Rusiyanın Rostov şəhəri ətrafındakı Aksay rayonunda yerləşən, azərbaycanlı biznesmen Kərim Babayevə məxsus iri ticarət mərkəzlərində işləyən sahibkarlar prezident Vladimir Putinə videomüraciət ünvanlayaraq bazarların qəfildən niyə bağlandığını soruşublar. Virtualaz.or Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ticarətçilər on ildən çoxdur işləyən, müasir ticarət mərkəzinin günün birində qanunsuz obyekt kimi bağlanmasının səbəbini anlamadıqlarını deyirlər və işsiz qaldıqlarını, böyük maddi zərərə düşdüklərini Putinin nəzərinə çatdırırlar.
Xatırladaq ki, Kərim Babayev Rostov vilayətinin ən iri oliqarx-biznesmeni hesab olunurdu. Aksay rayonunda, 15 hektarlıq ərazidə ona məxsus “Almaz”, “Atlant”, “Klasssik” və “Ovoşnoy” adlı dörd iri ticarət mərkəzi fəaliyyət göstərirdi. Bu il aprel ayının ortalarında Federal Təhlükəsizlik Xidməti Aksay rayonunun başçısı Vitali Borzenkonu, Kərim Babayevin oğlunu və onun bazarlarının icraçı direktorunu həbs edib. İttihama əsasən 27 ildir Aksay rayonuna başçılıq etmiş Borzenko Babayev və digərləri ilə cinayət əlaqəsinə girərək dövlətə məxsus torpaq sahəsini qanunsuz yollarla satıb, habelə vergilərdən yayınma və digər bu kimi əməllərə yol verib. Lakin Kərim Babayevin özünü tutmaq mümkün olmayıb, həbs əməliyyatından az əvvəl o, Rostovu tərk edib və bəzi məlumatlara görə Azərbaycandakı “çox nüfuzlu qohumlarının” yanına qaçıb.
Babayevin bazarları isə həmin həbslərin ardınca bağlanıb. Daha sonra bazara güc strukturlarının minlərlə əməkdaşı yeridilib və kütləvi yoxlama aparılıb, ticarət mərkəzlərində işləyənlərə bildirilib ki, obyektlər bağlanır və onlar özlərinə yeni iş yerləri axtarsınlar. Babayevin bazarlarında çoxlu sayda azərbaycanlılar da ticarətlə məşğul olurdu. 2000-ci illərin əvvəllərindən işləyən bazarların (onlardan ən yenisi “Atlant”dır və təxminən 10 il əvvəl açılıb) qəfildən qanunsuz elan edilərək bağlanması məsələnin əslində “sərvətlərin yenidən bölüşdürülməsi” motivi daşıdığı barədə rəylərə səbəb olub.
“Novaya qazeta” bildirir ki, bazarların bağlanması nəticəsində 2 minə yaxın sahibkar və daha 15 minə yaxın muzdlu işçi işsiz qalıb. Onlar regional hakimiyyətdən bazarların işini bərpa etməyi xahiş ediblər, çünki icarə haqlarını vaxtlı-vaxtında ödəyirdilər. Amma sahibkarların müraciəti nəticəsiz qalıb.
“Bu, regionda ən iri ticarət mərkəzləri idi, məsələn, bütün kənd təsərrüfatı məhsulları “Ovoşnoy”dan paylanırdı, orada Krasnodardan, Tacikistandan, Özbəkistan və Azərbaycandan, eləcə də Türkiyədən kənd təsərrüfatı malları gəlirdi, TIR-lar Rostovdan, Voronejdən, Krasnodardan, hətta Moskvadan ora daxil olurdu. Onlar təzə meyvə-tərəvəz boşaldıb gedirdilər. Və orada iri inşaat materialları bazarı, avtomobil ehtiyat hissələri bazarı vardı. Hakimiyyət indi sahibkarlara deyir ki, başqa bazarlara gedin. Bu isə axmaqlıqdır, çünki başqa bazarlarda onlara 8 kvadratmetr yer təklif edirlər, belə yerdə nə etmək olar?”,-qəzetin Rusiyanın cənubu üzrə şərhçisi Yelena Romanova deyir.
Hələlik təkcə “Ovoşnoy”da işləyənlərə Rostovda alternativ ticarət meydançaları veriblər, qalan bazarların işçiləri isə işsiz qalır. Zərərçəkənlər Rusiya biznes-ombudsmeni Boris Titova da müraciət ediblər, heç olmasa oktyabr ayına qədər işləmək imkanı verilməsini xahiş ediblər. Amma Titov da onlara bazarları tərk etmək lazım olduğunu deyib.