Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Karantin yumşaldıldı, pul ölkədə qalacaq: - “Amma problemin heç 50 faiz həll edə bilməmişik ki...”


Karantin yumşaldıldı, pul ölkədə qalacaq: -
Pandemiyanın ən çox təsir göstərdiyi sahələrdən biri də turizmdir.

Bir çox dünya ölkələri ötən müddət ərzində ziyarətçi sayı ilə yanaşı, bu sektordan gələn gəlirini də itirdi. Son günlər bəzi ölkələr müəyyən qaydalar əsasında sərhədlərini xarici turizmə açsalar da, hazırda daxili turizm üstünlük təşkil edir. Ölkəmizdə də xarici turizmlə bağlı məhdudiyyətlər olsa da, daxili turizm açıqdır.

Operativ Qərargahın son yumşaltmaları, rayonlara ictimai nəqliyyatın bərpası bölgələrə üz tutunların sayını daha da artıracaq.

Bu da bir faktdır ki, vətəndaşlarımız mövcud vəziyyətlə bağlı xarici ölkələrə səyahət edə bilmir və yaxud bu rəqəm çox cüzidir. Qarşıdan yay turizm mövsümünün gəldiyini nəzərə alsaq, daxili tuzimdə böyük bir canlanmanın şahidi olacağıq.

Lakin ötən dövrlərdə yerlərdə turizm xidmətlərinin keyfiyyəti və qiymətlərlə bağlı problemlər özünü göstərib.

Turizm sektoru daxili turizmin o qədər də yüksək olmadığı illərdə mövcud problemlərin öhdəsindən gələ bilmədiyi halda hazırkı mövsümdə onları həll edə biləcəkmi?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Cebhe.info-ya bildirib ki, indiki şəraitdə daxili turizmin inkişafı üçün münbit şərait yaranıb:

"Çünki əhali əvvəllər daha çox başqa ölkələrə üstünlük verirdi, indi bu imkan olmadığına görə bölgələrə üz tuturlar. Qiymət siyasətinin yüksəlməsi, xidmətin hansı səviyyədə olmasını bilmək üçün turizm qurumları proqnozları həyata keçirməli, yerlərdə, xüsusilə turizm regionlarında, o cümlədən şimal-qərb, şimal-şərq və cənub regionlarında işlər aparılmalı idi. Çox təəssüf ki, bəzən bu işlər aparılmır. Bunun əvəzində inzibati tədbirlər daha çox görülür. Ancaq həm sahibkarlar, həm də menecerlərlə iş aparılmalıdır ki, əhaliyə yüksək səviyyədə xidmət göstərməklə qiymət səviyyəsini də süni artırmaq olmaz. Bu sahədə işlər aparılmır, əksinə, “filan otel neçə ulduz alacaq”, “burada nə olmalıdır” prinsipi ilə iş aparırlar. Bunlar yaxşıdır, ancaq bu vaxta qədər bir məsələni 50 faiz həll edə bilməmişik ki, xidmət səviyyəsi aşağı olduğu halda qiymətlər çox yuxarııdr. Bunu aradan qaldırmaq üçün bu sahəyə baxan turizm qurumları ilk növbədə bu istiqamətdə işə başlamalıdırlar”.

Həmsöhbətimiz bildirib ki, eyni zamanda rəqabət güclü olmalıdır:

“Bu, bir faktdır ki, daxili turizim bir neçə müddət, yalnız bu il deyil, 2022-ci ildə də davam edəcək. Çünki belə bir şəraitdə yalnız daxili turizm inkişaf edir. Ümumiyyətlə, daxili turizmin inkişafı çox yaxşıdır, valyuta ölkədə qalır və iqtisadiyyata təkan verir, yeni iş yerləri açıla bilər. Regionlarda yeni otellər, restoranlar açmaqla qiyməti aşağı salmaq olar. Əsl rəqabət siyasətində isə hansı oteldə, hansı restoranda yüksək səviyyədə və münasib qiymətlərdə xidmət göstəriləcəksə, müştərilər daha çox oraya üstünlük verəcəklər. Hazırda bu sahədə iş görülməli olsa da, hələ ki, reallıqda heç nə yoxdur. Biz təxminən bilirik ki, məsələn, Nabran regionunda 70-dən çox otel, Cənub, Şimal -Qərb regionunda da müəyyən sayda obyektlər var və bunlarla mütləq iş aparılmalıdr. Turizm qurumları ezamiyyətə getməli, öyrətmək, inandırmaq, başa salmaq lazımdır ki, menecmenti necə aparmaq lazımdır".

