Əgər ətrafınızdakı pisliklərdən, giley-güzarlardan, nə bilim saxtakarlıqlardan, riyakarlıqlardan qaçıb, daha saf, daha coşqun aləmə düşmək istəyirsinizsə, bura gəlin, Masallı şəhərinin mərkəzində gecə futbolunun məkanına.
Ünvan: şəhər mərkəzindən Seybətinə az qalmış, Kontak Home ticarət mərkəzindən və DSMF-nin rayon şöbəsinin binasından sola dönməyiniz kifayətdir ki, bu futbol məkanını görəsiniz.
Xətai küçəsində yerləşən bu məkanda qapalı və açıq formada 2 mini futbol meydançası var. Hər gün saat 12-dən sonra bu məkanda futbol şahlıq edir. Axşamlar isə daha möhtəşəm olur. Nəinki Masallının qəsəbə və kəndlərindən, qonşu Lənkəran, Cəlilabad, eləcə də Biləsuvar rayonlarından futbol vurğunları gəlir.
Hər görüşün müddəti 1 saatdır. Hər komanda 6 nəfərdən ibarətdir. Təbii ki xidmət pulludur. Gündüz 12-dən 17-dək yarıqiymət, 17-dən 24-dək tam qiymətdir.
Pandemiya ilə bağlı azarkeş sayına məhdudiyyət qoyulsa da, buradakı futbol coşqusu ürək açandır.
Biz bu məkanda olanda Masallı və Lənkəran futbolçuları qarşılaşırdı. Masallılılar qalib olsa da lənkəranlılar da özlərini məğlub kimi aparmırdı – 1 saat ərzində əsil futbol coşqusu yaşamışdılar.
Burada idmançılar üçün şərait də ürək açan idi. Belə ki, bir neçə hamamda, hər birində 6 duş olmaq, futbolçular oyundan sonra yuyunur, təmiz havadakı çayxanada və içəridəki kafedə arzuladığı xidmətlərdən faydalana bilirlər.
Hər həftənin 1-3-5 günləri isə rayondakı “Azad” futbol klubu burada məktəblilərə pullu futbol dərsi keçir.Buranının ən maraqlı cəhətlərindən biri də futbolçuların və tamaşaçıların hər hansı qeyri-etik ifadələrinə qadağa qoyulmasıdır.
Bu futbol məkanına Ziya Əliyev rəhbərlik edir. Müsahibə almaq istədiyimiz futbolçuların əksəriyyəti “biz dillə yox, ayaqlarımızla danışmağı xoşlayırıq” deyə söhbətdən qaçsalar da, futbol məkanın rəhbəri Ziya Əliyev bildirdi ki, bütün gördükləriniz son deyil. Maddi imkanlarımız yaxşılaşdıqca burada üzgüçülük hovuzu, yaxud voleybol meydançası da qurmaq fikrindəyik. Çox sevincliyik ki, hər gün bölgənin 100-dən artıq idmançısını bir məkana gətirib onlara hədsiz futbol sevinci yaşadırıq.
Arzu edək ki, belə məkanlar rayonumuzda daha çox olsun.
Verilişin linki burada: