Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ləman Ələşrəfqızında mühacir tv-lərin üslubuna müraciət etmək istəyi nədən doğub? - ƏTRAFLI


Ləman Ələşrəfqızında mühacir tv-lərin üslubuna müraciət etmək istəyi nədən doğub? – ƏTRAFLI

Fadil PAŞAYEV

     Bir müddət idi ki, AzTV-nin operatoru Sirac Abışov və AzərTAC-ın müxbiri Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşməsi xəbərinin sarsıntısını yaşayırdım. Azərbaycanımızın, xalqımızın itkisi mənə çox ağır təsir etmişdi. Çünki hər iki həmkarım həqiqətlərimizin dünyaya yayılmasında aylardır işğaldan azad edilmiş torpaqlarımızda böyük fədakarlıq edir, kəndbəkənd gəzərək erməni vandalizmini yaddaşlara köçürür, arxivləşdirirdi. Hər ikisinin də arzusu var idi: sağ-salamat qayıdıb ailələrinə qovuşmaq və normal iş şəraitində davam etmək. Amma deyir, sən saydığını say, gör fələk nə sayır…
Bu faciə mənim üçün daha ağır idi. Çünki Sirac Abışov dost-doğma dayım oğlu, Məhərrəm isə tanıdığım, çox böyük ehtiram bəslədiyim həmkarım idi. Ona görə də sözün düzünü desəm, əlim işdən soyumuşdu. Ölkədə və dünyada
gedən son bir həftəlik proseslərdən xəbərsiz idim. Çünki nə xəbər izləyirdim, nə də sosial şəbəkələrdə aktiv idim.
         Amma nə etmək olar?! Həyat davam edir. Deməli, işləmək, bir jurnalist kimi yenidən gərgin iş rejimində çalışmaq lazım gəlir. Beləliklə, xəbərlərin, dedi-qoduların, qeybətlərin, müzakirələrin cövlan etdiyi sosial şəbəkələrə daxil olmalı, cəmiyyətimizdə gündəmi izləməliyəm. Və yenə də təəssüf hissi məni tərk eləmir. Bəlkə də bu peşədə çalışmasaydım, məni son dərəcə üzəcək sosial şəbəkələrdən imtina edərdim. Amma nə yazıq ki, bunu etmək hələ ki, mənə müyəssər olmur.
Uzun sözün qısası. Şəxsən tanımasam da, yaradıcılığına, qələminə böyük hörmət bəslədiyim Ləman Ələşrəfqızının LAF TV internet kanalında qonağını görəndə sözün əsl mənasında şaşırdım. Söhbət Qurban Məmmədovdan gedir. Yəqin ki, belə bir sual meydana çıxar ki, axı burada nə qeyri-adi iş var ki?! Az müddət keçməsinə baxmayaraq, xeyli tamaşaçı auditoriyası toplamış bir internet kanalının aparıcısı və jurnalisti həmkarını efirə dəvət edir, cəmiyyətin gündəmini onunla müzakirə edir. İlk baxışdan, bu, belədir. Amma burada bir neçə məqam var ki, məni xeyli üzdü və hesab edirəm ki, bunları oxucularımla bölüşsəm, hansı hisslər keçirdiyimi anlayacaqlar.
Əvvəla, qeyd edim ki, Qurban Məmmədova və onun səmimiyyətinə heç vaxt inanmamışam. 1996-cı ildən jurnalistikadayam və demək olar ki, kimin hansı “yuvanın quşu” olduğunu yaxşı bilirəm. Qurban Məmmədov da istisna deyil.
Doğrudur, Qurban Məmmədov xalq hərəkatından çıxıb. Lakin müstəqil Azərbaycanın dövlət quruculuğunda həmişə dağıdıcı mövqe sərgiləyib. Siyasi kluarlarda onun tərifi də var: doğma qardaşı ilə belə küsülü olan bu şəxs həyatda hələ də öz yerini tapa bilməyib.
“Qurban Məmmədov o kəslərdəndir ki, Azərbaycan polisini daim söyüşlərlə təhqir edərək, asayiş keşikçilərinin nüfuzuna xələl gətirməyə cəhd eləyib. Son dövrlərə qədər Q.Məmmədovun hər addımbaşı polislərlə olan haqsız mübahisələri barədə mətbuatdan demək olar ki, hər gün eşidib oxuyurduq. Yol hərəkəti qaydasını pozan Q.Məmmədova protokol tərtib olunurdusa, dərhal bunu siyasiləşdirib, özünə qarşı “repressiya” kimi dəyərləndirirdi. Məsələn, əvvəllər günün istənilən vaxtında ADP-nin yerləşdiyi köhnə Çapayev küçəsindən keçsəydik, yol kənarından Q.Məmmədovun ya sürücülərlə dava-dalaşının, ya da polislərə göstərdiyi yersiz müqavimətin şahidi olurduq”. Bu cümlələr hələ 5 il bundan əvvəl Qurban Məmmədov haqqında yazılmışdı.
Yeri gəlmişkən, onu da xüsusi olaraq deyim ki, Qurban Məmmədov haqqında tam neqativ münasibətim onun Əli Həsənovla yaxınlığından dolayı formalaşıb.
Bu gün artıq heç kimə sirr deyil ki, Qurban Məmmədov məhz  Əli Həsənovun ciddi dəstəyi ilə böyük var-dövlət əldə edə bilib. Onu maliyyələşdirən və söyüş kampaniyasının arxasında duran da elə dövlətçiliyimizə ağır zərbə vuranlardan biri olan Əli Həsənov olub. Bəli, məhz buna görədir ki, bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini oradan sərt tənqid və şantaj edən Qurban Məmmədov ölkə qanunlarını, dəyərlərini tapdalayan məmurlardan geri qalmır, əksinə, dövlətçiliyimizə böyük ziyan vurur.
