Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“SOCAR inhisarçıdır və qiyməti o təyin edir”


Azərbaycanda benzinin qiyməti yenidən artıb. Aİ-95 “Premium” markalı benzinin qiyməti 15 qəpik bahalaşaraq 1.40 AZN olub. Eyni zamanda, Aİ-98 “Super” benzini də 15 qəpik bahalaşaraq 1,55 manata yüksəlib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qiymət artımı ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada qiymət artımına səbəb kimi dünya bazarında neftin qiymət artımı göstərilib: “Aİ-95 və Aİ-98 markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır. Dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənər”.

Bahalaşma qərarı geniş ictimai müzakirələrə səbəb olub. Vətəndaşlar təbii olaraq qiymət artımından narazıdır. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Press Klub”a şərhində bildirdi ki, Tarif Şurası tərəfindən yalnız Aİ-92 markalı benzin və dizel yanacağının qiyməti müəyyənləşdirilir, çünki bu yanacaq növləri yerli istehsaldır:“Amma Aİ-95 və Aİ-98 markalı benzinlər idxal olunur, bu səbəblə Tarif Şurası tərəfindən onların qiymətlərinin müəyyənləşdirilməsi mümkün deyil. Aİ-95 markalı benzinin qiymətinə ən çox təsir göstərən faktor neftin dünya bazarındakı qiymətidir. Neftin qiyməti artanda, eyni zamanda digər xərclər, o cümlədən yanacaq, daşınma xərcləri artan zaman Aİ-95 markalı benzinin qiymətinə təsir göstərir. Və ya əksinə, Aİ-95, Aİ-98 markalı benzinin qiyməti neftin qiyməti aşağı düşən 

 zaman ucuzlaşa bilir”.
   V. Bayramovun qənaətinə görə, bu baxımdan dünya  bazarındakı dəyişikliklərə uyğun olaraq Aİ-95 və Aİ-98 markalı benzinin qiymətləri müəyyənləşir:
“Təbii ki, gələcəkdə “Avro 5” standartına uyğun benzinin istehsalının Azərbaycanda həyata keçirilməsi məqsədəuyğun olar”.
İqtisadçı ekspert Natiq Cəfərli isə “Press Klub”a açıqlamasında bir neçə il öncə “Premium” və “Super” markalı benzinlərin dövlət tənzimlənməsindən çıxarıldığını xatırlatdı:


     “Onların qiyməti daha Tarif Şurası tərəfindən tənzimlənmir. Elan edilmişdi ki, qiymət bazar iqtisadiyyatı qaydalarına görə formalaşacaq. Amma təəssüf ki, bazar iqtisadiyyatı qaydaları bu bazarda formalaşmadı. Çünki SOCAR təkbaşına bazarın inhisarçısıdır. Ölkəyə benzin gətirən şirkətlər ancaq SOCAR-ın özünə bağlı törəmə şirkətlərdir. Ona görə də, bazarda qiymət tənzimlənməsini SOCAR həyata keçirir. Qiyməti SOCAR təyin edir. Əgər bazarda rəqabətli mühit olsaydı, qiymətlərin fərqli olduğunu görə bilərdik. Amma təəssüf ki, biz bunu görmürük və nəticə etibarilə bu bazarda SOCAR-ın dominantlığı davam etdiyinə görə qiymətləri ancaq SOCAR müəyyənləşdirir”.
Ekspert hazırda dünya bazarında neftin qiymətinin 70 dollar olduğunu söylədi:
“Artım ilin əvvəlindən var. Amma bu, iyul ayının 15-dən sonrakı qiymətdir. Yəni SOCAR-ın açıqlaması və yetmiş dollara istinad etməsi doğru deyil. Bu gün bazarda olan benzinin xammalı kimi alınan neft mart-aprel ayında alınmış neftdir ki, o vaxt qiymət 60 dollar ətrafında idi. Bir sözlə, qiymətləndirmə tamamilə fərqli olmalı idi”.


                       






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10