Qarşıdan gələn idman tədbirləri kirayə mənzil bazarını canlandıracaqmı?
Koronavirus pandemiyası daşınmaz əmlak bazarını əhəmiyyətli dərəcədə zədələdi. Xüsusilə son bir ildə ev kirayə götürmək istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə azaldığından mənzil sahibləri indi çətin anları yaşayırlar. Və hətta, qiymət enməsi heç nəyi dəyişmədi.
Eyni zamanda, evlərini kirayə vermək istəyənlərin sayı artıb. Bunu pulsuz elanlar saytlarına baxaraq görmək olar. Bəzi mütəxəssislər, yaxınlaşan beynəlxalq idman tədbirləri, xüsusən də iyunun əvvəlində keçiriləcək Formula 1 yarışları səbəbiylə şəhərin mərkəzi hissəsindəki mənzil kirayə bazarında canlanmanın olacağını düşünürlər. Formula 1 keçiriləcək ərazi boyunca və ya yaxınlığında yerləşən kirayə evlərin qiyməti orta hesabla gündəlik 100 manatdan başlayır.
Vəziyyəti şərh edən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov yaxın gələcəkdə mənzil kirayəsi bazarında aktivlik gözləmir və paytaxtdakı Formula 1-ə görə çox şeyin dəyişməyəcəyini düşünür: “Bu il vəziyyət əvvəlki illərdəki vəziyyətlə eyni deyil. Koronavirus pandemiyası əhəmiyyətli düzəlişlər etdi və indi insanlar tamamilə fərqli bir şeyə kökləndilər. İnsanlar daha çox gəlir və daha çox sabitliyə sahib olduqda, Formula 1 kimi hadisələrlə daha çox maraqlanırdılar. Bu gün çoxalan problemlər fonunda beynəlxalq təbirlərə maraq bir növ arxa plana keçib”.
“Mənzil bazarında qiymətlərə mənzil icarəyə götürmək istəyən insanların axını təsir edir. Bu axını kim yaradır? Əsasən tələbələr və biznes seqmenti. Aprel ayının nəticələrinə görə, kirayə mənzil bazarında 4,6% azalma var və ilin nəticələrinə görə isə azalma 11,17% təşkil edir”, - deyə ekspert bildirib.
Daşınmaz əmlak və tikinti üzrə mütəxəssis Elnur Azadov da açıqlamasında ciddi müsbət gözləntilərnin olmadığını deyib: “İcarə bazarındakı mövcud vəziyyəti nəzərə almaq lazımdır. Keçən ilin bu dövründə Novruz bayramından sonra tələbələr şəhərdən getməyə başladılar və o zamandan bəri bu bazar ciddi şəkildə zərbə aldı. Bölgələrdən Bakıda mənzil kirayəyə götürən bir çox insan pandemiya səbəbi ilə paytaxtı tərk edərək evlərinə qayıdıb. Beləliklə, kirayə mənzil bazarı yarıbayarı azaldı və qiymətlər orta hesabla 20-25% düşdü”.
“Bu tendensiya bu ilin fevral ayına qədər davam etdi. Fevral ayında universitetlərdə əyani dərslərin yenidən başladığı barədə məlumatlar var idi. Sonra bir neçə həftəlik qısa bir müddətdə tələbə axını böyük olduğu üçün qiymətdə böyük bir sıçrayış oldu və təkliflər məhdudlaşdı. Ancaq universitetlərdəki təhsil sonunda distant formatda davam etdi və kirayə mənzil bazarı əvvəlki vəziyyətinə qayıtdı. Bundan sonra qiymətlərdə və təkliflərdə ciddi bir dəyişiklik olmadı”, - deyə həmsöhbətimiz vurğulayıb.
İndi ciddi dəyişikliklər gözləməyə dəyməz, sadəcə bazarda təkliflərin həcmi bir az da artacaq. Bütün kirayə mənzillərin təxminən 18%-i yarısı tələbə olan fiziki şəxslər tərəfindən icarəyə götürülür. Digər bir hissəsi bölgələrdən paytaxta işləməyə gəlmiş və rayonlarda daimi yaşayış yeri olanlardır. İcarə haqqını ödəməmək üçün yayı bölgələrdə, öz evlərində keçirəcəklər.
Qarşıdan gələn Formula 1 yarışları ilə əlaqədar mənzillərin kirayəsinə gəldikdə, Azadovun sözlərinə görə, qiymətlərdə xüsusi dəyişiklik yoxdur: “Ancaq bu hadisə ilə əlaqədar olaraq yarışlara baxa biləcəyiniz küçələrə çıxan kirayə mənzillər axtaran həm xarici vətəndaşlar, həm də yerli sakinlər arasında kiçik bir kateqoriya var. Yarış həvəskarları üçün cəlbedici olacağından, bu cür mənzillərə tələb qısa müddətə artacaq. Ancaq bu, çox məhdud bir sahədir. Və ümumiyyətlə, bu amil kirayə mənzil bazarına heç bir şəkildə təsir göstərməyəcək”.
ayna.az