Astara rayonunun Ovalə kəndində güclü sel fəsadlar yaradıb.
Kənd sakinləri APA-nın cənub bürosuna bildiriblər ki, bir neçə gün öncə gələn güclü sel kənddə dəmir konstruksiya ilə tikilmiş körpünü yuyub aparıb. Nəticədə digər yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bu körpüdən təkcə Ovalə deyil, qonşu Ağ körpü kəndinin sakinləri də istifadə edib.
Bu barədə aidiyyatı qurumlara məlumat verilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev APA-nın cənub bürosuna bildirib ki, artıq selin körpünü uçurduğu əraziyə baxış keçirilib, akt tərtib olunaraq, "Azəravtoyol" ASC və digər rəsmi qurumlara göndərilib.
"Rayonda körpünü bərpa etmək üçün lazımi texnika olmadığından işlər gecikir. Yəqin ki, qısa müddətdə körpünün tikintisinə başlanılacaq", - deyə o qeyd edib