Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Tələbələrə xüsusi güzəştlər olacaq” – DEPUTAT


“Tələbələrə xüsusi güzəştlər olacaq” –       DEPUTAT
Ceyhun Məmmədov: “Burada əsas məqsəd daha çox pul qazanmaq deyil, tələbələrə maddi-mənəvi dəstək göstərməkdir”
 
Uzun müddətdir müzakirə olunan, hələ də həllini tapmayan təhsil kreditləri ilə bağlı məsələ yenidən aktuallıq qazanıb. Amma bu dəfə fərqli formada.
 
Belə ki, təhsil kreditləri ilə bağlı məqamlar “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında öz əksini tapıb. Layihəyə əsasən, kreditin qaytarılma müddəti vəsaitin istifadə müddətinin iki dəfəsindən az və 20 ildən çox ola bilməz. Təhsil alan ali təhsil müəssisəsində təhsil müddəti bitdikdən sonra əmək fəaliyyətinə başlayıbsa, qanunvericiliklə müəyyən edilmiş müddətdən etibarən və ya iki ildən gec olmayaraq kredit borcunu ödəməyə başlamalıdır.
                                        
              

        Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun AYNA-ya dediyinə görə, “Ali təhsil haqqında” yeni qanun layihəsində müsbət məqamlar əksini tapıb: “Qanun layihəsində təhsil kreditinin bütün tələbələr üçün əlçatanlığı məsələsi öz əksini tapıb. Bu, imkan verəcək ki, gələcəkdə tələbələr rahat şəkildə təhsil kreditindən istifadə edə bilsinlər. Burada ən vacib məsələ hüquqi bazanın yaradılmasıdır ki, o da yaradılacaq”.
 
“İnsanlar banklardan necə kredit götürürlərsə, tələbələr də eyni qaydada banklardan həmin  kreditləri rahatlıqla götürə biləcəklər. Məsələn, tələbə təhsil haqqı, kirayə haqqı, dərsliklərin alınması və s. məsələlərlə bağlı müvafiq olaraq banklara müraciət edib, oradan kredit götürəcəklər.  Bank da qoyulan şərtlərə nəzərən, yəni tələbənin həqiqətən ehtiyacının olub-olmadığını müəyyənləşdirərək, tələbələrə həmin kreditləri verəcək. Elə qaydalar tətbiq olunacaq ki, hamının bundan yaralanmaq imkanı olsun. Tələbə təhsilini başa vurduqdan sonra növbəti mərhələdə artıq həmin kreditləri ödəməyə başlayacaq”, - deyə deputat bildirib.
 
Bildiyimiz kimi, banklarda faiz dərəcələri yüksəkdir. Banklar tələbələrə eyni  faiz dərəcələri ilə kredit verəcək, yoxsa daha aşağı faiz dərəcələri təklif olunacaq?
 
Məmmədov qeyd edib ki, faiz dərəcələri tələbələr üçün fərqli olacaq: “Tələbələrə güzəştlər ediləcək. Burada hansısa yüksək faizli kreditlərdən söhbət gedə bilməz. Ümumi məsələlər nəzərə alınmalıdır. Çünki bu, biznes krediti və yaxud da başqa bir sahələrlə bağlı deyil, bu, təhsil və tədrislə bağlı olan bir məsələdir. Ona görə də burda əsas məqsəd daha çox pul qazanmaq yox, maddi-mənəvi dəstək göstərməkdir”.
                  
Təhsil eksperti Qoşqar Məhərrəmov da AYNA-ya şərhində təhsil kreditlərinin faiz dərəcələrinin aşağı salınmasının vacibliyinə toxunub: “Təhsil kreditlərinin faiz dərəcləri 3-4 faizi keçməməlidir. Və təhsil kreditlərinin ikinci dəfə ali təhsil alan və magistratura, doktorantura oxuyan tələbələrə də aid edilməsini məqsədəuyğun hesab edirəm. Təhsil kreditləri ali təhsil alan bütün tələbələrə şamil edilib. Amma insanlar təhsil kreditinə müraciət etmir. Çünki  faizlərin yuxarı olması və həmin kreditlərin verilməməsi məsələləri var”.
 
“Təhsil kreditləri hamıya şamil olunur - kim istəsə, müraciət edə bilər. Amma burada kiçik bir məhdudiyyət var. Təhsil kreditlərinin faizi yüksək olduğu üçün bir çox vətəndaş bu təhsil kreditinə mürciət etməyəcək. Şərtlərdə o da əlavə olunub ki, tələbə universitetdən qovulduğu zaman həmin kreditlər geriyə tələb olunacaq. Yəni təhsili başa vurmasını gözləməyəcəklər. Dərhal krediti qaytarmalarını tələb edəcəklər. Bir sözlə, bütün kreditlərdə olduğu kimi, təhsil kreditlərindəki yüksək faizlər diqqət çəkir”, - deyə həmsöhbətimiz vurğulayıb.
 
Heç kimə sirr deyil ki, hazırda ölkəmizdə ödənişli təhsilin payı daha çoxdur. Başqa sözlə, hər üç tələbədən ikisi ödənişli təhsil alır. Ödənişlər isə yüksək olduğundan yüzlərlə məzun maddi imkansızlıq ucbatından tələbə adını qazana bilmir. Təhsil haqqını ödəməkdə çətinlik çəkən, aztəminatlı ailələrdən olan tələbələrə güzəştli şərtlərlə uzunmüddətli kreditlərin verilməsi məqsədilə, 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə Maarifçi Tələbə Fondu təsis edilmişdi. Lakin həmin təşkilat aktiv fəaliyyət göstərmir. Belə çıxır ki, heç bir işə yaramayan bəzi kredit fondlarından ümid gözləməkdənsə, dövlətin ayırdığı vəsait daha çox köməyə gələ bilər.
                           Teleaparıcı yeni vəzifəyə təyin olunub
        Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova AYNA-ya açıqlamasında deyib ki, univeristetə təhsil kreditləri ilə bağlı hələlik müraciət edən tələbə yoxdur: “Tələbələrimiz sözügedən məsələ ilə bağlı daha çox e-telebe.edu.az portalına müraciət edirlər. Təhsil haqqının ödənilməməsinə görə isə universitetdən heç bir tələbə qovulmayıb”.
 
Ümumiyyətlə, pandemiya təhsil sektoruna mənfi təsir edib. Məsafədən təhsilə keçid və dərs ənənəvi qaydadan kənara çıxıb. Belə vəziyyətdə tələbələr üçün müəyyən güzəştlərin tətbiqi təbii ki, vacibdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10