Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Viləşçay şəhidə ağı deyirdi...


“Cənub.az”  yazıçı - jurnalist Nurəddin ƏDİLOĞLUNUN  ŞƏHİDLİK MANİFESTİ” kitabından növbəti yazısını təqdim edir:

Qısa tanıtım: Sübhan Rauf oğlu Həsənov 26 iyul 2001-ci ildə Masallı şəhərində anadan olub. 2007- 2018 -ci illərdə İ.Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.  

Hərbi xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hissədə yerinə yetirib. Xidmət müddətində quru qoşunların tərkibində Azərbaycan Sillahlı Qüvvələrinin Türkiyə Ordusu ilə birlikdə Mingəçevir və Yevlax şəhərlərində keçirdiyi hərbi təlimlərində iştirak edib. 


Tovuz istiqamətində düşmən təxribatı nəticəsində başlayan döyüşdə  kəşfiyyatçı snayper kimi fərqləndiyinə görə təşəkkürnaməyə layiq görülüb. Arzusu ordudan  tərxis olunandan sonra Dövlət Təhlükəzlilik Xitmətində qulluq etmək  idi.


27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı könüllü döyüşmək istədiyini israrla komandirinə bildirib və həmlə bölüyünün tərkibində Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə  böyük şücayət göstərib. 


Oktyabrın 2-də Suqovuşan ətrafında əlverişli yüksəkliyi düşməndən azad edərkən şəhid olub. 2 aydan sonra tapılan nəşinin ailə üzvləri DNK testi verəndən sonra ona aid olduğu müəyyənləşib. Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhərinin İsgəndərli qəbiristanlığında böyük  izdihamla dəfn edilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”  “Suqovuşanın  azad olunmasına görə” medalları ilə də təltif edilib.


                                             
“Şəhid olsam, xəbəri Vətən verəcək sizə...”

 Sübhanın qəlbinə Vətən sevgisi doğulub boya-başa çatdığı ata-baba ocağının general Həzi Aslanov küçəsində yerləşməsi və orta təhsil aldığı məktəbin şəhid İsbəndiyar Zülalov adına olması ilə yanaşı hopmuşdu. İ. Zülalov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi yazan 20 Yanvar şəhidlərindən biri idi. Şagirdlərdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək məqsədi ilə hər il məktəbdə keçirilən tədbirlərdə Qanlı Yanvar faciəsinin,  Xocalı qətliamının qurbanlarının  və Qarabağ şəhidlərinin xatirəsi yad edilirdi. Bütün şagird yoldaşları kimi, Sübhanda birinci Qarabağ müharibəsi haqqındakı ilk təsəvvür baxdığı fotostentlərdən və bədii-sənədli filimlərdən yaranmışıdı. Ona görə də insanın iç dünyasında yetişən Vətən sevgisinin hər şeydən üstün olduğunu yaxşı bilirdi. ”Vətən və torpaq şəhidləri ilə ucalır” kəlməsi yeniyetməlik çağlarından onun ruhuna hakim kəsilmişdi. Sübhan vətənpərvər olduğu qədər  olduqca zəhmətkeş uşaq idi. Əlindən hər iş gəlirdi.
 Atası Rauf  deyir ki, Sübhan hələ uşaqlıqdan idmana xüsusi həvəs göstərirdi.                                                          Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman məktəbinin cüdo bölməsinin çalışqan yetirməsi idi. İdmanla məşğul olduğu vaxtlarda   dəfələrlə rayon  və zona yarışlarının iştirakçısı və mükafatçısı olmuşdu.
Nənəsi Ofeliya Həsənova deyir: “Sübhan mənim  ən istəkli nəvəm olub. Kçik yaşlarından şox qabiliyyətli, salamlı-kalamlı, həm də qorxmaz və mərd uşaq idi. Əsgər gedəndə elə sevinirdi ki, elə bil toya-bayrama gedir.”
...Ailənin yeganə oğlu  Sübhan Vətən müharibəsi başlayanda 20 yaşına iki ay idi ki, qədəm  qoymuşdu.  Son dəfə atası ilə sentyabrın 25-də danışıb hallalaşmışdı: “İnşallah irəli gedəcəyik, haqqınızı halal edin!” Dayısı oğlu İsmayıla  dediyi son sözü isə  belə olub: “Şəhid olsam, xəbəri Vətən  verəcək sizə.”

                                                          “Qırğı” ləqəbli snayper

Məkrli və mənfur erməni işğalçılarının tapdağı altında qalmış torpaqlarımız bir-bir azad edilirdi. Bacarıqlı snayper kimi düşmənə meydan oxuyan Sənan Həsənov hələ Vətən müharibəsindən qabaq “Qırğı” ləqəbi qazanmışdı. Bəzən ön xətdə döyüş növbəsi çəkəndə əli hər an tətikdə, gözü düşmən üzərində olan bu gülərüz cənublu balasını silah yoldaşları  “Qırğıgöz” deyə çağırardılar. 
Amma heç kəsin ağlına gəlməzdi ki, hərbi əməliyyatlar başlayandan həmlə bölüyündə düşmənin canlı qüvvəsini sərrast atəşi ilə bir-bir məhv edən cəsur döyüşçümüzün  özü də düşmən   snayperinin hədəfinə çevrilə bilər...

