Onun 5 aylıq yeganə övladı xərçəngdən sağalacaqmı?
Bu gün, iyun ayının 16-da, səhər saatlarından bir kədərli xəbər Masallını dolaşmaqdadır - daha bir qazimiz dünyasını dəyişib.
Söhbət 3 bacının yeganə qardaşı, 1 uşaq atası Şahhüseynov Zeynal Fizuli oğlundan gedir. 2-ci Qarabağ savaşının ilk günlərindən müharibəyə yollanmış, dəfələrlə yaralansa da döyüş yoluna davam etdirmişdi.
Bu il, yanvar ayının ilk günlərindən ordudan tərxis olunub, rayona qayıtmışdı. Döyüş dostlarının dediyinə görə, ayaqlarında, bədəninin bir çox hissələrində qəlpə yaraları var idi. Beyin damarları partlamışdı. Yaraları və işsizlik əziyyət versə də, dünyaya gələn 5 aylıq qızı ilə təsəlli tapırdı. Çox təəssüf ki, o yeganə balası da dünyaya çox ağır xəstəliklə gəlmişdi.
Onun haqqında ziddiyətli fikirlər dolaşır. Cəbhə yoldaşları bildirir ki, maddi durumu çox ağır idi, iş tapa bilmirdi. Çoxlu yaraları var idi, yüksək səviyyədə mualicə almaq imkanı yox idi.
Masallı İHB-nin şöbə müdiri Qəşəm Hadiyev isə bildirir ki, rəhmətlik Zeynalın müalicə və maddi durumunu yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etdik. Dəfələrlə qəbulumda olub. Onun yaraları, fiziki imkanları sadəcə imkan vermirdi ki, o işləsin. Ona pensiya verilməsi üçün də müvafiq sənədlər hazırlanırdı. Müalicəsi ilə bağlı ən nüfuzlu xəstəxanalara yerləşdirmişik. Xəstə, 5 aylıq qızının da müalicəsi üçün mümkün nədirsə, ediləcək. Neynəmək olar, qisməti belə imiş. Allah rəhmət eləsin.
Qaldı ki, Zeynal Şahhüseynovun şəhidlik məsələsinə. Qəşəm Hadiyev bildirdi ki, buna müvafiq komissiya rəy verəcək. Əgər onun ölümünə səbəb olan yaralar cəbhədə aldığı yaralarla eyni olarsa, yəni, onun ölümü həmin yaralara görə baş veribsə, yəqin ki, ona şəhidlik statusu veriləcək.
Hazırda qazimizin cənazəsi Bakıdakı Təzə Pir Məscidindən rayona gətirilmək üçün hazırlanır. Onun dəfn mərasimi təxminən 7 radələrinə planlaşdırılır. Dəfn mərasi İsgəndərli məktəbinin yaxınlığındakı qəbiristanlıqda olacaq.
Allah rəhmət eləsin!
Cenub.az. Zahir ƏMƏNOV