Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Səs-küylü filmin rejissoru: “Bu ajiotaj mənə çox əziyyət verdi, Fulya isə...”


“Film Türkiyədə, lokal səviyyədə nümayiş olunacaq və bu yorucu hadisələr fonunda, təqdimatdan sonra müzakirə olunmasını da istəmirəm” – Tahir Tahiroviç
 
“Bizim məqsədimiz o idi ki, İkinci Qarabağ müharibəsində Fulya və operatorunun topladığı informasiyanı bir yerə yığaq, vahid formada auditoriyaya təqdim edək”.
 
Bu fikri AYNA-ya müsahibəsində “Fulya” filminin rejissoru Tahir Tahiroviç səsləndirib: “Düzdür, müharibədə təkcə Fulya olmayıb, başqa jurnalistlər də olub. Amma Fulya xalq tərəfindən sevildi. Bunun da öz səbəbləri var. Qadın olması, hiperaktivliyi, bir az lirikası var, çılğındır. Mən Tərtərdə, Gəncədə, Bərdədə sadə xalqın Fulyaya olan məhəbbətini gördüm. “Hara top, güllə atırdılarsa, Fulya orada idi” və s. kimi fikirlər səsləndirirdilər. Mənim şəxsi rəğbətimə qaldıqda isə buna səbəb Fulyanın özünü burada evindəki kimi hiss etməsi idi. Bildiyimiz kimi digər yerlərdə də müharibələrdə iştirak edib, amma burada özünü azərbaycanlı kimi hiss edirdi”.

Rejissor film ətrafında söz-söhbətlərin Fulyada oyandırdığı hisslərə də toxunub: “Açığı, deyim ki, film ətrafındakı ajiotajdan şəxsən mən əziyyət çəkdim. İnsan xarakteri rəngarəngdir. Baxırsan ki, düşdüyü situasiyadan asılı olaraq fərqli reaksiyalar verə bilir. Elə bilirsiniz ki, Fulya bu söz-söhbətdən əziyyət çəkdi, dilxor oldu? Təbii, bir az narahat olur, amma sonra onda özünəvurğunluq yaranır. Açıq deyim ki, bunu mən də hiss etdim”.
 
“Təəssüf ki, bu qədər hay-küy yarandı, lazım deyildi. Düşünürəm ki, bir balaca bizim üzərimizə düşən əziyyət artdı. Biz sadə flmi çəkib auditoriyaya təqdim edəcəkdik və bunun qarşılığında alacağımız reaksiyalar bir qədər fərqli olacaqdı. Amma indiki halda vəziyyət bir qədər fərqli olacaq. O hay-küy salanlar, Fulyaya qarşı məhəbbəti olan insanlar, layihəni müdafiə edənlər bizdən fərqli bir iş tələb edəcəklər. Bu işdə də əziyyəti çəkən biz olacağıq”, - deyə həmsöhbətimiz vurğulayıb.
 
Tahiroviçin sözlərinə görə, filmi çəkməkdə məqsədi kimisə qəhrəmanlaşdırmaq olmayıb: “Türk kinematoqrafları ilə birlikdə çalışırıq və filmin artıq montaj dövrü başlayıb. Yəqin ki, avqust ayına ilkin variantı görə biləcəyik. Mən yenə də deyirəm, filmdə Fulyanı qəhrəman etmirik. Təbii ki, sabah Fulya “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilsə, buna etiraz edən ilk mən özüm olaram, çünki belə deyil. Lakin burada biz sadəcə bir vəfa borcu olaraq film çəkirik və bunda pis bir şey görmürəm”.
 
“Fulya peşəkar jurnalistdir. Hərbi jurnalistikanı çox gözəl bilir. O bilir ki, harada dayanıb çəkmək lazımdır, hansı vəziyyətdə necə reaksiya vermək gərəkdir və s. O, qaynar nöqtələrdə çox olub, Azərbaycan onun üçün birinci dəfə deyildi, o, burada artıq təcrübəli idi”, - deyə rejissor əlavə edib.
 
