Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ələt İqtisadi Zonası Azərbaycana nə qazandıracaq? - “Qeyri-neft sektorunun inkişafına böyük dəstəkdir” - PARTİYA SƏDRİ


Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün addımlar atılır.
Hələ bir neçə il əvvəl hazırlanan iqtisadi layihələr, proqramlar hesabına neftdən asılılığın minimuma endirilməsi hədəf götürülüb. Qeyri-neft sektorunun inkişafı prioritet sahə elan edilib.
Bunu üçün əsas addımlardan biri də məhz iqtisadiyyatın şaxələndirilməsidir ki, bu, inkişaf üçün vacib amil hesab olunur. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlbi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunur.
Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bunun bariz nümunəsidir. Hesab olunur ki, bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib ki, Ələt Azad İqtisadi Zonasının yaradılması sıradan bir hadisə deyil, çox ciddi məsələdir:
“Çinin “Bir yol, bir xətt” layihəsi var ki, Londona qədər uzanır. Burada böyük dövlətlərin hər biri iştirak edir. Təbii ki, Azərbaycan da iqtisadi inkişafa nail olmaq üçün müxtəlif variantlardan istifadə edir. Hansı yeniliklər ola bilər, hansı addımlar atıla bilər, bunlar hesablanır. Düşünürəm ki, yeni iqtisadi zonanın yaradılması bu baxımdan çox əhəmiyyətli hadisədir. Bu layihələr Azərbaycanın iqtisadi imkanlarını xeyli dərəcədə genişləndirəcək, iqtisadi inkişafa böyük dəstək olacaq. Sadəcə olaraq bu mərhələdə bu sahəyə cavabdeh olan şəxslərin səhlənkarlığına, rüşvətə, korrupsiyaya yol verməsinə imkan vermək olmaz. Ona görə də düşünürəm ki, bu, ölkənin iqtisadi inkişafını artırması üçün vacib məqamdır. Sadəcə, bu məsələdən ciddi şəkildə yararlanmaq lazımdır”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10