Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Həsənlidən Köçəkliyə gedən yol - Masallıda ən yaxşı yol olacaq


Bəs son 10 ildə Masallıda çəkilən yolların statistikası nələr deyir?







Cenub.az-ın araşdırdığı rəqəmlərdən bəlli olur ki, rayon ərazisindən keçən avtomobil yollarının 48 km-i  Respublika əhəmiyyətli, 194 km-i isə yerli əhəmiyyətli yollardır.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2011-ci il tarixli Sərəncamı ilə Masallı rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılmış vəsait hesabına rayonun 

Şıxlar- Viləş (keçmiş adı Kalinovka) avtomobil yolunun 5,3 km-i, 

Viləş-Qızılağac avtomobil yolunun 1,8 km-i, 

Tatyan-Güllütəpə avtomobil yolunun 2,8 km-i asfaltlanıb. 

     Yenə 2011-də Ərkivan – Boradigah – Rudakənar  yolunun - 20 kilometrinə asfalt döşənib.

Qısası, Qəzənfər Ağayevin Masallıya rəhbərliyinin sonuncu ilində Masallıda 29,9 kilometr yola asfaltlanıb.

Son 10-15 ildə isə Masallıdakı qəsəbə və kənd yollarına da asfalt döşənməyə başlanılmışdır. Belə ki, bu müddətdə Ərkivan və Boradigahda qəsəbədaxili yollara 10 kilometrdən artıq, eləcə də xeyriyyəçilər köməyi ilə bir o qədər yola asfalt döşənmişdir. Bundan əlavə Boradigah ərazi dairəsinə daxil  Babaser kəndinə gedən 1,2, Çayqıraq kəndinə gedən 1 km. yol da həmin vaxt  asfaltlanıb. Bu proses sonrakı illərdə də davam etdirilib və ümimilikdə 2 qəsəbə və 2 kəndə gedən 12  kilometr yol asfaltlanıb.

2013-ci ildən başlayaraq isə (Rafil Hüseynov Masallıya rəhbərliyə başlayandan 1 il sonra) Masallıda kəndlərarası yolların asfaltlanmasında sanki əsil inqilab baş verib. Aşağıdakı rəqəmlərə nəzər salaq.

 Həsənli-Xırmandalı avtomobil yolu 10.0 km,

Sərçuvar-Sirəbi yolunun 1,5 km. hissəsi, 

Seybətin-Səmidxan-Alışanlı-Ətcələr yolu 3,0 km, 

Kürdəbaz-Qarğalıq yolu 4,0 km,

Qəriblər-Qodman yolu 3,0 km, 

Musaküçə-Lürən yolu 5,3 km,
Kolatan-Sığdaş yolu 14 km, 

Şatıroba-Hişgədərə-Miyankü-( həm də Seybətin-Səmidxan-Kürdəbaz-Eminli-Məmmədxanlı yolu), ümimilikdə 24,8 km, 

Binə Xocavar-Çaxırlı yolu-5 km, 

Təzəkənd yolu - 3 km, 

Masallı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Tatyan- Yeni Zuvand yolu 18 km olmaqla,  ümumi Masallıda uzunluğu 91,6 km kəndlərarası yolların asfaltlanması başa çatdırıldı.

Bundan əlavə son 10 ildə  rayonun 70-ə yaxın kəndində 260 km kənddaxili yollara çınqıl örtük döşənmişdir. Bu iş son illər də davam etmişdir.

Masallı şəhərinin 40-a yaxın əsas küçələrinə isə son 10 ildə 420.000 kvm-dən çox (2019-a qədər) asfalt vurulmuş və səki, işıqlanma sistemi qurulmuşdur.

Yol-abadlıq işləri Masallıda bu gün də davam edir. Şəhər nümayəndəliyindən aldığımız məlumata görə Masallıda 2020-ci ildə 34.867 kv.m, bu ilin 1-ci yarısında isə təxminən 20-yə yaxın küçəni əhatə edən 37. 993 kv.m yola asfalt döşənmişdir.

Köçəkli yolu

Bu günlərdə isə xəbər tutduq ki, rayonun Həsənli İnzibati Ərazi Dairəsinə daxil Köçəkli kəndinə 5 kilometrlik yol çəkilir.

Xatırladaq ki, Köçəkli kəndi Həsənli kəndinin cənubunda, dəniz tərəfə ərazinin şərqində yerləşir. Köçəklinin cənubunda isə Qarğalıq İnzibati Ərazi Dairəsinə daxil Eminli kəndi yerləşir.

Təxminən 10 il öncə Həsənlidən bu kəndə 3 kilometrlik bir yol çəkilmişdi. Yol asfaltdan yox, bitumdan olduğu üçün tez dağılmışdı.

Onu da bildirək ki, Köçəkli kəndində 2500-ə yaxın əhali yaşayır. Buradan görkəmli alim də yetişib, polkovnik də, ölkə şöhrətli iş adamı-xeyriyyəçi də.

İndi inşa olunan  yolu da elə köçəklili iş adamı Hacı Ramazan Mirzəyev inşa edir. İlkin mərhələdə yolun uzunluğu 5 kilometr nəzərdə tutulub. Hazırda yol 0,5 metr dərinliyində qazılır. Öncə özül hissəyə iri daşlar atılır. Onun üstünə doğranmış çınqıl, çınqılın üstünə isə yumşaq qum tökülür. Yol müasir   standartlara uyğun qurulur. İş adamının yol üçün yarım milyon manata yaxın vəsait ayırdığı bildirilir. Müqayisə üçün bildirək ki, bu il Astara və Cəlilabad rayonlarının hər biri üçün ayrılıqda  yol-abadlıq üçün ayrılan pul da elə bu qədərdir. Masallıda şəhər mərkəzinin küçələrinin asfaltlanmasına ayrılan vəsait isə bundan bir az çoxdur.

Köçəkli yolunun sentyabra  kimi hazır olacağı bildirilir.

Həm də bildirilir ki, yaxın günlərdə ölkə başçısı İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı olacaq.

İnşaat işlərini tanınmış yol mütəxəssisi Xudayar Rəhimov icra edir.

Onu da xatırladaq ki, Masallı rayonunda Xıl kəndində 10 km.ə yaxın yolun,  eləcə də Qarğılıq ərazisindəki Qədirli-Xallıcalı  və Sərçuvar-Sirəbil yolunun son 1,5 kilometrinin ciddi təmirə ehtiyacı var.

Zahir Əmənov, cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10