Yeni bir “COVID-19” epidemiyasının qarşısını almaq məqsədilə Səudiyyə Ərəbistanı rəsmiləri 2021-ci ilin Həcc mövsümündə zəvvarları Zəm-zəm suyu ilə təmin edəcək robotlar hazırlayıblar.
Moderator.az-ın türkcə “Euronews”-a istinadla verdiyi xəbərə görə, hər biri üç rəf su şüşəsi ilə dolu olan yeni robotlar ilk dəfə 20 iyun -bazar günündə istifadəyə verilib.
"Bu robotların məqsədi insanla təmasda olmadan xidmət göstərməkdir"- deyə Məscidül-həramdakı müqəddəs Zəm-zəm çeşməsinin direktoru Bader Əl-Loğmani bildirib.
"Hazırda Həcc ziyarəti zamanı ziyarətçilərə və zəvvarlara kömək etmək üçün təxminən 20 robot mövcuddur"- deyən Loğmani ehtiyac duyulduğunda digər robotların da məkana yerləşdirilə biləcəyini qeyd edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanı şənbə günü koronavirusa qarşı peyvənd olunmuş 60 min sakinin iyul ayında Həcc ziyarətinə gedə biləcəyini elan etmişdi. Bu, ötən illə müqayisədə çoxdur, lakin normal vaxtlardan xeyli aşağıdır. 2019-cu ildə Həccdə dünyanın hər yerindən təxminən 2,5 milyon müsəlman iştirak edib.