“Cenub.az” saytı yazıçı-jurnalist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabından növbəti yazısını təqdim edir.
Masallı rayonunun böyük yaşayış məntəqələrindən olan Qızılağac təkcə orta əsrlər dövrünə aid məşhur abidələri ilə deyil, həm də orta əsr cəngavərliyini nəsildən-nəsilə ötürən qədim yurd yeridir. XX əsrdə kəndin yüzlərlə cəsur övladı İkinci Dünya müharibəsində alman faşistlərinə, Birinci və İkinci Qarabağ müharibələrində isə erməni faşistlərinə qarşı qərəmancasına döyüşüblər. Azərbaycanın ayrılmaz hissəsi Qarabağ uğrunda döyüşlərdə həlak olan 8 qızılağaclı şəhidin adını bu gün həmyerliləri uca tutur, məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad edirlər.
... 1966-cı ildən şəhər tipli qəsəbə statusu verilən Qəhrəmanlı da Beyləqan rayonunun böyük yaşayış məntəqələrindəndir. Qasəbə Bahar yaşayış məntəqəsində yaşayan Sərdar İmrəliyevin Sosialist Əməyi Qəhrəmanı adı alması şərəfinə Qəhrəmanlı adlandırılmışdır. Qəsəbənin qəbiristanlığında uyuyan Vətən mühribəsinin şəhidi Pərvin Vüqar oğlu Əliyev də əslən Qızılağacdandır. Ulu babası Əsgər, ulu nənəsi Nəsibə xanım kəndin tanınmış simalarından olublar. Əsgərin oğlu İxtiyarın ömür-gün yoldaşı Beylaqandan olub. Ailə bir müddət Qızılağacda yaşayıb, sonra Qəhrəmanlı qəsəbəsinə köçüb. İxtiyarın nəvəsi Pərvin ömrünün 23-cü baharında adını canından da çox sevdiyi Vətənin qəhrəmanlar sırasına yazdı və Qəhrəmanlı qəsəbəsinin 11, Qızılağac kəndinin isə 9 şəhidindən biri oldu...
Qısa tanıtım:Əliyev Pərvin Vüqar oğlu 1997-ci ilin oktyabrın 27-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində dünyaya göz açıb. 2003-2014-cü illərdə Tağı Məmmədov adına tam orta məktəbdə təhsil alıb.
2015-ci ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. 2017-ci ilin martında ordudan tərxis olunub.
2017-ci ilin noyabrında könüllü olaraq müddətdən artıq hərbi xidmətə yollanıb. “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib.
2020-ci il sentyabrın 27- də Ermənistan ordusunun növbəti silahlı təxribatına qarşı başlayan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ön cəbhədə qəhramancasına vuruşaraq şəhid olub.
Sentyabrın 28-də doğulub boya-başa çatdığı Qəhrəmanlı qəsəbə qəbiristanlığında izdihamla son mənzilə yola salınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliyev Pərvin Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətən sevgisi onun ayrıca silahı idi
Hələ uşaq yaşlarından sayılıb-seçilən Pərvin vətənpərvərliyi ilə həmyaşıdlarından fərqlənib. İdmanı çox sevib. Böyüyüb boya-başa çatdıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Ana Vətənin keşiyində sərvaxt və mətin dayanaraq istidə, soyuqda, qarda, yağışda, çovğunda öz xidməti borcunu layiqincə yerinə yetirib və ailəsinin yanına başıuca qayıdıb.
Sonra müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi kəşfiyyat bölüyündə fəaliyyətini davam etdirib.
Otuz ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək arzusu ilə yaşayan Pərvin Vətən müharibəsinin başlanmasına ən çox sevinənlərdən biri olub. Düşmən təxribatı nəticəsində başlanan Tovuz döyüşlərindən üzü bəri həmin günü intizarla gözləmişdi. Səhər saatlarında döyüş əmri verilən ilk andan silahına sarılan təcrübəli, peşəkar kəşfiyyatçı, həm də bölüyün rabitəçisi kimi hərbi hissənin əks -hücum əməliyyatında öz qəhrəmanlığı, şücaəti ilə seçilib, işğalçı erməni faşistlərinə qan uddurub... Qanlı döyüşlərdə Vətən sevgisi onun ayrıca, susmaq bilməyən odlu-alovlu silahı idi.
Pərvinin komandiri Elsevər Hümbətov deyir ki, o, hələ düşmənə vurulan ilk zərbədə qəhrəmanlığı ilə seçilirdi. “Pərvin bir kəşfiyyatçı kimi igidlik göstərdi, ağır atəş altında belə düşmən səddinin yarılması tapşırığını yerinə yetirərkən qəhrəmanlıqla şəhid oldu..."
Sentyabrın 28-də qəhrəman kəşfiyyatçımızın Azərbaycan bayrağına bükülmüş tabutu doğulub boya-başa çatdığı Qəhrəmanlı qəsəbəsinə gətirilib. Vətən uğrunda canını fəda edən Pərvinin nəşi qəsəbənin İkinci Qarabağ müharibəsində ilk şəhidlərindən biri kimi çox böyük coşqu ilə qarşılanıb, izdihamla son mənzilə yola salınıb. O gün ətrafına əklillər, üzərinə güllər düzülən şəhid məzarından ətrafa nur yayılılrdı...
