Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Nə mən, nə də Elçin anamın son dəqiqəsinə çata bildik, bizi görmədən dünyadan köçdü"


      

"Barat xanım mənim həm anam idi, həm bacım, də rəfiqəm. Mən doğulanda anamın 17 yaşı olub. Evin ilk övladı olduğuma görə anamın gözü mənim üstümdə idi. Bacım Rövşanəni, qardaşım Elçini mən saxlamışam. Elçinə həm analıq etmişəm, həm də bacılıq. Amma anam Elçini daha çox istəyirdi, onu elə qoruyurdu ki. Elə mən də, bacım da"


   
    Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktrisa Barat Şəkinskayanın qızı AzTV-nin ilk qadın televiziya rejissoru Solmaz Həmzəyeva deyib. Bu gün doğum günü olan aktrisa ad günlərini xüsusi qeyd etməyi sevmədiyini deyir.
 
"Gündə 2 dəfə teatra gedirdi, səhər saat 10-da, axşam saat 7-də. Saat 10-da məşq edirdi, 7-də isə tamaşa oynayırdı. Doğum günlərini qeyd etməyə vaxtı belə yox idi, həm də xüsusi hazırlaşmırdı bu günə. O vaxt həm də axı dəbdə deyildi doğum gününü dəbdəbəli şəkildə qeyd etmək. Gözəl yeməklər hazırlayırdı, mətbəxi sevirdi. Boş vaxtı çox az olurdu, amma buna baxmayaraq bizə hər zaman vaxt ayırırdı. Rejissorlar anama xarici görünüşünə görə daha çox əcnəbi rollar verirdilər. Barat xanım Şekspir aktrisası idi, səhnədə Cülyetta, Dezdomona kimi obrazlar yaratmışdı. Amma buna baxmayaraq Azərbaycan qadınlarını da oynayırdı. Məni özü ilə teatra aparırdı, demək olar ki, bütün tamaşalarına baxmışam. Hətta anamla birgə bir neçə tamaşada bacısı rolunda çıxış da etmişəm" deyə aktrisanın qızı deyib. Solmaz Həmzəyeva anasının 3 dəfə ailəli olmasından da söz açıb.

"Anam  Gəncədə olarkən Gəncə Qadınlar Klubunun rejissoru Mir İbrahim Həmzəyev ona səhnədə aşiq olur və ailə həyatı qururlar. Bu izdivacdan mən dünyaya gəlmişəm. Lakin bu ailə həyatının ömrü iki il çəkir. Müəyyən səbəblər üzündən anam atamdan ayrılır. Mən atamı görməmişəm, çünki körpə uşaq olmuşam. Anam ikinci dəfə Şəmsi Bədəlbəyli ilə ailə həyatı qurur, bu evlilikdən isə bacım Rövşanə Bədəlbəyli dünyaya gəlir. Anamın 3-cü evliliyi isə rejissor Mehdi Məmmədovla olub, qardaşım Elçin Məmmədov  bu izdivacdan dünyaya gəlib. Elçin hamınıza "Dədə Qorqud" filmində Qaraca Çoban, "Yeddi oğul istərəm" filmində isə Mirpaşa rolları ilə tanışdır. Anam heç vaxt nə Şəmsi, nə də Mehdi müəllimlə ucadan danışmazdı, heç vaxt onların dava-dalaşlarına şahidlik etməmişəm, əksinə, evdə hər zaman mehribançılıq görmüşəm"deyə Solmaz Həmzəyeva deyib. 
 
Solmaz xanım deyir ki, anası son gününə qədər bir gözlə yaşayıb.

"Anam foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım gəlim. Paşa Qəlbinur sağ olsun onu müalicə edirdi, anam üçün əlindən gələni etdi. Son gününə qədər çox yaxşı münasibətləri var idi Paşa Qəlbinurla" deyə Solmaz Həmzəyeva bildirib.
 
Solmaz Həmzəyeva anasının son gününü belə xatırlayır.

"Mən rəfiqəm, diktor Şərqiyyə Hüseynovagildə idim, Roza Tağıyeva da bizimlə idi. Süfrəyə yeni oturmuşdum, gördüm ki, qızım Afətdən zəng gəldi. Ürəyimə dammışdı ki, nəsə olub. Mənə dedi ki, ana, tez evə gəl, nənə yaxşı deyil. Anamın yanında  baxıcı qadın qalırdı. Ona deyib ki, deyəsən ölürəm, zəng elə Elçin gəlsin. Elçinə zəng ediblər, o da təcili yardım maşınının arxasınca getdiyinə görə gecikib. İkimiz də gecikmişdik, nə mən, nə də Elçin onun son dəqiqəsinə çata bilməmişdik. Anam bizi görmədən bu dünyadan köçdü. Hazırda mənim yaşım 90-nı keçib, amma yenə də onun sözünə, məsləhətinə, nəfəsinə ehtiyacım var. Ana hər yaşda anadır, mən özüm də anayam, amma yenə də anamı istəyirəm" deyə Solmaz Həmzəyeva deyib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10