Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyanın “gizli planı” barədə sensasion iddia: Serj Sarkisyan təhvil verilə bilər


Ermənistanda daxili hesablaşmanın növbəti və daha amansız mərhələsi başlayıb; Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərini səhnədən silmək, "dəmir barmaqlıqlar" arxasına göndərmək, hətta onları Azərbaycan ilə gizli "siyasi bazarlıq"da qurbana çevirmək variantları üzərində seçim etdiyi iddia olunur...
Ermənistan cəmiyyəti 44 günlük savaşda bu düşmən ölkənin məruz qaldığı biabırçı məğlubiyyəti əsasən iki tezis üzərindən müzakirə edir. Hər iki tezis bir-birinə zidd məzmun daşıyır. Ermənistan cəmiyyətinin daha da parçalanmasına yol açır.
Birinci tezis ondan ibarətdir ki, Paşinyan hakimiyyəti Ermənistana tarixi fəlakət gətirib. Ermənistanın 30 il nəzarətdə saxladığı əraziləri cəmisi 44 gün ərzində Azərbaycana təhvil verib.
Bu tezisin müəllifləri hesab edirlər ki, savaşın nəticələri Ermənistan üçün daha sərfəli məzmun da daşıya bilərdi. Ancaq Paşinyan hakimiyyəti daha sərfəli şərtlər daxilində müharibənin dayandırılması təkliflərini qəbul etməyib.
Göründüyü kimi, Ermənistan cəmiyyəti bu düşmən ölkənin niyə məğlub olduğunu müzakirə etmir. Məğlubiyyətin qaçılmazlığını dərk edirlər. Ona görə də, niyə daha az itkilərlə məğlub olmaq şansının qaçırıldığını müzakirə edirlər.
Birinci tezisin müəllifləri Qarabağ klanına aid siyasi qüvvələrdir. Köçəryan-Sarkisyan cütlüyü bu tezisdən seçki ərəfəsində Paşinyan hakimiyyətinə qarşı istifadə edirdi. Elə indi də gündəmdən düşməyə qoymurlar.
Qarşı tərəf - Paşinyan hakimiyyəti isə Qarabağ klanını ölkəni dağıtmaqda, özündən sonra döyüş qabiliyyəti olmayan ordu buraxmaqda suçlayır. Danışıqlar prosesində problemin daha sərfəli şərtlərlə nizamlanması imkanlarından yayınmaqda ittiham edir.
Paşinyan hakimiyyətinə bu məsələdə keçmiş prezident Levon Ter-Petrosyan da dəstək verir. Onun iddiasına görə, ötən əsrin sonlarından başlayaraq, 7 rayonunun Azərbaycana qaytarılması şərti ilə problemin həlli mövcud olub. Ancaq Köçəryan-Sarkisyan cütlüyü öz siyasi maraqları ucbatından buna imkan verməyib. Nəticədə indi hər şey itirilib.
00-30-1575976183.jpg (55 KB)
Belə anlaşılır ki, Ermənistanda bir daxili hesablaşma mərhələsi başladılıb. Bu daxili hesablaşma qarşıdurma tərəflərdən birinə olduqca baha başa gələ bilər. Yəni, məğlub olan tərəfin Ermənistanın indiki fəlakətli durumuna görə məsuliyyətə cəlb edilə biləcəyi qətiyyən istisna deyil.
Maraqlıdır ki, Qarabağ klanının rəhbərləri bu qarşıdurmadan artıq narahat olmağa başlayıblar. Çünki Paşinyan hakimiyyəti öz siyasi mövqelərini qorumağa nail olub. Belə vəziyyətdə keçmişə dayalı taleyüklü səhvlərin araşdırılması Paşinyan hakimiyyətinə öz siyasi rəqiblərini tamamilə sıradan çıxarmaq imkanları və bəhanələri verə bilər. Və Paşinyan hakimiyyətinin Qarabağ klanını, xüsusilə də, Köçəryan-Sarkisyan cütlüyünü nəinki siyasi səhnədən silməyə, hətta "dəmir barmaqlıqlar" arxasına göndərməyə qərarlı olması barədə məlumatlar mövcuddur.
Ona görə də, hazırda Köçəryan-Sarkisyan cütlüyü müdafiə taktikasına keçmək, özünü qorumağın yollarını axtarmaq məcburiyyətində qalıb. Xüsusilə də, keçmiş prezident, hərbi cinayətkar Serj Sarkisyan özünə haqq qazandırmaq üçün can-fəşanlıq edir. Və cəmiyyəti öz arxasına çəkə bilmək məqsədilə arqumentlər icad etməyə çalışır.
S.Sarkisyanın bir müddət öncə Xocalı soyqırımının törədilməsi zamanı özünün elədiyi hərbi cinayətlərin bir qismini xatırlatması Ermənistan cəmiyyətində yenidən dəstək qazanmaq cəhdidir. Ancaq hazırda bu mövzunun Ermənistan cəmiyyətinə təsirinin minimal olması onu çətin vəziyyətə salmaqdadır. Ona görə də münaqişənin daha sərfəli şərtlərlə həllinə əngəl törətmədiyini sübut etmək məcburiyyətində qalıb.
nocomment_0326216f141885625e49cc65630028bf_9obc458ktyvsqzpg6a12.jpg (89 KB)
Məsələ ondadır ki, S.Sarkisyan iddia edir ki, guya işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasının tərəfdarı olub: “Siz heç bir halda, məndən bu torpaqları geri qaytarmayacağımız fikrini eşidə bilməzdiniz. Hətta 2000-ci illərdə parlament tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Bunu daha necə açıq ifadə etmək olardı?"