O müdhiş gün mənfur düşmən Suqovuşan istiqamətində strateji əhəmiyyətli mövqeyini heç cür əldən vermək  istəmirdi. Həmlə bölüyünün şücaəti ilə bu maneə də tezliklə aradan qaldırıldı. Lakin bu, Sübhanın sonuncu döyüşü oldu. Düşməndən təmizləndiyi zənn edilən yeraltı beton tuneli xatırladan sığınacaqda həmlə bölüyünü erməni silahlıları qəfildən fasiləsiz atəşə tutdular.  Atışma zamanı irəlidə gedən  komandirin yaralandığını görən Sübhan özünü irəli atıb  onun həyatını xilas edərkən boğazından snayper gülləsi ilə ölümcül yaralanır.
Qalınlığı bir metrə çatan betondan hörülmüş belə bunkerlərdə və tunellərdə gizlənən erməni faşistləri Azərbaycan hərbiçilərinin “ölüm kabusu” olsa da  müzəffər ordumuzun əks-hucum əməliyyatının qarşısını ala bilmədilər.                                                                                                                                         Oktyabrın 3-də Talış kəndi və Suqovuşan qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Sübhangilin həmlə bölüyündən cəmi 3  nəfər salamat qalmışdı.  Amma 19 yaşı  iki ay öncə   tamam olan Sübhanın həyat hekayəsi  hələ də davam edirdi. Kimi onun  xilas etmək istədiyi hərbi qulluqçu ilə birlikdə itkin düşdüyünü, kimi  də onların nəşinin düşmən tərəfindən aparıldığını düşünürdü...


                                            
“Ruhuma layla calan sənsən Viləş...”

Uşaqlıq çağı Sübhan rayon mərkəzi ilə İsgəndərlini birləşdirən asma körpünün üstündə dayanıb qədim Viləş çayının zümzüməsini doyunca dinləmişdi. Bəzən yorgun olanda  Viləş çayı ruhuna  sanki ana kimi layla çalırdı.
... 44 günlük Vətən müharibəsi başa çatandan sonra sevimli nəvəsni soraqlayan  Ofeliya nənənin göz yaşları üzü dənizə axan dağ çayının sularına  qarışmışdı. Sübhanın anası Ülkər xanımın dili ağızında yanırdı: 


Dağlar, maralım gəlməz,
Qəlbi yaralım gəlməz.
Sübhanım Qarabağdan
Solub, saralım gəlməz...
            
Bacısı Aydan Dadaşova da gecə-gündüz ağlaya-ağlaya qardaşını haraylaydı.  Ana babası Qalib kişi, atası Rauf, əmisi Ziya  Sübhandan soraq gəlməyən günlərin bütün acılarını yaşadılar... Onun adı itkin əsgərlər siyahısında yox idi. Nəhayət uzun axtarışlar nəticəsiz qalmadı. Ailə üzvləri DNK testi verəndən sonra, Sübhanın şəhid olduğu müəyyənləşdirildi. Şəhidin əzizləri onun Azərbaycan Bayağına bükülmüş tabutunu Həzi Aslanov küçəsinə sığışmayan izdihamın içində göz yaşı ilə qarşıladılar.
Dekabrın 7-də Masallının hər bir güşəsindən dəstə-dəstə qəhrəmanın sorağını alıb gələnlər üçrəngli zəfər bayrağımızı əllərində tutaraq, onu son mənzilə ehtiramla yola saldılarAilənin yaxın dostu, şəhid Fuad Novruzovun atası Qorxmaz kişi deyir ki,  Sübhanın  doğma İsgəndərliyə, ata-baba ocağına izdihamlı “dönüşü” sözün əsl mənasında məhəlləyə nur gətirdi.  “Gözdən uzaq, könüldən iraq bu güşə  birdən -birə güllü-gülüstana çevrildi.”   

  
                                        
Azərbaycan öz qəhrəmanlarını uca tutur...   

Suqovuşan şəhidi Sübhan Həsənov kimi Vətən fədailəri heç vaxt unudulmayacaq. Dövlətimiz siz şəhid ailələrinin yanındadır. Biz də hər zaman sizinləyik.” Bu sözləri şəhid Sübhan Həsənovun atası Rauf Hüseynqulu oğlu ilə görüşəndə və ona üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edərkən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova bildiriblərMasallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, əziz bayram günlərində onların məzarlarının və valideynlərinin hörmət və ehtiramla ziyarəti ənənəvi hal alıb. Ramazan bayramı günlərində “AzadMedia” saytının Cənub regional bürosunun rəhbəri Rəmzi Şahverdiyevlə birlikdə Masallı şəhidləri Cavad İbadov, Niyaməddin Sultanzadən, Vüsal Hadıyev, Murad Nəfəsov, Araz Seyfullayev və Sübhan Həsənovun doğma ocaqlarında olarkən Azərbaycanda və ölkədən kənarda yaşayan neçə-neçə həmyerlimizin şəhid ailələrinin ziyarətinə gəldiklərinin şahidi  olduq.
Şəhid snayperin atası Raufun və anası Ülkər xanımın ziyarətinə gələn insanları görəndə qürbətdə yaşayan lənkəranlı şair Baloğlan Cəlilin birinci Qarabağ   müharibəsində şəhid  olmuş sevimli şagirdinin əziz xatirəsinə həsr etdiyi “Şəhidlik zirvəsi” şerindən bu misraları  xatırladım:


Şəhidlik zirvəsi - ən uca zirvə,
Bu gün o zirvəyə yaxşılar uçur.
Ruhları göylərin yeddi qatına, 
Özləri  torpağın   altına köçür...


Xalq şairi Məmməd Araz isə Azərbaycanımızn bütün şəhid oğullarının şəninə belə demişdi: "Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə kömülməzlər."
Sübhan kimi xalqımıza Qələbə sevinci bəxş edən Vətən fədailərimiz həm də behişt zəvvarlarıdır. Raufun özünə və doğmalarına təsəlli vermək üçün başqa söz tapa bilmədik və bir daha Allahdan bütün şəhidlərə rəhmət diləyib şəhid Sübhan Həsənovun doğulduğu  evi tərk etdik...


 Nurəddin Ədiloğlu, “Cənub. az”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10