Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar


Bu gün Xalq artisti, böyük sənətkar Mövsün Sənaninin doğum günüdür. Bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edirik.

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Onun 5 yaşı olanda valideynləri dünyasını dəyişib. O, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin səkkiz yaşı olanda nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür.

Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anası olub. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın kasıb olur. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir, Şeytanbazarda gürcü dostunun atasının "Vano dayı" adlı tramvay parkında fəhlə işinə düzəlir.
***
İlk dəfə on dörd yaşında səhnəyə çıxıb. 15 yaşında Tiflisdəki Azərbaycan truppası ilə birgə iki dəfə İstanbula qastrola gedib.
Mövsün Sənani Çəmbərəkənddə yaşayıb. Aktyorun evinə yaxın olan dayanacağa xalq arasında “Mövsün Sənani ostanovkası” deyirmişlər.
***
Gözəl səsi olub. Xalq mahnılarını, muğamları oxumağı çox sevərmiş. Hətta rejissorların etirazlarına baxmayaraq səhnədə muğamlar ifa edirmiş.
1937-ci ilin ən pis vaxtlarında teatrda iclas keçirilir, Mövsün Sənani, Mirzəağa Əliyev və o Şəmsi Bədəlbəylini xalq düşməni kimi işdən azad edirlər. Ondan sonra hər gün güllələnmək və Sibirə sürgün olunacağı qorxusu ilə evində qalmayan aktyor hər gün növbə ilə qohumlarının evində yaşamalı olur. Lakin, bir neçə aydan sonra yenidən iclas çağırılır və hər üç nəfər təmiz adam kimi işə yenidən qəbul olunurlar. Mövsün Sənani həmin günlərin xofunu bütün həyatı boyu yaşadığını və unutmadığını deyirmiş.
“Dağlarda döyüş” filminə Mövsün Sənani ilə yanaşı gəlini diktor Ofeliya Sənani də çəkilib. Film Nalçikdə çəkilən zaman gəlini ilə yanaşı otaqda qalan aktyor Ofeliyanı onunla tərəf müqabili olan Şahmar Ələkbərova qısqanırmış. Ofeliya Sənaniyə tapşırırmış ki, onun icazəsi olmadan, o, çəkiliş meydançasına dəvət etmədən otağından bayıra çıxmasın. Çəkiliş meydançasında isə Şahmar Ələkbərovla Ofeliya Sənaninin hissələri çəkiləndə onların əl-ələ tutmasını görüb əsəbiləşib və Şahmar Ələkbərova deyib ki, olmaz ki, sən onun əlindən tutmayasan, qaça-qaça gələsiniz.
Qızı müsahibələrinin birində deyir ki, “Qadınlar atamı çox sevirdilər, atam da qadınları. Ona tez-tez qızlar zəng vururmuşlar. Bir dəfə qızlar dəstəyi anama veriblər. Anam da atam üçün mahnı oxumağa başlayıb. O zamanlar anam filarmoniyanın solisti işləyirdi. Ondan sonra bu zənglər çoxalmağa başlayır. Amma atam anamın kim olduğunu bilmir. Bir dəfə atam konsertə gedəndə, anam səhnəyə çıxıb oxumağa başlayır. Onda Atam anamı səsindən tanıyır. Konsert bitəndən sonra atam anamı gözləyib, onunla tanış olur.
Sonralar onlar tez-tez görüşməyə başlayırlar. O, əvvəlcədən görüşəcəyi küçəyə gedər, orda dayanan cayıllara pul verib deyərmiş ki, yarım saatlıq bu küçəni boşaldın, istəklimlə görüşəcəm.
***
Mövsün Sənanidən sonra onun rollarını Yaşar Nuri ifa edirmiş. Deyilənə görə onun Yaşar Nuriyə qarşı bu səbəbdən müəyyən qısqanclığı da olub. Hətta bir dəfə "Göz həkimi" tamaşasından sonra Yaşar Nurini yanına çağıran Sənani ona deyib. “Sən bu rolu yaxşı ifa etdin, amma mənim kimi yox”.
Qüdrət xanımın anası aktyorun elçilərini iki dəfə geri qaytarır, deyir ki, aktyordan ailə saxlayan olmaz. Sonradan aktyor Sidqi Ruhullanı, Mustafa Mərdanovu Qüdrət xanımgilə elçi yollayır. Yalnız bundan sonra “hə” alınır.
Bir dəfə Bakıda işləyən və Sənaninin ən möhkəm pərəstişkarı hesab olunan bir prokuror tamaşadan sonra aktyorun otağına manqal və kababla qonaq gəlir.
***
Aktyor son dəfə “Darıxma, ana” tamaşası zamanı səhnə tərtibatında əşyaların yeri səhv qoyulur. Aktyor isə bilmədən, həm də gözləri zəif gördüyündən həmin əşyalardan birinə toxunaraq büdrəyir. Tamaşa bitəndən sonra evinə gedən Mövsün Sənani ailə üzvlərinə belə deyir: Mən artıq səhnə həyatımın nöqtəsini qoydum. Daha heç vaxt istəmərəm ki, tamaşaçı məni səhnədə büdrəyən görsün.
"Şeyx Sənan", "Göz həkimi", "Darıxma ana" tamaşalarında maraqlı rollar yaradıb. Teatrla yanaşı aktyor "Bəxtiyar", "Sehrli xalat", "O olmasın, bu olsun", "Dağlarda döyüş", "Bir məhəllədə iki nəfər", "Bizim küçə", "Fətəli xan" kimi filmlərdə rol alıb.
***
Dahi sənətkar 11 fevral 1981-ci ildə Bakıda vəfat edib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10