Ancaq problem yalnız S.Sarkiyanın özünə haqq qazandırıb, siyasi səhnədən silinmək və ya "dəmir barmaqlıqlar" arxasına düşməkdən yayınmaq cəhdləri ilə məhdudlaşmır. Ermənistan mətbuatında sensasion sayıla biləcək yeni iddialar ortaya atılıb. Həmin iddialara görə, Paşinyan hakimiyyəti S.Sarkisyandan birdəfəlik xilas olmağın yolunu onun Azərbaycana təhvil verilməsində görür.
Təbii ki, bu iddialar hələlik o qədər də inandırıcı görünmür. Üstəlik, Paşinyan hakimiyyətinin belə bir addım ata bilməsi qətiyyən asan məsələ deyil. Çünki bu, Ermənistanda ciddi qarşıdurmalara, hətta iğtişaşlar ilə nəticələnəcək kütləvi etiraz dalğasına səbəb ola bilər.
Ancaq iddia müəllifləri vurğulayırlar ki, Paşinyan hakimiyyəti istənilən avantürist addımlara açıq olduğunu dəfələrlə sübut edib. Paşinyan hakimiyyəti S.Sarkisyan məsələsini də Azərbaycan ilə gizli "siyasi bazarlıq" mövzusuna çevirə bilər. Yəni, erməni baş nazir uyğun situasiya yaranarsa, münasibətlər normallaşdıqdan sonra Azərbaycan Xocalı soyqırımı ilə bağlı ciddi faktlar təqdim edərsə, S.Sarkisyan üzərindən "siyasi bazarlıq" ehtimalını ehtiyatda saxlayır.
Əlbəttə, bu erməni mənbələrinin iddialarldır. Nə qədər həqiqətə uyğun ola biləcəyi isə məlum deyil. Bu, hətta Paşinyan hakimiyyətinə qarşı növbəti provakativ əkstəbliqat mövzusu da ola bilər.
Ancaq bir məsələ qətiyyən şübhə doğurmur ki, hərbi cinayətkar S.Sarkisyan əndişəlidir. Onun açıqlamalarından da aciz durumda olduğu hiss olunur: "Belə bir aqibətin başımıza gəlməməsi üçün xain damğası daşımağa hazır idim. Problemin həllini istəyirdim, öz reytinqim, tarixdə qalmağım barədə düşünmürdüm. Təəssüf ki, bunu bacarmadım”.
Bu açıqlamadan belə anlaşılır ki, 44 günlük savaşın nəticələri Ermənistan cəmiyyətində natamamlıq kompleksi yaradıb. Ermənistanın indiki durumu faciəvi vəziyyət kimi dəyərləndirilir. Çıxış yolu axtarışları isə nəticəsidir. Bu vəziyyətin günahkarı olan hər kəs, o cümlədən də, hərbi cinayətkar S.Sarkisyan da özünü məsuliyyətdən yayındırmağa çalışır.
Halbuki, həm Ermənistan cəmiyyətinin, həm də onun fərdlərinin dəstək ala biləcəyi demək olar ki, elə bir ciddi xarici ünvan qalmayıb. Ona görə də, "batan qayıq"da özünü xilas etmək istəyənlər təkbaşına müdafiə olunmaq məcburiyyətində qalıblar. Və Ermənistan cəmiyyətinin əsas faciəsi də məhz budur.
Təbii ki, hərbi cinayətkar S.Sarkisyanın Azərbaycana təhvil verilib-verilmıyəcəyi hələlik mübahisəli məsələdir. Hətta ilk baxışdan elə də inandırıcı görünmür. Rəqiblərin uydurduğu qınaq mövzusu təsiri bağışlayır.
kollaj-images.jpg (22 KB)Ancaq unutmaq olmaz ki, ötən ilin bu vaxtlarında 30 il işğalda qalan ərazilərimizin tezliklə, həm də cəmisi 44 gün ərzində azad ediləcəyinə də çoxları inanmazdı. Amma bu, baş verdi. Üstəlik, indi Ermənistanda əsasən biabirçı məğlubiyyət müzakirə edilir, daxili günahkarlar axtarılır. Məsuliyyəti bir-birinin üzərinə atmaq məcburiyyətində qalıblar.
Digər tərəfdən, hərbi cinayətkar S.Sarkisyan özünü haqq qazandırmaq üçün bəhanə axtaracaq qədər aciz duruma düşüb. Hətta erməni mətbuatı onun Azərbaycana təhvil verilmə ehtimalını belə, gündəmə gətirməyə başlayıb. Bunun səbəbi nə olursa-olsun, fərq etməz. Əsas məsələ odur ki, Ermənistan cəmiyyəti Xocalıda törədilən bəşəri hərbi cinayəti istəmədən də olsa, dolayısı ilə etiraf etmiş kimi görünür.
Heç bir cinayət və cinayətkar cəzasız qalmır. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Robert Köçəryan və Serj Sarkisyanın hərbi cinayətkar olduqlarını vurğulayıb. Və onların törətdikləri hərbi cinayətlərə görə əvvəl-axır nə vaxtsa, mütləq öz cəzalarını alacaqlarını bəyan edib. Və Azərbaycan Prezidentinin indiyə qədər dedikləri birmənalı şəkildə özünü doğruldur.
Ona görə də, Ermənistanda başlayan daxili hesablaşma hərbi cinayətkarların da cəzalandırılmasına yol aça bilər. Hətta indi bir çoxları şübhə ilə yanaşsalar belə, Köçəryan-Sarkisyan cütlüyünün də öz hərbi cinayətlərinə görə cəzalanacaqları gün o qədər də uzaqda deyil





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10