Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sən mənim duamsan



Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq!
 
- Biz səninlə zamansız rastlaşdıq, Yusif.
- Zamansız deyil. Vaxtında rastlaşdıq. Sən zamansız deyirsən.
- Gecdi artıq. Qatar keçib. Nə qədər qaçsaq da, çata bilməyimiz mümkün deyil. Mən sizin evdə arzuolunmayan insan kimi yaşaya bilmərəm.
- Həyatda mümkün olmayacaq iş yoxdur - tək ölümdən başqa. Mən səni ölümünə sevdim.
 
Onlar söhbətlərini davam edirdilər. Ürəklərində olan nisgilə, həsrətə etdikləri söhbət dərman deyildi.
 
- Sənin şərəfin, amalın o qədər müqəddəsdir ki, Yusif!
- Sənin dürüstlüyünün heyranıyam! Əlini tut əlimdən. Söz verirəm, səni xoşbəxt edəcəm!
- Gecikmiş sevgi əlçatmaz qalmalıdır.
- Heç nə gec deyil!
 
Artıq şər qarşmışdı. Göz-gözü görmürdü. Parkda onlardan başqa kimsə qalmamışdı. Hamı evinə getmişdi. Onlar isə nə əl-ələ tuta bilirdilər, nə də ayrıla bilirdilər.
 
“Bu sevgi hardan gəldi başıma, bu, nə iş idi düşdüm”, - deyə-deyə Aydan ayağa durdu. Yusif isə gözlərini Aydanın gözündən ayırmırdı.
 
- Demək sən məni sevmədin, ay üzlüm.
- Mən sənə aşiq oldum. Vuruldum. Sən mənim Vətən Eşqim, yurd sevgimsən! Bundan gözəl sevgimi var?
- Əgər sevsəydin...
- Axı sən nə biləsən mən nələr çəkirəm. Bu eşq məni xəstə saldı. Sən yenə də inanmadın.
- Mən sənə özüm kimi inanıram. Ay üzlüm, sənə söz verirəm, biz xoşbəxt olacağıq.
- Bu, mümkün deyil. Sən də yaxşı bilirsən!
- Niyə mənə inanmırsan? Mənə inan. İnan ki, səni çox sevirəm.
- Sənə inanıram, Yusif. Ancaq ailənizdəki istək sən deyəni demir.
- Yaxşı, sabah ön xəttə yollanıram. Söz ver ki, yolumu gözləyəcən.
- Qartal baxışlım, mən səni tək bu dünyam üçün deyil, o dünyam üçün də sevdim. Əgər o dünyada mənə öz yarını seç deyə, bir seçim verilsəydi, yenə də səni seçərdim.
 
Yusif Aydanı evlərinə kimi ötürdü. Qapının önündə Aydan Yusifin boynuna sarıldı:
 
- Vətən qoxulum, qartal baxışlım, yolunu gözləyəcəm. Səni çoooox sevirəm. Mən səni sevdiyim qədər kimsəni sevə bilmədim. Yenə də səni düşünərək ayrı yaşamağımıza qərar verirəm. Elə bilirsən mənə asandır? Xeyr, çətindir! Çox çətindir. Mən sənin yolunda fədakarlıq edirəm, Yusif! Axı sənin...
- Heç nə söyləmə, ay üzlüm. Səni çooox  sevirəm!
 
Onlar sağollaşıb ayrıldılar. Yusif siqareti yandırıb maşına əyləşdi. Aydan isə liftə necə daxil olduğunu, evin qapısını necə açdığını belə, unutdu. Bir də o zaman ayıldı ki, hamam otağında əllərini yuyur, güzgüyə nəzər edəndə qızaran gözlərindən yağan həsrət yağışını müşahidə etdikcə daha da bərkdən ağlamağa başladı.
 
Yusif isə maşında siqareti siqaretin arxasınca yandırır. Hər siqaret bitəndə özünü bitmiş hesab edir. Həyata tutunmaq üçün yenidən siqaret yandırırdı. Maşını həyətdə saxladı. Yavaş-yavaş pilləkanları qalxmağa başladı. Anası gülə-gülə qapını açdı.
 
- Balama qurban olum, nə yaman gec gəldin?
- İşim var idi, ana.
- Görürsən bunları?
- Bunlar nədir ana?
 
Yusif qonaq otağında bəzədilmiş xonçalara baxanda sanki onu ildırım vurdu.
 
- Anan boyuna qurban, sabah dayıngilə gedəcəm. Nigarın ad günüdür. Həm təbrik üçün, həm də üzük taxacam. Əlimizdə böyüyüb. Tərbiyəli qızdır. Dayınla da danışmışıq. Nigar da razıdır.
- Ana, sabah elçi gedirsən, ancaq mənim razılığım olmadan.
- Sən ananın ağıllı balasısan. Sözümdən çıxmazsan.
- Ana, mən bu evliliyə razı deyiləm.
 
Yusif sözünü deyib yataq otağına keçdi. Ağzıüstə necə uzandısa, elə də yuxuya getdi. Gecə saat 3-də həyacan siqnalı verildi. Yusif cəld oyanıb hazırlaşdı. Ailə üzvləri ilə sağollaşıb yola düşdü. Hərbi heyət Cəbrayıl istiqamətinə göndərildi.
 
