Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qərbdən dünyaya uzanan əllər və ya ölkələri idarə edən Harvard məzunları



Bizdə da onların sayı az deyil: aralarında Prezident köməkçisi də var, xidmət rəisi ...
 
Dünyanın ən güclü universitetləri sırasında Harvard Universiteti üçüncü yerdə gəlsə də, siyasi idarəetmə sahəsində bu qədim ali təhsil ocağı ilk pillədə qərarlaşıb. Təsadüfi deyil ki, dünyanın bir çox dövlətlərinin dövlət və hökumət başçıları məhz bu universitetin məzunlarıdır.
 
Əsası 1636-cı ildə qoyulan Harvard Universitetinun kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Universitetin əsas kapitalı 35 milyard dollar civarındadır. İngilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə adlandırılan bu qədim təhsil müəssisəsinin kitabxanası dünyanın ən böyük özəl kitabxanası hesab olunur. Hazırda 2300 müəllimi olan Harvard pedaqoqları arasında 43 Nobel mükafatçısı var. Burada bir il təhsil almaq orta hesabla 42 min dollara başa gəlir. Tələbələrin üçdə iki hissəsi təqaüd alır - bu, xarici tələbələrə də aiddir.
 
ABŞ-ın 8 Prezidenti - Con Adams, Con Kinsi Adams, Teodor və Franklin Delano Ruzvelt, Ruterford Heys, Con Fitsjerald Kennedi, kiçik Corc Buş və Barak Obama bu universitetin məzunlarıdır. Dünyanın ən zəngin adamlarından olan -  “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts də Harvardın diplomunu universiteti 2 il oxuyub yarımçıq qoyduqdan düz 32 il sonra - 2007-ci ildə alıb.
 
Bu universitet Sarmaşıq Liqasına - Amerikanın elit universitetləri qrupuna daxildir. Bu qrupun üzvləri arasında Yel, Kolumbiya, Pensilvaniya, Prinston və digər nüfuzlu universitetlər yer alır.
 
Araşdırma zamanı məlum olub ki:

Meksika Prezidenti Andres Manuel Lopes Obrador 1979-cu ildə Harvard Universitetini hüquq elmləri bölməsi üzrə bitirib. 2018-ci ildən bu ölkəyə rəhbərlik edən Obrador 1953-cü il təvəllüdlüdür və onun gəlişindən sonra Meksikada dərin siyasi islahatlar həyata keçirilir. Onu Latın Amerikasının əsas solçu liderlərindən adlandırırlar. Bütün şüurlu fəaliyyətini solçuluğun təbliğinə həsr edən Obrador seçkilərdə qələbəsini də solçu şüarları ilə təmin edib.

Qvatemala Prezidenti Cimmi Morales Harvard Universitetinin ixtisasartırma bölümünü bitirib. Morales eyni zamanda ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində yerləşən San-Karlos Universitetində də təhsil alıb. 1969-cu il təvəllüdlü Prezident 5 ilə yaxındır okeanın o tayında olan dövlətə rəhbərlik edir. Prezident seçilənə qədər komediya aktyoru kimi ölkəsində populyarlıq qazanıb.

Sinqapur dövlətinin rəhbəri, Baş nazir Li Syan Lun Harvard Universitetinin hüquq elmləri bölümünü bitirib. 2004-cü ildən Cənub-Şərqi Asiyadakı bu ölkəyə rəhbərlik edən Syan Lu ardınca ABŞ-ın baş qərargahının kollecində təhsil alıb və rütbəcə generaldır. 1978-ci ildə ağır yol qəzasında ölümdən dönüb və bu qəzada həyat yoldaşını itirib. ABŞ-la Çin arasında gərginliyin böyük fəlakətlərə gətirəcəyini açıq şəkilə dilə gətirən ilk ölkə başçısıdır.

Liberiya Prezidenti Elen Conson-Serlif Harvard Universitetinin dövlət idarəetmə bölümünü bitirib. "Sülhyaratma prosesində iştirakına və qadınların təhlükəsizliyi, hüquqları uğrunda mübarizəyə görə" 2011-ci ildə Nobel sülh mükafatına layiq görülüb. Ciddi xarakteri və əzminə görə o, tez-tez “dəmir ledi” ilə müqayisə olunur. Onun inauqurasiya mərasimində ABŞ dövlət katibi Kondoliza Rays və Birinci xanım Laura Buş da iştirak edib. Elen Conson Serlif Afrika qitəsində Prezident seçilən ilk qadın olub.
Moldovanın yeni Prezidenti bu tarixdə and içəcək
Moldovanın yeni Prezidenti Maya Sandu Harvard Universitetinin dövlət idarəetmə bölümünü bitirib. Moldova tarixində ilk qadın Prezident olan Sandu Prezident seçilənə qədər Baş nazir, təhsil naziri vəzifələrində çalışıb. 49 yaşlı xanım siyasətçi ölkə rəhbəri seçildikdən sonra Rusiyaya qarşı sərt siyasət yürütməyə başlayıb. Onun parlamentin buraxılması ilə bağlı qərarını da ali qanunverici orqanı rusmeylli deputatlardan təmizləmək cəhdi kimi qiymətləndirirlər.

İsrailin sabiq Prezidenti Şimon Peres də Harvard məzunudur. 2007-2014-cü illərdə İsrailə rəhbərlik edən Peres ondan öncə Baş nazir vəzifəsini tutub. O, 1959-cu ildən 2006-cı ilə qədər dəfələrlə İsrail parlamentinə - Knessetə üzv seçilib. “Avod” (Fəhlə) Partiyasının lideri olub. 1994-cü ildə Yasir Ərəfat və İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harris Harvarddan məzundur. ABŞ tarixində ilk qadın və ilk Asiya-amerikalı vitse-prezident olan Harris 1986-cı ildə bu təhsil ocağından məzun olub. Anasının Hindistandan, atasının isə Yamaykadan ABŞ-a mühacirət etdiyi söylənilir. Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atsa da, cəmi 10 il sonra supergüc dövlətinin ikinci şəxsi seçilib. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub.

ABŞ-ın dövlət katibi Entoni Blinken də Harvard məzunudur. 1984-cü ildə Harvard Kollecini bitirən ABŞ xarici siyasət idarəsinin 58 yaşlı rəhbəri Demokratların hakimiyyəti dövründə həmişə yüksək vəzifələrdə çalışıb. Bill Klintonun rəhbərliyi altında Prezidentin müşaviri, Barak Obamanın prezidentliyi dövründə isə dövlət katibinin müavini işləyib. ABŞ-ın hazırki Prezidenti Co Baydenin ən sadiq kadrlarından hesab olunur. Onun köklərinin Rusiya, İsrail və Avropaya gedib çıxdığı iddia olunur.
 
Azərbaycanda da son illər ABŞ təhsilli məmurların sayı sürətlə artır və onların arsında Harvard Universitetini bitirənlər də az deyil. “Harvard məzunu olan yüksək rütbəli Azərbaycan məmurlarının da siyahısını təqdim edirik:
 
Şahmar Mövsümov – Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri.
Elçin Əmirbəyov - Birinci vitse-prezidentinin köməkçisi
Emin Hüseynov - Birinci vitse-prezidentinin köməkçisi
Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi
Fərid Şəfiyev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri.
 
P.S. İctimai-siyasi fəal, müstəqil bloger Bəxtiyar Hacıyev də Harvard məzunudur.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10