Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yüzdən çox qətldə əli olan “Başkəsən” azadlıqda



   İtaliyada 25 illik həbsxana həyatından sonra Siciliya mafiyası “Koza Nostra”nın  bossu, “Başkəsən” ləqəbli  Covanni Bruska azadlığa çıxıb. BBC rus xidməti xəbər verir ki, “Başkəsən”in 100-dən çox qətldə əli var.

Bruskanın törətdiyi cinayətlər siyahısına o cümlədən mafiya ilə mübarizə aparan hakim Covanni Falkone və onun xanımı, habelə üç cangüdəni, eləcə də mafiozlardan birinin 11 yaşlı oğlunun xüsusi amansızlıqla qətli daxildir.

Covanni Bruska 1996-cı ildə həbs olunub və çoxsaylı cinayətlərdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib. İndi isə onu dörd illik sınaq müddəti olmaqla şərti azadlığa buraxıblar və nəticədə İtaliya ictimaiyyətində, siyasətçilərində qəzəb, hiddət yaranıb.

    90-cı illərdə, məhkəmənin və istintaqın gedişində Bruska daha az cəza almaq üçün mafiyanın işləri barədə açıq danışıb, o cümlədən yüzdən çox qətldə əlinin olduğunu etiraf edib. Hazırda 64 yaşı olan Bruska “Koza Nostra”da mühüm fiqur olub.
1992-ci ildə o, şəxsən Palermo yaxınlığında yola yarım ton partlayıcı yerləşdirərək partladıb və hakim Covanni Falkoneni, arvadını və cangüdənlərini öldürüb. Bundan iki ay sonra “Başkəsən”in adamları Falkonenin həmkarı Paolo Borsellinonu öldürüblər. Mafiya ilə mübarizə aparan hakimlərin öldürülməsi İtaliyanı silkələyib və mafiya ilə mübarizədə yeni sərt qanunların qəbul edilməsinə gətirib çıxarıb.


                       

      Bruskanın daha bir qorxunc cinayəti onun “ümumi işə” xəyanət edən mafiozlardan birinin 11 yaşlı oğlu Cuzeppe Di Matteonu öldürməsi olub. Oğlana işgəncə veriblər, boğublar, bundan sonra meyitini sulfat turşusunda əridiblər.
1996-cı ildə həbs olunandan sonra Bruska dövlət ittihamçısının şahidi statusunu alıb və müstəntiqlərə bir neçə mafiozun həbsində yardım edib, yəni onları “satıb”.
Onun azadlığa çıxması mafiyanın qurbanlarının yaxınlarını hiddətləndirib. “Dövlət bizə qarşıdır. 29 il keçib və biz hələ də həqiqəti bilmirik.  Mənim ailəmi məhv edən Covanni Bruska isə azadlıqdadır”,-hakim Falkonenin cangüdənlərindən birinin dul arvadı Tona Montinaro yerli qəzetlərdən birinə deyib.
Covanni Falkonenin bacısı Mariya isə jurnalistlərə bildirib ki, Bruskanın azadlığa çıxması onu kədərləndirir, amma qanun belədir və onun azadlığa çıxmaq haqqı olub. Qatı sağçı və solçu partiyalar da Bruskanın azadlığa buraxılmasını tənqid ediblər.

                          






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10