“Oğlumun şəhdilik pulunu kəndin şəhidləri üçün Xatirə bağı salmağa sərf etdim”
Daha bir şəhidimizin ata ocağındayıq.
Bir tərəfdə nisgilli, qəm-qüssə dolu baxışlar, bir tərəfdə, daha doğrusu divarlarda çöhrəsindən coşqunluq, həyat eşqi yanan şəhidimiz Məhəmməd Əliyevin nur dolu şəkilləri.
Masallının Böyük Xocavar kəndi. Şəhid Məhəmməd Əliyevin ocaq-muzeyə çevrilmiş ata evi. O Şuşanın qələbə xəbərini eşidəndən 2 saat sonra düşmən gülləsinə tuş gələn 3 bacının yeganə qardaşıdır.
Şəhid anasının, Gülər ananın video çıxışında bu ağrılar daha çox hiss edilir.
Qardaş toyu gözləyən, bu toyla bağlı min bir xəyallar quran şəhid bacıları qəhərdən çox çətinliklə danışa bildilər.
Bəli, Məhəmməd noyabrın 6-da qeyri-rəsmi olsa da Şuşanın alınma xəbərini eşitmişdi. Noyabrın 8-də isə ölkə başçısı İlham Əliyevin - prezidentin dilindən bu xəbər rəsmi qaydada səsləndirildi. Qələbə xəbərini eşidikdən sonra sevincləri yerə-göyə sığımırdı. Lakin bu sevinc Məhəmməd üçün çooox qısa oldu. Yaxındakı bulağa gedən zaman düşmən gülləsinə tuş gəldi.
Atası İlham kişi içindəki ağrıları boğsa da, özün çox məğrur aparırdı. QAN PULUNA DA ünvan tapmışdı. Böyük Xocavar kəndinin mərkəzində təkcə oğluna yox, bu kənddən Qarabağ savaşında şəhid olmuş 6 cavanın hamısının xatirəsini əbədiləşdirən Xatirə bağı salmağa qərar vermişdi. Bu bağda şəhidlərin mərmər portretləri də olacaq, meyvə bağı da, uşaqlar üçün əyləncə yerləri də.
Səfərimizin ən ağrılı məqamı. Məhəmmədin məzarı önündə onunla vidalaşmaq
Söz acizdir. Onun məzarı önündə qayıdanda Gülər ana elə sitəmli, elə nisgilli vəziyyətdə idi ki, heç Qarabağ qazisi olan operatorumuz Vadimin həmin anı lentə almaq üçün titrəyən kameranı əldə saxlamağa gücü qalmadı.
Bəli daha bir ocağı – şəhid ocağını tərk etdik. Qəlbimizdə qürur, xəyalımızda yenə də oğul, qardaş dərdi ilə baş-başa qalan bacılar, ata-ana.
Sizin qanla yazdığınızı qəhrəmanlığı biz qələmlə, sözlə yaza bilmədik.
Vətən sağ olsun.
Cenub.az. Zahir Əmənov.
Verilişi cənub xəbərtv kanalında, bu ilnkdə izləyə bilərsiniz: