1 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus Elnur Bayram oğlu İsmayılovun çoxlu sayda iynə və dəmir parçası udduğu bildirilir.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, buna səbəb xəstəlikdən əziyyət çəkən məhbusun müalicə ala bilməməsidir. O, bu vasitə ilə müalicə olunmamasına etiraz edib.
“Hazırda ölümcül vəziyyətdə olan məhbusun bağırsağından qan gəlir, ağsından paslı su tökülür. Buna baxmayaraq, hələ də xəstəxanaya yerləşdirilməyib. O, ölümə tərk edilib”, - yaxınları bildirib.
Elnur İsmayılov özünəqəsddən öncə məktub yazıb. Məhbus yazır ki, indiyədək ölkə başçısına yazdığı heç bir məktuba cavab almayıb. Ona görə də vəsiyyət yazmaq məcburiyyətindədir.
“Ölürəm, baxan yoxdur”, deyən məhbusun sözlərinə görə, dəfələrlə xəstəlikləri ilə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində olub, ancaq müalicə edilməyib:
“Bütün bunlara səbəb 2019-cu ildən bəri MM-də (müalicə mərkəzini nəzərdə tutur-red.) gedən iyrənc rüşvətxorluqdur. Belə ki, həmin vaxtdan bəri MM-ə ancaq istirahətə gəlirlər. Nə qədər ölkədə icra başçıları, icra nümayəndələri, bir sözlə, vəzifəli şəxslər həbs olunubsa, onların çoxu MM-də rüşvət bahasına xəstələrin yerini zəbt edərək istirahət edirlər”.
Məhbus deyir ki, Müalicə Müəssisəsi 2 ildir öz profilini dəyişib, rəis Mayıl Məmmədovun və baş həkim Nicat Cəlilovun istirahət mərkəzi kimi fəaliyyət göstərir.
“Mən 2020-ci ilin mart ayından zülm çəkirəm, ona görə ki, həmin sözügedən istirahət mərkəzində özbaşınalıq hökm sürür. Həkimin yazdığı təyinatı hansısa tibb bacısı yerinə yetirmir. Belə ki, 09.05.2020-ci ildə həkimin yazdığı təyinat heç bir səbəb olmadan baş tibb bacısı Gülbahar İsmayılova tərəfindən yerinə yetirilmir. Bu barədə dəfələrlə Tibb Baş İdarəyə, Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilova məlumat versəm də, heç bir tədbir görülmür. 14.05.2020-ci ildə olanlara görə 7 ədəd dəmir uddum. Yenə 19.08.2020-ci ildə yazılan təyinat həmin tibb bacısı tərəfindən yerinə yetirilmədi. Təkrar baş həkim Nicat Cəlilova məlumat verdim, heç bir tədbir görülmədi. 27.08.2020-ci ildə yenə də olanlara görə 11 ədəd dəmir uddum. Ondan sonra da yenə bir neçə dəfə belə işlər təkrarlandı. Mən telefonla birbaşa Ombudsmana zəng edərək olanlar barəsində məlumat versəm də, nə bir dəyişiklik, nə də məni qəbul edən olmadı. Ombudsman Aparatına zəng etdiyimə görə 30.10.2020-ci ildə dəmirlər mədəmdə olduğu halda həkim məni 1 saylı cəzaçəkmə müəssisəsinə göndərdi. Həmin vaxtdan Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov və baş həkim Nicat Cəlilov Müalicə Müəssisəsinə girişimə məhdudiyyət qoyub. Hər yerə yazıram, dəyişiklik olmur”, - məhbus yazır.
Elnur İsmayılov yazıb ki, baş verənlərə etiraz əlaməti olaraq 14 aprel 2021-ci ildə 3 ədəd X şəkilli hazırlanmış dəmir udub. Buna görə aprelin 16-da Müalicə Müəssisəsinə göndərilib. Həmin gün yazaraq bildirib ki, dəmirləri İftixar Qurbanov və Nicat Cəlilovun heç bir səbəb olmadan qoyduğu məhdudiyyətə görə udub. O, İftixar Qurbanovun onu qəbul etməsini və məhdudiyyətin səbəbinin izah olunmasını tələb edib. Bundan sonra əməliyyat olunub:
“Bir aya yaxın Müalicə Mərkəzində oldum, İftixar həmin müddətdə 5-6 dəfə ora gəlib, amma məni qəbul etməyib. Buna görə də 11.05.2021-ci ildə ərizə yazaraq CÇM-ə qayıtdım. Qayıtmağıma səbəb qəbul olunmamağım və şöbədə yer olmadığından dəhlizdə yatmağımdır. İftixarın tapşırığı ilə burada da baş həkim Habil Məmmədov məni hər gün aldadaraq yola verir. İftixar hər ayın axırı iyrənc rüşvət üçün Müalicə Müəssisəsinə gəlib aylıqları apara bilir, məni qəbul edə bilmir. İndi vəziyyətim çox ağırdır, getdikcə də ağırlaşır. Hansı məhbusun vəziyyəti ağırdır, hansı məhbus ölür, bu, İftixar Qurbanovu və Nicat Cəlilovu maraqlandırmır. Onları ancaq pul maraqlandırır. Nicat çalışır ki, ayda nə qədər pullu məhkumlar MM-ə gəlsin, İftixar Qurbanov da çalışır ki, ay tez başa çatsın, gəlib aylığı alıb getsin.
Bir daha qeyd edirəm, mən ölsəm, məni İftixar Qurbanov və Nicat Cəlilov öldürmüş olur. İftixar və Nicat mənim ölməyimi gözləyirlər.
Meydan TV məsələyə İftixar Qurbanovla Nicat Cəlilovun münasibətini öyrənə bilməyib. Penitensiar Xidmətin İxtimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, həmin məhbusun səhhətində problemlə var və mütəmadi olaraq həkimlərin rəyi əsasında müalicə müəssisəsinə göndərilir:
“Həmin müəssisədən yeni qayıdıb. Hər hansı bir iynə udmaq məsələsi yoxdur”.