Bu gün hər yerdə olduğu kimi Masallıda da 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, gənclər, ictimaiyyət və media nümayəndələri şəhərimizin Qəhrəmanlar Parkındakı Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 246 masalılı şəhidin adları olan abidənin önünə təzə-tər gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla ziyarət ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov, Milli Məclisin deputatı, Anar İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, 2 şəhid anası - Aprel döyüşçüsü Nurlanın və «Vətən Müharibəsi Qəhrəmanı», şəhid gizir İntiqam Əsgərlinin anası Ziba Əsgərova və başqaları çıxış edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin, qazilərimizin hünərindən söz açıblar. Natiqlər qeyd ediblər ki, şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bu gün də ölkəmizdə, o cümlədən Masallıda uğurla davam etdirilir. Bu gün bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur.
Sonra Ş.Məmmədov bir daha Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən danışıb, bu qələbənin əldə olunmasında öz həyatlarını və sağlamlıqlarını itirən insanlara minnətdarlıq edib, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, döyüşlərdə fərqləndiklərinə görə müharibə veteranlarına, qazilərə, onların ailələrinə və vətənpərvərlik işinin təşkilində xidməti olanlara minnətdarlıq edib və hər kəsi Ali Baş Komandanın ətrafında daha sıx birləşərək, Müzəffər Azərbaycan Ordusuna dayaq olmağa çağırıb, onların-ilkin mərhələdə 144 nəfər masallılı əsgər və zabitlərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə sahib olduqları orden və medalları və vəsiqələrini (sağlığında və ölümündən sonra) təqdim edib.
Qeyd edək ki, təltiflərin təqdimolunma mərasaimində rayonun digər məsul şəxsləri və ictimai təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Axırda rayon rəhbəri şəhid ailələri və qazilərin həyatı ilə maraqlanıb, söhbətlər aparıb, məsul vəzifəli şəxslərə tapşırıqlarını verib.
Yazı Masallı Rayon İcra hakimiyyəti tərəfindən təqdim olunub.