olaraq insan sarsılır, şəhidin 4 il nişanlısı və sevdiyi olub. Məncə, sədaqətsiz qız olsa onu 4 il gözləməzdi. Burada basqa amillər var, onu yaşamayan insanlar anlaya bilməz”.
Psixoloq ailə quran xanımın belə situasiyada tənqid və təhqir edilməsinin yolverilməz olduğunu qeyd edib:
“Qınamaq və təhqir etməklə məsələ bitmir. Hadisəni anlamaq dərk etmək lazımdır. İtkisi qızı elə bir boşluğa və məyusluğa atıb ki, həmin vəziyyətdən onu başqa bir insan xilas edib. İnsanlar hər bir hadisəyə səbrlə yanaşmalıdır. Sevginin rəmzi tək ölüm olmamalıdır. Sevdiyi insana görə qadın özünə qıysa, bu sədaqət rəmzi sayılmamalıdır. Əgər yaşama tutunsa, yenidən cəhd etsə daşqalaq edilməli deyil. Burada insanları qəzəbləndirən başqa bir mental dəyər var: “Bir il gözləyərdi”.
Bir il gözləsə, nə dəyişəcəkdi? Belə hal ən çox gənc yaşda övladını itirən valideynlərə təsir edir, onlar sarsılırlar. Ən böyük zərbə onlara dəyir. Amma həmin qız da kiminsə övladıdır. Canına qıysa, onun valideynləri də boynubükük qalmayacaqdımı?”
V.Rüstəmin sözlərinə görə, bu hadisənin 1941-45 müharibəsi ilə müqayisəsi doğru deyil:
“Bu hadisəni 1941-45-lə müqayisə etmək, paralellər aparmaq tamamilə yanlışdır. Hər bir insanın qərarları özünə məxsusdur. Bu hadisədə bir çox fərqli münasibət var: Saçını süpürgə etsin, dərddən siqaret çəksin, ağlını itirsin, ac qalsın, özünü öldürsün. Bu sədaqət rəmzidir, amma evlənirsə, təhqir edilməlidir. Bu cür yanaşma insanı dəhşətə gətirir. Bizim çətin vəziyyətə düşmüş qadınlarımıza edəcəyimiz kömək budurmu? Neçə aydır həmin igidimiz şəhid olub. Soruşsan ki, neçə nəfər onun ailəsi və nişanlısı ilə maraqlanıb, ona hansı psixoloji yardım edilib? İndi hansı haqla görüntülərini ictimailəşdirib söyürsən? Bu cür məsələlərə daha geniş düşünmək lazımdır. Ağrı-acı ilə yaşamağa çalışan insanlar haqda artıq-əskik yazıb onları cəmiyyətdən küsdürməyək. Biz bu cür yanaşma ilə insanları cinayətə sürüklədiyimizin fərqində olmalıyıq”.
Əsmətxanım