Aydan yuxudan oyandı. İnternetə baxdı. Dostlarından biri “Qarabağda döyüş başlayıb” yazısı adı altında xəbər paylaşmışdı. Xəbəri oxuyub qurtardıqdan sonra diksindi. “Yusif!Yusif! Yusif!”, - deyə öz-özünə qışqırmağa başladı. Telefonu götürüb Yusifə zəng etdi. Yusifə zəng çatmırdı. Aydan ağlayırdı. Necə də olsa, Yusifdən xəbər tumağa çalışırdı. Onun ən yaxın dostlarına zəng etdi. Nə Aqşinə, nə də Rüstəmə zəng çatdı. Aydan təkrar qayıtdı ki, internetdən xəbərləri oxusun. Artıq internet də kəsilmişdi. Evdə dəli olacaqdı sanki.
 
Həyətə düşdü. Qonşulardan yeni bir xəbər öyrənməyə çalışdı. İnsanlar müharibə başlayıb deyə, sevinirdilər. Hamı bir nəfər kimi: “Müharibəyə aparsalar, mən də gedərəm” deyirdi. Aydan həyətdə olan insanlardan da Yusifin yerini öyrənə bilməyəcəyini anladı və evə döndü. Televizoru açdı. Xəbərlər başlamışdı. Jurnalist xanım sevinclə, göz yaşları içində Füzuli və Cəbrayılın kəndlərinin işğaldan azad olunması xəbərini deyirdi: Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli  rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olunub. Aydan sevinirdi. İnanırdı ki, qazanılan qələbədə Yusifin də payı var.
 
Xəbərlər bitər-bitməz Yusifdən mesaj gəldi: “Salam, ay üzlüm. Narahat olma, düşməni məhv edirik. Qələbə bizimdir”.
 
Aydanın üzü güldü. Əllərini Göyə açıb dualar etməyə başladı. Rəfiqələri ilə əlaqə saxladı.
 
- İnternet kəsildiyi üçün narahatam. Cəbhədən gələn xəbərlərdən məlumat almaq çətin olur.
- Aydan, yəqin xəbərlərdə deyiləndə eşitdin. Vəziyyətlə əlaqədər Azərbaycanda internetə məhdudiyyət qoyulub. Ancaq xarici şəbəkələr üzərindən internetə qoşulmaq mümkündür.
 
Aydan Gülçindən intenetə qoşulmağı öyrəndi. Hər an, hər dəqiqə internetə daxil olur, xəbərləri öyrənməyə çalışırdı.
 
44 gün Aydanın ömrünə 44 il kimi yazıldı. Canından çox sevdiyi Yusif üçün hər an dua edirdi. Hər Şəhid xəbəri eşidəndə Aydanın dizləri əsir, taqətdən düşürdü. Ali Baş Komandan İlham Əliyevin çıxışlarını diqqətlə izləyir. Rayonlar işğaldan azad olunduqca Aydanın sevinci aşıb-daşırdı.
 
8 noyabr 2020-ci il. Prezident İlham Əliyevin çıxışını Aydan səbrsizliklə gözləyirdi. Yusifdən 20 gündən artıq idi ki, heç bir xəbər yox idi. Aydan həyacanla televizorun qarşısında gözləyirdi. Ali Baş Komandan çıxışa başladı: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm! İyirmi səkkiz il yarım işğalda olan Şuşa azad edildi. Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq”.
 
Aydan sevincdən hönkürtü ilə ağlamağa başladı. Öz-özünə Yusiflə danışmağa başladı: Yusif, 44 gündür sənin adına yazdığım sətirlər hərdən yaş olub gözlərimdən axır, hərdən də ox olub ürəyimə batır. Yolunu gözləyirəm. Hardasan?
 
Göz yaşları içində telefonu əlinə götürdü. Yusifə mesaj göndərdi: “Qartal baxışlım, hamıdan xəbər çıxdı. Səndən xəbər çıxmadı”.
 
Şərəfli döyüş yolu keçmiş Yusif Şuşada idi. Azad olunan evlərin birində döyüş dostları ilə bərabər oturmuşdular. 30 illik həsrətdən sonra Şuşadakı evlərə Azərbaycan oğullarının qədəm qoyması tarixi hadisə idi. Telefonun enejisi bitdiyindən Aydanın mesajı Yusifə çatmamışdı. Dostlarından “powerbank” aldı. Telefon enerji yığdı. Yusif telefonu açdı. Aydanın mesajı gəldi. Dərhal cavab yazdı: “Məndən nigaran qalma, Aydanım. Çox Şükür. Şuşamız!” Aydan mesajı oxuyan an gözlərinə işıq gəldi. Dərindən nəfəs aldı. Sanki dünyaya yenidən gəldi. Allaha dualar etməyə başladı.
 
Müharibə bitdikdən bir ay sonra Yusif gəldi. Şuşanın qarlı, əzəmətli dağlarından Aydana bir ovuc Vətən torpağı gətirmişdi. Aydan Yusifi möhkəm-möhkəm qucaqladı: “Daha sənin əlini buraxa bilmərəm, Yusif!”
 
Elə bu vaxt anası Yusifə zəng etdi.
 
- Hardasan ay oğul, qohum-əqraba yığışıb səni gözləyir.
- Gəlirəm, ana.
- Gəl, anan qurban. Sənə elçi gedəcəm.
- Ana, bu dəqiqə o söhbətin yeri deyil.
- Bilirəm oğlum, niyə elə deyirsən? Əsəbləşmə. Niyyət etmişdim döyüşdən sağ-salamat qayıt, sevdiyin qızı alacam sənə. Şükür Allaha sağ-salamat qayıtmısan. Gəl, elə bu saat Aydangilə elçi gedəcəm.
- Gəlirəm, ana!
 
“Sən mənim aşiq olduğum insansan. Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq”, - deyən Yusif Aydanı bərk-bərk qucaqladı!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10