M. Ağakərimov deyir ki, qardaş Türkiyədən başqa bir çox Avropa ölkələrində turizm iki amil üzərində qurulub ki, bizdə bu amili yaddan çıxarırlar:

"Məsələn, Türkiyənin Antalya, Bodrum, Kəmər, Alanya, Quşadası və digər bölgələrdə rəqabətədavamlı müxtəlif tipli çoxsaylı otellər fəaliyyət göstərir. Eyni zamanda Türkiyənin təcrübəsindən istifadə edib xidmət səviyyəsini yüksəltmək olar. Bizdə iki amil- rəqabət və xidmət səviyyəsinin yüksəldilməsi yoxdur. Bizdə turizmə ancaq maqazin, şokmarket kimi baxırlar, müştəri gəlsin. Ancaq bu müştəriyə hansı qiyməti təklif edək və xidmət qiymətə uyğun olmalıdır təfəkkürü yoxdur, bu barədə düşüncə tərzi hələ geridə qalıb. Avropa ölkələrində 5, 4 ulduzlu otellərlə yanaşı, 1,2,3 ulduzlu otellər fəaliyyət göstərir. Bu barədə də neçə illərdir deyilir, ancaq bu istiqamətdə heç bir addım yoxdur. Bunun üçün ölkədə maarifləndirmə, təbliğat və digər üsullarla sahibkarı, menecerləri başa salmaq lazımdır ki, insanlara xidmət səviyyəsinə uyğun qiymət təklif etsinlər. Təklif olunan qiymətlər xidmətə uyğun deyil. Dəbdəbəli otelin olması ilə deyil, orada qidanın hansı səviyyədə olması, ofisiantların, barmenlərin, xadimələrin necə işləməsi də mühümdür. Bizdə standartlar ancaq kağız üzərindədir. Əgər gedib monitorinq keçirsəniz görərsiniz ki, həmin xidmətlər hamısı aşağı səviyyədədir. Xüsusilə regionlarda bu məsələ çox ciddidir. Bu məsələyə fikir vermirlər. ATA ictimai təşkilat olsa da dəfələrlə deyir, yollarını, istiqaməti göstərir, ancaq müvafiq qurumlar bu barədə maraqlanmırlar. Onu da qeyd edim ki, müvafiq qurumlarda hər sahənin yüksək səviyyəli mütəxəssisləri olmalıdır. Ola bilər ki, yaxşı təhsil, qırmızı diplom alıb, ancaq təcrübə yoxdur. Mütəxəssis dedikdə onu nəzərə almamalıyıq ki, xaricdə oxuyub gəlib, bunun üçün təcrübə və illər lazımdır. Ona görə də mütləq təcrübəli mütəxəssislərin gənclərlə birlikdə çalışması daha məqəsəduyğun olar və inkişafa təkan verərdi. Hazırda bu sahədə boşluqlar var. Görürük ki, təhsilli gəncdir, bir neçə dil bilir, ancaq təcrübəsi yoxdur. Ona görə də turizm sahəsində təcrübəli işçiləri axtarıb tapıb, onun təcrübəsindən istifadə etmək lazımdır".

O da vurğulandı ki, kor-koranə xarici ölkənin də təcrübəsini Azərbaycanda təbliğ və istifadə də etmək olmaz:

"Hər bir ölkənin, məkanın spesifik xüsusiyyəti var. Bizim millətin qonaqpərvərliyi, qonaq qarşılamaq, yola salmaq adətləri var. Ancaq bəzən bizdə Avropada necədir, elə də tətbiq edirik. Turizm bəsit deyil, çətin sahədir. İstərdim ki, ölkədə daxili turizm yüksək səviyyədə inkişaf etsin. Əhali regionlarımızla yaxından tanış olsa, valyuta ölkədə qalacaq. Həmçinin gələcəkdə Qarabağ turizmin ən güclü bölgələrindən biri olacaq və ona da hazırlaşmalıyıq".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10