Yəqin ki: “Video kəsilib, mən orada sarkazm eləmişəm, amma anlaşılmayıb”...
Vallah, qanan üçün yaşamaq ağır dərddir… “bu ölkədə” deməyim, deyəcəksiniz ki, tısbağa çanağından çıxıb çanağını bəyənmir. Qoyun, elə bu dünyada deyim, bir az ümumi olsun, bəlkə, hər şeyi “pembe” görənlər üçün zəhərimin təsiri də az olar.
Bu dünyada yaşaya bilmək üçün ya dəli olmaq lazımdır, ya da sərxoş. Ayıq başla dünyamızın dərdini çəkmək olmur. İnsan kədər, dərd əlindən qocalır. Gənc yaşda bu dünyanın azərbaycanlı gəncinin kiçik çiyinləri əyilib, qara saçlarına hər gün dən düşür. Yenə deyirəm, düşünməyən üçün bu yazdıqlarım da, gerçəklərin özü də “əşi”dən o yana keçmir. Çünki buralarda yaşamaq üçün cibində pulunun olması kifayət edir ki, bir çox qapılar üzünə açıq olsun. Düşünən adamların isə adəti üzrə başı dolu olsa da, cibi boş olur.
Buna görə də gərək atalar, analar dil qanandan bizə bircə şeyi düşünməyi öyrətsinlər: Necə daha çox pul qazana bilərəm? Buralarda bu sualın cavabını tapdınsa, qalan şeylər, bəli, düzələr. Yoxsa “Əşi düzələr” deyən olanda elə bilirəm, özü qəsdən edir, qarşısındakı insanı ələ salır. Sanki oyanmaq istəyənə bu sözlə lay-lay deyib şirin yuxuya vermək, bir az da yatmağımı istəyir.
Yatmaq demişkən, Tarif Şurası qiymət dəyişikliyi ilə bağlı qərarı adətən gecə açıqlayırdı. Biz də özümüzə təsəlli verir, qürurlu davranırdıq ki, səsimizi çıxarmaqdan ehtiyat edirlər, az-çox abırlarına bürünür, qiyməti gecə oğrun-oğrun qaldırırlar. Sən demə, belə deyilmiş. Yenə “əhalinin rifahını düşünərək”, xarici ölkələrdəki insanların maddi gəlirini yox, qaza, işığa çıxan xərclərini nəzərə alaraq bizim üçün məşhur xəbər dünyamızın dili ilə desək, “yeni tariflər müəyyənləşdirdilər”.
Qərardan sonra ürəyimizə bir də od düşdü. Bir də təsdiqləndi ki, Odlar Diyarının odu bizi yandırsa da, istisinə isinə, işığına gözümüzü aydınlada bilmirik. Yenə də yaşamaq üçün haradan necə olur-olsun, bircə pul tapmalıyıq. Qalanı düzələr.
Xalqı “düşündürən söz ustaları”
Həmşəki kimi xəbər dünyasına göndərdikləri mətnlə də başımızı bir neçə saat qatmış oldular. Ən arif adamlar da mətni oxuyub, “deyəsən, bu dəfə yaxşı qurtarmışıq, axı burada qiymət artımı deyilmir” dedi.
Xalqa “Qazın qiyməti qalxdı” xəbərini çatdıra bilməyənlər “Azərbaycanda yeni qaz tarifləri müəyyənləşib”, “Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib” və s. tipli başlıqlarla xəbəri yayımlamağı ən yaxşı çıxış yolu bildilər.
Əslində, mən onları bu bacarıqlarına görə ayaq üstə alıqşlayıram. Əvvəla, ona görə ki, o mətni başa düşmək, analiz etmək zaman tələb edir və bu zaman da qaçaqaç, rəqabət mühitində onlara verilmədiyinə görə buna “imkanları” yoxdur və onlar da sözlər üstündə bu cür “peşəkarlıqla” oynayaraq xammalı audiotiryanın öhdəsinə verirlər ki, baxın, müzakirə edin, görün başa düşürsünüzmü. Sonrası da ki, “medialarına sədaqətli qalmağı” bacarırırlar. Nə şiş yanır, nə kabab - əsl “obyektiv” jurnalistika.
Cəmiyyətin keşikçiləri də özlərini “sofist” kimi aparırlar
Müdafiə olunmaq elə də çətin deyil, sözlərlə bir az oynmağı bacaran, onlara nabələd olmayan adam üçün qaranı ağ təqdim etməyə nə var? Həqiqətlərə bir az gözünü yumsan, həyata öz mənafeyindən baxsan, yaşamaq asandır.
Sözlə oyun oynamaq demişkən, aparıcı Lalə Azərtaş da qazın qalxan qiymətləri ilə bağlı efirdən mətn söyləyib. Xanım aparıcı xalqa dərs keçib ki, bütün bu bahalaşmaların günahkarı koronavirusdur: Bəs onun ucbatından dünya iqtisadiyyatı çökür, hər şey bahalaşır, qazın qiyməti niyə qalxmasın? Hələ lap gecə-gündüz tarifləri də müəyyənləşsin. Yayda qaz ən çox mürəbbə bişirməyə lazım olur. Bunun üçün də xanımlar mürəbbələrini gecə bişirsinlər. Ağızları kimi cibləri də şirin olsun...
Ümid edirəm, "Azəriqaz" İB yanında İctimai Şuranın üzvü olan Lalə Azərtaş çıxıb deyəcək ki, video kəsilib, bəs mən orada sarkazm eləmişəm, bu anlaşılmayıb. Nə edək, ümiddən başqa əlimizdən bir şey gəlmir. Yoxsa insan ağlına sığışdıra bilmir ki, hansısa efir aparıcısı qarşısına çıxdığı xalqı bu cür ələ sala bilər.
Jurnalistin işi xalqa qərəzsiz, obyektiv olaraq xəbəri çatdırmaqdır. Yox, şərh etmək imkanı varsa, bu zaman şəxsi mənafeyindən çıxış etmək peşəsinə xəyanətdir. Xəyanət edən şəxs üçün isə başını aşağı salıb üzr istəmək və çıxıb getmək ən etik davranış hesab olunur.
Buna görə də pandemiya məhrumiyyətlərini, müharibə ağrı-acılarını yaşayan xalqın aparıcısı efirdən bu cür çıxış edə bilməz. Əgər o, bu çıxışı edibsə, ya üzvlükdən çıxdığını bildirməli, efirdən səsləndirdiyi fikrin acı kinayə olduğunu deməlidir, ya da birbaşa efirdən üzr istəməli, çıxıb getməlidir!