Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşhur müğənni ilə dedi-qodusu çıxdı, ailəsində problem yaşandı, oğlu kürəyindən güllələdi – Nofel Süleymanovun qətli təsadüf idimi?


    Əslən Laçın rayonun Kamallı kəndindən olan tanınmış musiqiçi Nofəl Süleymanov 1973-cü il oktyabrın 15-də anadan olub.
Nofəl çox qısa zamanda məşhurluq qazanıb. Deyilənlərə görə sənətə gəlişi çox çətinliklər, əziyyətlər bahasına başa gəlib. Nofələ qədər Azərbaycan musiqi məkanında gitaraçı deyiləndə yada düşən bir ad olub Rəmiş!

                                    
Rəmişdən sonra gitaranın simlərini hər ovqatda danışdırmağı bacaranlardan biri idi Nofəl. Dostlarının, doğmalarının dediklərindən də məlum olur ki, çox ciddi, hörmətcil və ailəcanlı insan olub. İnternetdə gəzişən zaman onun “Hind mahnısı”na çəkdirdiyi klipdə küçədə döyülən kimsəsiz uşağa köməklik edən qəhrəman kimi görünən Nofəlin özünün də əzablı yollar keçdiyi hiss olunur.
Sevib seçdiyi xanımla ailə quran Nofəl Süleymanlının 4 övladı doğulub. Onlardan üçü oğlan, biri isə qızdır. Musiqiçinin ailəsi ilə xoş münasibətdə olduğu, övladlarını həddindən artıq sevdiyi deyilir. Qardaşı Əlibəy Süleymanov Nofəl haqqında danışarkən deyir: Nofəl çox gözəl ailə başçısı olub. Onun ailəsində o qədər gözəl tərbiyə, qayda-qanun vardı ki, bunu sözlə ifadə edə bilmirəm. Balalarını hamıdan çox sevirdi”.
                                           
Lakin, təəssüf ki, bəzən ən böyük sevgilər belə taleyin, qədərin, alın yazısının qarşısına keçə bilmir. Nofəl Süleymanov məşhurluğunun ən pik nöqtəsində gözlənilmədən açılan atəşdən həyatını itirir.
Həyat isə bəzən o qədər qəddar olur ki, onun insan üçün nələr hazırlayacağından heç kim duyuq düşmür. Nofəlin də bir güllədən həyatını itirməsi azmış kimi bu güllənin oğlu tərəfindən onun kürəyinə saplanması ikiqat faciəyə səbəb olur.
Hadisə baş verəndən dərhal sonra yayılan məşum xəbərlər bütün musiqi aləmini, mətbuatı silkələyir. Cürbəcür şayiələr yayılmağa, boy verməyə başlayır. Kimi deyir, oğlu on yeddi yaşlı Şövqü atasını qəsdən öldürüb, kimi deyir mərhum ailəsinə, xanımına xəyanət etdiyi üçün bu amansız gülləyə tuş gəlir. Bir sözlə baş vermiş faciəyə hərə bir cür don geyindirməyə, yozmağa başlayır.
Hər kəs dərin təəssüf və heyrət içində qalır. On yeddi yaşlı ata qatili həbs olunur. Nəsil, qohum, dost tanış bir-birinə dəyir.
                                    
Deyilənlərə görə Nofəl Süleymanovun ölümünə müğənni-xanəndə Bəturə Hüseynova ilə aralarında olan sevgi münasibəti səbəb olub. Bildirilir ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib. Lakin haqqında bəhs olunan müğənni açıqlama verir. İsrarla bu hadisənin ona aidiyyatı olmadığını bildirir:
“Onun fotosunu görəndə, düşündüm ki, cavan adamdır görəsən koronavirusdan rəhmətə gedib? Yəni düşünün, ölüm səbəbindən belə xəbərsiz idim. Bunlar isə durub mənim adımı onunla sevgi münasibətində hallandırırlar. Hansı sübutla? Mən 2 ildir Türkiyədə yaşayıb, fəaliyyət göstərirəm. Mənim qarşıma sübut qoysunlar. Mobil operatorlardan siyahı çıxarsınlar, görsünlər ümumiyyətlə bu insan iki il ərzində mənə zəng edib? O saytın, bu xəbəri yazanların vicdanı, şərəfi yoxdur ki, mənim haqqımda bu cür yalan, böhtan xarakterli xəbərlər yayırlar. Düşünürəm ki, bəlkə heç bu cür mənəviyyatsız insanlara heç baş qoşmayım? Ancaq o insanların bu cür hərəkətlərinə görə cəzalanmalı olduğunun vacibliyini də dərk edirəm”.
                                      
Şövqü Süleymanlı peşəkar formada güləşlə məşğul olub. Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub. O, 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən yarışda 55 kq çəki dərəcəsində I yerə layiq görülüb.
Hadisə isə ailə üzvlərinin yaxınlarının dediyinə görə tam təsadüf nəticəsində baş verir: Nofəl ailə üzvləri ilə Ağcabədiyə getməyə hazırlaşır. Ailəsinə tapşırır ki, hazırlaşsınlar. Oğlu Şövqüyə isə deyir, ov silahını götürsün, təmizləsin. Bəlkə yolda ov etdilər, silah lazım oldu. Şövqü “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyir, Nofəl 2020-ci il sentyabrın 8-də aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edir. Nofəl “Əli yolu” deyilən məzarlıqda dəfn olunur.
                                  
Şövqü həbs edilir. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.

Hadisədən sonra musiqiçinin oğlu haqqında dediyi xoş sözlərin səs yazması sosial şəbəkələrdə yayılmağa başlayır:
“Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun Azərbaycan övladları. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun. Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o, Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım”.
                                
Atasının sağlığında da gitarada ifa etməyi bacaran oğlu onun ölümündən sonra efirə çıxaraq deyir: "Atam sağlığında da ifa edirdim. Amma onda daha çox dərslərimə vaxt ayırırdım. İndi həm dərslərimi oxuyuram, həm də gitara ifa edirəm. İstəyirəm atamın gitarası toz basmasın. İnşallah layiqincə davam etdirirəm bu sənəti".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10