Pərvindən yadigar qalan bayraq
Ata ocağında Pərvinin adına yaradılmış Xatirə guşəsində saxlanılan şəkilləri arasında onun Azərbaycan Bayrağını öpüb gözlərinin üstünə qoymuş vəziyyətdə çəkilmiş bir şəkli diqqəti çox cəlb edir, həm də adamı kövrəldir. Məhz həmin bayrağı anasına verəndə o, şəhid olacağını ilk dəfə dilə gətirmişdi. “Şəhidlik oğlumun həm ürəyinə dammışdı, həm də anlına yazılmışdı” deyən anası Zəmanə Abıyeva infarkt keçirsə də, Pərvindən söz düşəndə fəxarət hissi ilə danışır. Deyir ki, Pərvinin bir çox arzuları var idi, lakin söhbət Vətəndən düşəndə, o bütün istəklərini ikinci plana salardı: “Sonuncu dəfə evə gələndə ən çox xoşladığı yeməyi hazırlamağımı istədi və mən də bişirdim. Sonra məni qucaqlayaraq dedi ki, ana, mən Vətənim uğrunda şəhid olacağam. Amma mənimlə fəxr edin, hər zaman başınızı uca tutun. Belə də oldu, o, öz qəhrəmanlığı ilə tarix yazdı. Övlad itkisi ağır olsa da, onun şərəfli ölümü bizim başımızı uca etdi...”
O gün Pərvin tədbirlərin birində ona təqdim olunan üçrəngli bayrağı anasına verəndə deyib: “Bunu evimizin pəncərəsindən asarsan!..”
Şəhidin atası Vüqar Əliyev də övladı ilə qürur duyduğunu dilə gətirir: “Pərvin şəhid olduğu gün bizim heç nədən xəbərimiz yox idi. Həmin gün kəndimizdən başqa bir nəfərın şəhid olduğunun xəbərini almışdıq, biz də onun dəfninə getməyə hazırlaşırdıq. Elə bu ərəfədə zəng gəldi və Pərvinin şəhid olduğunu öyrəndim… Oğlumun döyüş yolu Talış-Suqovuşan istiqamətində olub. O, düşmənin qurduğu səddin yarılmasında iştirak edib, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.”
... Sosial şəbəkələrdə beyləqanlı şəhidlərin şəkillərinin bir-bir göstərildiyi bir videoçarxda ağıya bənzər mahnının sözlərini sanki Pərvinin ruhu pıçıldayır:
Ana, mən şəhid oldum, nolar ağlama,
Yarım, mən şəhid oldum qara bağlama,
Ata, mən şəhid oldum yasımı saxlama...
Təki Vətən sağ olsun!..
...Pərvinin döyüşçü yoldaşları, komandiri tez-tez qəhrəman kəşfiyyatçının məzarını ziyarət edirlər. Pərvin şəhid olandan beş ay sonra komandiri deyib ki, kəşfiyyatçı kimi sıramızda sənin yerin görünür.”Sənə həmişəki kimi ehiyacımız var, Pərvin!”
.
“Sən ölmədin ki...”
(Şəhid Pərvinə bacısından ad günü təbriki)
Pərvin şəhid olandan bir ay sonra 23 yaşı tamam olub. Bacısı Nazilə Əliyevanın qardaşına ünvanladığı ad günü təbrikini PİA.az müəyyən düzəlişlərlə sosial şəbəkə izləyicilərinə belə təqdim edib:
“Bu gün 23 yaşın oldu qardaşım. Səni təbrik edirəm. Qələbəni bizə dadızdırdığına görə də sənə təşəkkür edirəm. Sənin artıq olmadığına isə mən inanmıram. Bir ay əvvəl qara xəbərini alan da inanmamışdım, bu gündə inanmıram. Sən varsan və həmişə də olacaqsan. Bunu başqa cür təsəvvür etmək mümkün deyil. Çünki sənin varlığını mən hər yerdə hiss edirəm. Sən işğaldan azad olunan torpaqlarımızın üzərində əsən rüzgarsan. Murdar ermənilərin ayaq izlərini torpaqlarımızdan yuyan yağışsan. Sən o torpaqlara düşən toxum kimisən, sabah cücərib artacaqsan. Hər fəsildə cücərib böyüyəcək, bizə nəfəs verəcəksən. Bilirəm ki, sən ölməmisən. Bilirəm ki, zəfərimizin sevincini yaşayırsan. Bilirəm ki, vüqarla dalğalanan bayrağımızı qürurla öpürsən. Son döyüşə getməmişdən əvvəl öpdüyün kimi... Ad günün mübarək, qardaşım”.
Nazilə xanımın qardaşına ünvanladığı və oxucuya nikbin ovqat bəxş edən təbrikin sözləri yadıma “Şəhid ruhları bizi görür” ifadəsini və qələm dostum Arif Fərzəlinin bu şeirinin məhz həmin gerçəyi əks etdirdiyini saldı:
ŞƏHİDLƏR ÖLMƏZ Kİ…
Elə ölümə də əyməz özünü,
Cismini tapşırıb ana torpağa.
Şəhidlər təzədən açar gözünü,
Şəhidlər təzədən qalxar ayağa.
Yenə alov saçar od baxışları,
Təpəri yerində, gücü yerində.
Yenə səngər-səngər zəfərə sarı,
Vətəni aparar çiyinlərində.
Yağan yağışlara, əsən küləyə,
Axan ulduzlara bənzər şəhidlər.
Dönər ildırıma, dönər şimşəyə,
Düşməni doğrayar, kəsər şəhidlər.
Gecələr qızarar Dan yeri kimi,
Gündüzlər nur damar şəfəqlərindən.
Beləcə bir Vətən əsgəri kimi,
Boylanar tarixin üfüqlərindən.
22.06.2021.