Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hamam xalatı, pomidor-yumurta, çılpaq qadın videosu: Zaurun "Günaydın" rəzaləti


Bir qayda olaraq, səhər proqramlarının konsepsiyasının əsasında erkəndən insanları xoş ovqata kökləmək dayanır. Təbii ki, bunun içində müxtəlif məzmunlu informasiyalar da səslənir, bilgilər də verilir, problemlər də qaldırılır. Lakin önəmli məsələ yaradıcı heyətin problemə yanaşma tapmasıdır. Elə bir yanaşma ki, bu, səhər verilişə baxan insanın gününə pessimist əhvalda başlamasına səbəb olmasın. Onsuz da həyatımız yetərincə stresslidir və neyləmək olar ki, aqressiv emosiyalarla daha çox yüklənirik.

Rastıma bu günlərdə təsadüfən ATV kanalında yayımlanan “Zaurla Günaydın” səhər proqramı çıxdı. Veriliş istirahət günləri (şənbə və bazar) efirdə yer alır. Proqram, başa düşdüyüm qədərilə, aparıcı Zaur Baxşəliyevin evindən yayımlanır. O, verilişi həyat yoldaşı Günayla birgə aparır və üstəlik, balaca qızları da bütün buraxılışlarda iştirak edir. Artıq formatdan bəlli olur ki, bu, ailəvi şoudu və təyinata uyğun olaraq qonaqlar verilişə ailə üzvləri ilə təşrif buyururlar.

Qonaqlar isə təbii ki, əlahəzrət müğənnilərdir. Başqa cür ola bilməzdi. Lakin maraqlısı telekanalın rəsmi saytında layihənin məzmunu haqda yazılanlardır:

“Layihə səhər şousu olmaqla yanaşı həm də maarifləndirici funksiya daşıyır. Layihənin maarifləndirici tərəfi çox tanınmış və kütlənin zövqünə təsir edən simalar vasitəsilə təqdim edilir ki, insanlar pərəstiş etdikləri məşhurlardan faydalı məlumatlar ala bilsinlər”.
Uzun illərdir, yürüdülən efir siyasətinin sayəsində biz müğənnilər haqda bütün məlumatları mənimsəmişik: onların uşaqlığı, ailəsi, sənətə necə gəlməsi, qarderobu, şkaflarındakı ən gizli skeletləri, konfliktləri, kimə necə münasibət bəsləməsi və əlbəttə ki, intellektual səviyyələri, həyat təcrübələri barədə. Sual isə budur: intellekti, dünyagörüşü məhdud şou əhlinin maarifləndirci funksiyasının mahiyyətində nə dayanır?

Proqramın bir neçə buraxılışını izləsəm də, məzmunsuz, səthi söhbətlərdən başqa nəsə eşitmədim. Misalçün, buraxılışlardan birinə müğənni Ramal İsrafilov ailəsi ilə birlikdə dəvət olunmuşdu. Bir saat boyu proqram layihədə qeyd olunduğunun əksinə olaraq, faydalılığı olmayan, əhəmiyyətli bilgi daşımayan məişət söhbətləri ilə dolub daşdı. Üstəlik, telekanalın “kütlənin zövqünə təsir edən simalar” kimi nəzərdə tutduğu bəzi adamların reputasiyası ümumiyyətlə, şübhəlidir. Məsələn, bir neçə il əvvəl Bakıdan kənardakı bağ evindən çılpaq qadınların videolarının yayılmasında adı hallanan Valeh İsrafilov. Bu ifadələrlə sözü gedən şəxsi hədəf göstərmək niyyətində deyiləm. Eyş-işrət məclisləri, orgiyalar qarşılıqlı razılaşma əsasındadırsa bu, normaldır. Normal olmayan razılıq olmadan kiminsə videosunun yayılmasında adı hallanan bir adamın efirdə, özü də ailəvi adlanan şouda nümunəvi ailə modelinin üzvü kimi sırınmasıdır.

Təbii ki, dünya incəsənətində də hansısa istedadlı adamların şəxsi qüsurları, səhvləri gündəm olub. Məsələn, Roman Polanski. Zorakılıqda adı hallanıb, buna görə cəzalandırılıb, dünya mətbuatı onu linçləyib. Lakin Polanskinin mühüm bir üstünlüyü də var ki, usta rejissordur, peşəkardır, dərin adamdır. Şəxsən mənim sayğı duyduğum rejissordur. Valeh İsrafilovun isə heç xüsusi istedadı (efirimiz belə müğənnilərlə boldur) da yoxdur ki, tolerant yanaşasan.

“Zaurla Günayadın” verilişinin ilk 10 dəqiqəsi adətən, ər-arvadın uzun-uzadı, təkrarlanan yorucu dialoqlarından ibarət olur. Pomidor-yumurta bişirib-bişirməmək, hansısa məkana gedib-getməmək barədə mənasız müzakirələrlə guya nəsə konfliktli situasiya yaratmağa cəhd göstəririlər. Bəzən maraqlı mövzular qoyulur. Məsələn, sosial şəbəkələrin yoxsa televiziyanın üstünlüyü barədə mövzusu kimi. Lakin aparıcıların onu müzakirə etmək, barəsində danışmaq üçün bilgisi, informasiya bazaları yetərli olmur. Tutaq ki, həmin buraxılışa müğənni dəvət etmək yerinə, sosial media fenomeni, mütəxəssisi, televiziya eksperti çağırmaq olardı.

Bir neçə il əvvəl isə Zaur Baxşəliyevin efirə hamam xalatında çıxması sosial mediada çox müzakirə olunmuşdu. Onda MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında demişdi ki, verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur. T. Dadaşov o zaman haqlı olardı ki, aparıcının efirə hamam libasında çıxmasının əsaslandırılmış motivi olsun. Yoxsa karta qaz qurtarması səbəbindən, duşunu yarımçıq qoyub hamam xalatında efirdə görünməyin adı sadəcə mədəniyyətsizlik və savadsızlıqdır.

Belə başa düşürəm ki, MTRŞ əməkdaşları şou barədə bəsit təsəvvürlərə malikdirlər. Elə bilirlər ki, şou hırıldamaq, oxumaq, məzmunsuz yüngül hərəkətlər anlamına gəlir. Əslində isə şou çətin sahədir, öz məxsusi estetikası, fəlsəfəsi var.

Ümumiyyətlə, Azərbaycan teleməkanında səhər proqramları həmişə problemli olub. Səhər proqramının peşəkar, səliqəli modelini ilk dəfə Az.TV təqdim edib. O da Qulu Məhərrəmli “Səhər” teleproqramının rəhbəri olanda. Hazırda kanallarda təqdim olunan səhər proqramlarının çoxu mahiyyət və struktur etibarilə yeknəsəq, bir-birinin təkrarıdır. Yaradıcı yanaşma isə ümumiyyətlə yoxdur.

Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10