Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

​Dövlətin verdiyi payı niyə yeyə bilməyək – AXI NİYƏ?!


Çox qəribə bir reallıqda yaşayırıq: dövlət bizə öz dərkənarıyla pay verir, bu pay get-gedə qiymətdən düşür və sonda heç nəyə yaramır...

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən. 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!” 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

İsti yay axşamlarının birində kompüterin qabağında növbəti material üzərində tər tökürdüm ki, o biri otaqdan uşaqların mübahisəini eşitdim. Biri “mən tapmışam, mənimdir” deyir, o biri isə “atanındır, ona deyəcəm” cavabını verirdi. Söhbətin nədən getdiyini bilmək üçün ikisini də yanıma çağırdım və əllərindəki kağızlara baxanda...

Bu əhvalatı lap çoxdan eşitmişdim bir tanışdan. Qohumlarının birinin babası inqlabdan əvvəl iri balıq vətəgələrinə malik idi. Kişi balıqdan, kürüdən satır, gəlirini qızıl pul edir və İsveçrə bankına qoyurdu ki, gələcəkdə nəvələri yaxşı dolansın, kişiyə rəhmət oxusunlar. Sonra sovetlər gəldi və kolxoz-kolxoz oyunu başladı. Kişini “qulaq” edib göndərdilər gedər-gəlməzə.

İndi həmin kişinin nəvəsi deyirmiş ki, İsveçrə bankında babasının pulunun olduğunu öyrəniblər. Bank deyir ki, babanıza o zaman pul əvəzinə verdiyimiz qiymətli kağızlardan - veksellərdən birini gətirin, inanaq ki, pul sizindir, götürün aparın. İndi nəvə başına-gözünə döyür. Bilirisniz niyə? Sovet dövründə məktəbdə oxuyan bu nəvə evdən topa ilə həmin veksellərdən tapıbmış, amma lazımsız kağız bilib, “quş” düzəldib hamısını üçurub. Biri də qalmayıb o vekselin ki, indi bunlar özlərinə gün ağlasınlar...

Örtülü özəlləşdirmə, “qırmızı direktorlar” və vətəndaşın əlində qalan çeklərin aqibəti

... Uşaqlarımın əlində olan kağızlar məni cavanlığıma qaytardı. Axı onlar mənim cavan vaxtı istifadə etmədiyim, sonra isə su qiymətinə düşdüyü üçün kitablarımın birinin arasında yaddan çıxardığım özəlləşdirmə çeklərim idi. Onları görəndə az qaldım ki, sevincimdən göyə uçam. Köhnə maşınım bir az da nasazlamışdı və mən heç olmasa bu bir pay çeki (4 ədəd) satıb, ona qulluq etmək həvəsinə düşdüm. Yaxşı. Bəs mən bunları harada xırdalayım?

Çeklər paylanan vaxt, 90-cı illərin ortalarında bu çeklər barədə o qədər sözlər danışırdılar ki... Biri deyirdi: “biz milyonçu olacağıq”, o biri deyirdi: “bu, yuxarıdakıların fırıldağıdır, bizə “atıb”, özləri varlanacaqlar”, üçüncüsü deyirdi ki: “yox, indi bunları dəyər-dəyməzinə satıb yemək olmaz, saxlayaq, vaxtı gələr, bunun də qiyməti qızıl kimi durmadan artar”. 

Mən elə o zaman məndən biznesmen, auksioner çıxmayacağını bilirdim. Bir-iki dəfə çekləri satmaq üçün dəmiryol vağzalına da gedib “dollar, rus pulu, çek” qışqıran dəllalarla da söhbət etmişdim. Yadımda qalan odur ki, evdəkilər öz paylarını 20 “şirvana” satdılar, məni isə əfəllikdə günahlandırdılar. Amma mən çekimi satmadım, saxladım, çünki oxumuşdum ki, bu, dövlətin mənə verdiyi paydır. Və mən bu payı istənilən zaman istifadə edə bilərəm.

O vaxtdan illər keçdi və mən “payımı” hansısa kitabın arasında unutdum, heç yadıma da düşmədi. İndi uşaqlar tapanda dedim, şükür ki, o vətəgə sahibinin nəvəsinə bənzəmədi mənim taleyim, tapdım nə əcəb! Lap yerinə düşdü. Payımı indi xərcləyərəm. İnternetdə axtarış verməyə başlayanda isə, aşıq demiş, “sındı qol-qanadım, yanıma düşdü”. Sən demə, dövlətin mənə verdiyi payın işlənmə vaxtı varmış (?!) və bu vaxt 2011-ci ildə bitibmiş.

Mən o çekdən – dövlətin mənə verdiyi paydan heç nə qazanmadım. Əlimdə payım ola-ola, özümü gah İsveçrə bankından babasının pulundan 1 qəpik də ala bilməyən nəvəyə, gah da “Şərikli çörək” filmindəki çörək “kartıçka”sını itirən Vaqifə bənzədirdim. İnternetdən oxudum ki, mən hələ şükürlüyəm - əlində nə qədər dövlət payı olan, amma xərcləməyə vaxtı və ya imkanı çatmayan insanlar var. İndi vağzalda da onları almırlar ki, gedək sataq.

Çox qəribə bir Azərbaycan reallığında yaşayırıq: dövlət bizə öz dərkənarıyla pay verir, bu pay get-gedə qiymətdən düşür və sonda vaxt qoyur ki, bu vaxta qədər bunu hansısa özəlləşdirmə obyektinə qoyun və ya satın, əks halda payınız sıfırlanacaq.

Amma məncə, bu məsələ öz həllini tapmalıdır. İqtisadçılar deyir (yazır) ki, insanların əlində 1 milyondan çox pay var - dövlətin verdiyi, sonra sıfırladığı pay. Məgər daha ölkədə hərraclar keçirilmir? Müəssisələr hərraca çıxarılmır? Niyə biz öz payımızdan istifadə edə bilmərik?!

Həm də oxudum ki, məsələn, Belarusda çekini hərracda istifadə edə bilməyən insanlar istənilən vaxt onları dövlət bankına sata bilərlər. Çünki, çek – qiymətli kağızdır, dövlətin öz dərkənarıyla mənə verdiyi zəmanətli kağız. Heç dövlət də öz verdiyi payı alar, yaxud hörmətsiz edər? Bu, ola bilməz. 

Ona görə də əminəm ki, gün gələcək və biz - əlimizdə isifadəsiz qalan çek sahibləri, bir gün Vaqif kimi “kartıçka”mızı tapıb, klassikaya qulaq asa-asa çörək verən əminin yanına gələcəyik və o, çox sorğu-sualdan sonra bizim doğrudan da öz çörəyimizi almadığımızı görüb, payımızı özümüzə verəcək. Niyə öz payımızı almayaq ki?! Axı niyə?!

P.S. Hələlik isə, çeklərimi düz 10 il gec tapan uşaqlardan acığımı necə çıxacağımı bilmədim, ancaq “gedin, dərsinizi oxuyun”, deyə çımxırdım. “Ata, axı iki həftədir ki, məktəblər bağlanıb, kanikuldur” cavabını da sanki eşitmədim. Fikrim maşının yanında idi. Payımı alan kimi, onu necə düzəltdirəcəyəmi (ya da yeniləyəcəyimi) xəyal edirdim. Yoxsa payı neynirdim ki? Kağız “quş” düzəldib uçuracaqdım?...

Müəllif: Yoldaş Mircəfər
Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10