Oxucu elə hesab etməsin ki, bütün arqumentlərimi Qurban Məmmədov üzərində qurmaqla, yazını ona olan münasibətimə həsr etmək kimi bir niyyətim var. ƏSLA!
Sadəcə məndə qıcıq yaradan odur ki, Londonda oturub əsassız, təhlükəli mövzularda müxtəlif dairələrin maraqlarına xidmət edən açıqlamalar verən Qurban Məmmədov bütün bunlara baxmayaraq birdən-birə Ləman xanımın diqqətini çəkir.
Axı necə ola bilər ki, dumanlı, çiskinli Londondan çığır-bağır salan, “bəs ay aman, qoymayın, Azərbaycan əldən gedir”, – deyən bir şəxsə LAF TV niyə öz efirində vaxt ayırır? Postmüharibə dövründə işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin geniş vüsət aldığı bir məqamda LAF TV bu hoqqası ilə nə demək istəyir? Xahiş edirəm, mənə azad söz, azad mətbuat haqqında arqumentlər gətirməyin. Hər bir insanın, o cümlədən jurnalistin daxilində bir senzura olmalıdır. Tənqid, eləcə də sərt tənqid, yanaşma, müsahibə və reportajlar, sosial şəbəkələrdəki statuslar heç bir halda dövlətçilik xəttini keçməməlidir. Bu xətti müəyyən etmək isə Ləman Ələşrəfqızı kimi peşəkar jurnalist üçün elə də çətin olmamalıdır. Gündəmdə olan mövzuları araşdırmaq, müzakirə etmək, aktuallığını saxlamaq üçün cəmiyyətdə sayılıb-seçilən, böyük hörməti olan, birmənalı olaraq qəbul edilən ziyalılarla, siyasətçilərlə, politoloqlarla işləmək olmazmı?
Axı Ləman xanım bilmirmi ki, azad sözü, plüralizmi, fikir sərbəstliyini hörmətdən salmaq özü təhlükəli tendensiyadan xəbər verir? Çünki Azərbaycanda elə də böyük nüfuza malik olmayan, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün ağzına gələni danışan, xalqı cinayətkar adlandırmaqdan belə çəkinməyən Qurban Məmmədov kimilərlə istənilən ciddi mövzunu müzakirə etmək peşə əxlaqına sığmır.
Təbii ki, LAF TV-nin və onun təsisçilərinin də öz arqumenti var. Bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Amma Ləman xanımın nəzərinə çatdırmağı özümə borc bilirəm ki, Qurban Məmmədovla onun bu müsahibəsi cəmiyyətdə bir sıra suallar yaratdı və bəzilərinin cavabları da artıq bəllidir.
1. Ləman Ələşrəfqızının məqsədi nədir? Doğrudanmı o, layk, bəyənmə, abunə hayında olduğu üçün qalmaqallı çıxışları ilə boş hay-küy yaradan Qurban Məmmədovdan “kömək umur”? Verilişdə Qurban Məmmədovun tamaşaçıları cidd-cəhdlə LAF TV-ni dəfələrlə “layk” etməyə çağırması bu barədə əsaslı rəylər yaradır.
2. Ləman Ələşrəfqızı bilirmi ki, Qurban Məmmədov və digər mühacir tv kanalları haradan maliyyələşir və bu maliyyənin müqabilində bu kanallar hansı “xidmətlər” göstərirlər? Məncə, bu suallarla hansısa şəkildə rastlaşıb və nədənsə bu barədə düşünmək istəmir. Ya bəlkə elə həmin mənbələrdən maliyyələşmək istəyir?
3. Ölkədə mövcud problemlərin təqdimatında, müzakirəsində mühacir tv-lərin üslubuna müraciət etmək istəyi Ləman Ələşrəfqızında nədən doğub? Bu axın, meyl, aqressiv baxış bucağı xanım jurnalistə hansı dividendlər gətirə bilər və hansı öhdəçilikdən xəbər verir?
4. Vaxtilə onu baş prokuror təyin etməyən Əbülfəz Elçibəyə nifrət edən, Müsavat Partiyasının başqanı olmuş İsa Qəmbərin atasını agent adlandıran, müxalifət düşərgəsinin bütün qanadları arasında şər-böhtançı statusu qazanan, hakimiyyətə qarşı isə şantaj yolunu seçən bu canlı haqqında Ləman xanım bilməmiş deyilmi?
Sualları uzatmaq olar. Amma yetər. Yaxşısı budur, Ləman xanım əvvəllər yanğı ilə hazırladığı süjetlərlə, reportajlarla qazandığı tamaşaçı rəğbətini, sevgisini Qurbanlara qurban verməsin! Yoxsa güclü ictimai qınaq qarşısında onun nəcib varlığı çox güclü sarsıntı keçirə bilər.
Deyirlər, həyatda ən asan şey kiməsə məsləhət verməkdir. Haradasa razılaşardım. Amma tam şəkildə razılaşmıram. Əgər şəxsən mən həmkarım Ləman Ələşrəfqızına ehtiyatlı olmağı məsləhət bilirəmsə, deməli, bunun məsuliyyətini anlayıram. Bu isə ona işarədir ki, mən asan yol tutmuram. Məhz elə on görə də üzümü həmkarıma tutub məsləhət verməyi borc bilirəm: Diqqətli olun, Ləman xanım!
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10