Sənədli filmlərin çəkiliş prossesindən danışan müsahibimiz söyləyib ki, sözügedən filmdə efirə gedən materiallardan çox, getməyən materiallar yer alıb: “Sənədli filmin çəkilişi çətindir. Çünki burada filmin yarısından çoxu xronikadır. Biz burada Fulyanın şəxsi həyatını çəkmirik. Bu portret film deyil. Burada sadəcə olaraq 44 günlük müharibədə Azərbaycanı necə işıqlandırdığını çəkmişik. Orada efirə gedən materiallardan çox, efirə getməyən materiallardır. Onlardan da istifadə etmək çox çətindir. “Görəsən, tamaşaçıya nə maraqlı ola bilər, onları nə kövrəldər, nə fərəhləndirər?” və s. kimi suallarla qarşı-qarşıya qalırsan. Sənədli filmlərin ən çətin mərhələsi montajdır. Hansısa şairdən, yazıçıdan film çəkmək asandır. Amma burada elə deyil, 44 günlük müharibədən, döyüş gedən ərazilərdən kənara çıxa bilmirsən. Bu istiqamətdə də gərək süjet xəttini elə qurasan ki, tamaşaçını yormayasan”.
Fulya Öztürk haqqında film çəkiləcək -
Rejissor qeyd edib ki, müharibə mövzusu ona çox yaxın olsa da, Qarabağ müharibəsi ilə bağlı bu, ilk işidir: “Müharibə, hərb mövzusu mənə yaxındır. Təvazökarlıqdan uzaq olsa da, hərb mövzusunda ən çox film çəkən rejissorlardanam. İkinci Dünya müharibəsi mövzusunda 12 filmin müəllifiyəm. Müharibə mövzusunda olan 30-dan çox festivalda iştirak etmişəm. Qalib olduğum 22 festivalın 90%-i hərb mövzusundadır. Yəni hərb mövzusu mənə çox yaxındır, amma ilk dəfədir ki, Qarabağ mövzusunda film işləyirəm. Torpaqlarımız işğalda idi və bu halda Qarabağ mövzusunda işləmək marağımda deyildi. İndi artıq vəziyyət ayrıdır”.
 
“Ramil Ələkbərovla yazmış olduğumuz bədii film ssenarisi var idi. Təxminən 10 il bundan qabaq yazmışdıq. İndi bəzi məqamları dəyişmək şərti ilə istəyirik ki, onun üzərində işləyək. Müharibə dönəmində Qarabağda idim. Şuşanın azad olunması xəbərini Xüdafərində aldıq. Müharibənin qızğın vaxtında oralarda olduq. Çəkmək üçün çox material var”, - deyə Tahiroviç bildirib.
 
Bu mövzuda filmlərin xarici auditoriya üçün nə dərəcədə maraqlı olmasına isə həmsöhbətimizin münasibəti belə olub: “Xarici auditoriyaya insan taleyini, acılarını göstərmək lazımdır. Necə ki, “Şərikli çörək”də müharibənin bir uşağın taleyinə vurduğu yaradan, acıdan bəhs olunur. Uşaq bir çörək qəbzindən ötrü nələr çəkir. Həm də bu, dünya müharibəsi deyil ki, bizim qəhrəmanlarımız onlara maraqlı olsun. Biz insan talelərini göstərməliyik. Evini, atasının qəbrini gedib tapa bilməyən insanların acısını göstərməliyik. Qarabağda dağıdılmış, viran qalmış evləri, yurdları gördükdən sonra qonşu suyu açıb evimə su damdırsa, bu, mənim vecimə olmaz. Oraları görəndən sonra bu məsələlərə baxışım dəyişib. Camaatın yurdu, atasının, anasının qəbri dağıdılıb. Biz bunları çəkməliyik. Adamlar var ki, qapısını bağlayıb açarını daşın altına qoyub gəlib, adam var ki, evin pəncərəsini açıq qoyub ki, ev kiflənməsin, qayıdacaq. 30 il gözləyiblər ki, qayıdacaqlar. Kino budur - bağlanmayan pəncərə, paslanmış açar. Xarici auditoriyaya bu ağrını-acını göstərmək lazımdır, çünki onlara belə maraqlı olar. İndi bizim çəkdiyimiz fili isə yerli audioriya üçün nəzərdə tutulub. Dünya ölkələrinin Fulya kimi qərəmanları çoxdur”.
 
Filmin nümayişinə qaldıqda isə rejissor söyləyib ki, Türkiyədə nümayiş olunacaq, amma lokal səviyyədə: “Bu mövzular yorucu oldu, təqdimatdan sonra müzakirə olunmasını da istəmirəm”.
 
Qeyd edək ki, sözügedən film ətrafında son günlər ərzində ictimaiyyət arasında qızğın müzakirə gedir. Sosial şəbəkə istifadəçilərinin bəziləri “niyə öz jurnalistlərimiz dura-dura, Fulya haqda film çəkilir” etirazını səsləndirsə də, əksəriyyət Fulyanın belə bir mükafatı haqq etdiyi düşüncəsindədir.
Müəllif: Aləmdə NəsibAyna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10