Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranla sərhəddə qadınlara qadağa: "siqaret gətirə bilməzsiniz"


Image captionHüquq müdafiəçiləri belə bir qadağanı cinsi ayrı-seçkilik hesab edirlər

Azərbaycanın İranla sərhəddə yerləşən gömrük məntəqələrində qadınlara İrandan siqaret gətirmək qadağan olunub, cənub bölgəsinin sakinləri deyir.


İranla sərhəddə qadınlara qadağa: "siqaret gətirə bilməzsiniz"

Onların iddiasına əsasən, artıq bir neçə aydır, bu qadağa tətbiq olunur.

Əsasən alver məqsədilə İrana keçən sakinlər BBC Azərbaycancaya artıq qonşu ölkəyə gedib-gəlməyin sərf etmədiyini bildirib.

Hətta Cəlilabadda bir sakin qadınların İrandan siqaret gətirməsinin Nazirlər Kabinetinin qərarı ilə qadağan edildiyinə inanır.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bu iddialara cavab almaq hələlik mümkün olmasa da, Qaynar Xətt deyilənləri qismən təsdiqləyib.

Hüquqşünaslar isə belə bir qadağanın tətbiq olunmasını cinsi ayrı-seçkilik hesab edir.

Qadağalar

Cənub bölgəsində yaşayan sakinlərin əsas qazanc mənbələrindən biri qonşu İrana getməkdir. Onlar orada ya evlərinə bazarlıq edirlər, ya da bağlamalar aparmaqla pul qazanırlar.

Image captionQadınların limon və tərəvəz məhsulları satmasına heç bir qadağa yoxdur. Cəlilabad, sentyabr 2017. İran sərhədini keçən Azərbaycan vətəndaşlarının çoxu qonşu ölkəyə müxtəlif bağlamalar aparırlar. Ötən il BBC Azərbaycanca Astarada olanda sakinlər bu bağlamaların İrandakı alverçilərin sifarişilə hazırlandığını demişdilər.

Bunlar əsasən geyim əşyaları və digər məhsullar olur. Bağlamaları sərhəddən keçirən sakinlərə İranda 15-30 manat arasında pul ödənilir.

Bundan başqa İrandan 3 blok siqaret gətirilir və Azərbaycanda satılır.

"Əvvəllər günə 1000 nəfərə kimi insan İran sərhədini keçib gedirdi. İndi bu rəqəm ikiqat azalıb", bunu ailəsi ilə birgə İrana gedib bazarlıq edən Lənkəran sakini deyir.

Onun sözlərinə görə, artıq İrana getmək sərf etmir. Bunun səbəbi isə sərhəd keçid məntəqəsində tətbiq edilən qadağalardır.

Sakinlər deyirlər ki, artıq Azərbaycandan İrana bağlama aparmağa icazə verilmir. Sərhədi ayda 1 və ya 2 dəfə keçmək olur. Bu zaman isə yalnız kişilər 3 blok siqaret və 30 kiloqram yük gətirə bilər.

Image captionÇörək maşını, Lənkəran, sentyabr, 2017.

"...artıq sərf etmir"

"Buradan gedəndə yük aparırdılar. İldə bir dəfə. Bir sumka verirlər, içində geyim ayaqabı olur. Sərhədi keçirirsən pul verirlər", adının çəkilməsini istəməyən sakin izah edir.

"Bu il ləğv edildi, yük verilmir. Gediş-gəliş azalıb. Oradan qayıdanda siqaret zad alırdılar. Bir altı ay olar qadınlara icazə vermirlər siqaret gətirməyə", deyən sakin bu səbəbdən İrana gedən azərbaycanlı qadınların sayının azaldığını bildirir.

"Əvvəl ailəvi gedirdik, mən oğlum, yoldaşım, qızım. Hərə 3 blok siqaret keçirsə, hər blokdan 15 manat pul qalırdı. Amma indi qoymurlar. Camaat da hesablayır, görür ki sərf etmir", o deyir.

Lənkəran sakini bildirir ki, bu qadağalar nəticəsində alver etməkdən vaz keçənlər də az deyil.

Sakinlər deyir ki, qadağaya əhəmiyyət verməyən və siqaret bloklarını gətirdikləri yükün içində gizlədənlər də az deyil.

Cəlilabad və Biləsuvarda da bu iddiaları təsdiqləyirlər və qadağanı xoş qarşılamırlar.

Bazarda siqaret satan bir kişi "Nazirlər Kabinetinin qərarı var, kişilər 3 blok siqaret, 30 kilo yük gətirə bilər. Qadınlara olmaz", deyir.

Qadağa yoxdur, amma...

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. Əvəzində Komitədə müxbirimizin vətəndaş kimi yönləndirildiyi Qaynar Xəttdən bildirilib ki, qadınlara siqaret gətirməklə bağlı "xüsusi bir qadağa yoxdur".

Lakin "gömrük orqanı sərhədindən keçirilən malların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyini yəqinləşdirməkdə səlahiyyətlidir".

Bu o deməkdir ki, orqan əməkdaşı siqaret çəkdiyinə inanmadığı adamın bu məhsulu keçirməsinə imkan yaratmaya bilər.

Bu, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə 305 nömrəli qərarına əsasən həyata keçirilir.

Qaynar Xəttdən müxbirimizə bildiriblər ki, bu tədbirlər qanunsuz ticarətlə mübarizə üsulu kimi tətbiq edilir.

Qurum əməkdaşı deyib ki, siqareti sərhədi keçirib satmaq qanunla qadağa deyil, lakin ticarət fəaliyyətilə məşğul olan və vergi rüsumundan yayınmaq istəyən şəxslər ayrı-ayrı şəxslərdən xahiş edirlər ki, onlar sərhəddən siqaret keçirsin. Sonra isə bu məhsulları toplayıb satışı ilə məşğul olurlar.

O, əlavə edir ki, bu məsələ ilə bağlı ən çox şikayət İran vətəndaşlarından daxil olub.

"Onlar özləri etiraf edirdilər ki, siqareti gətirirlər və burada satışı ilə məşğul olanlara satırlar", qurum əməkdaşı bildirib.

Image captionLənkəranda küçə bazarı. Sentyabr, 2017-ci il.

Cinsi ayrı-seçkilik?

Hüquqşünas Samirə Ağayeva qadınlara sərhəddən siqaret keçirməyin qadağan olunması iddialarını qanun pozuntusu hesab edir.

"Bizim qanunvericiliyə əsasən kişi və qadın bərabərdir. Qadınlara cinsinə görə qadağa qoyulursa, bu ayrı-seçkilik deməkdir", o deyir.

Hüquqşünas belə bir qərarın, həm milli qanunvericiliyə, həm beynəlxalq qanunvericiliyə zidd olduğunu vurğulayır.

"Bu İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 14-cü maddəsinin pozuntusu hesab oluna bilər", o bildirir.

İllərdir İrana gedib-gələn Lənkəran sakini isə deyir ki, qadınlar siqaret gətirməyə qoyulan qadağanı eşidəndə etiraz ediblər.

Lakin onlara "qadın onsuz da siqaret çəkmir" deyə cavab verilib.

Dövlət Gömrük Komitəsindən ayrı-seçkilik iddiaları barədə şərh almaq mümkün olmayıb.

Günel SəfərovaBBC Azərbaycancan





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10