Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəriblərli şikayətçilər başıbəlalı stadion məsələsində necə qalib gəldilər?


Cenub.az-a daxil olan məlumata görə, şəkillərini gördüyünüz bu sahə eyni məkandır. Yəni 4 il öncə bura stadion olub, sonra isə ərazi qanunsuz olaraq həyətyanı  yeri kimi satılıb və burada binalar tikilib.
Daima qanunsuz əməlləri ilə gündəmi gələn Masallı Rayonunun Qəriblər kəndinin sabiq bələdiyyə sədr Müşfiq Ağayev– həmin vaxt özünün ən “möhtəşəm” səhvini etdi. İstirahət zonasında yerləşən, yüzlərlə gəncin mənalı istirahət məkanı olan, 80 ildən artıq tarixi və ümumi istifadədə olan kənd stadionunu həyətyanı torpaq sahəsi kimi 4 nəfərə satdı. Rəsmi sənədlərdə orada verilən həyətyanı torpaqların hər biri üçün rusumun miqdarı 1200, 1600 manat göstərilsə də, reallıqda həmin gözəgəlimli yerə hər torpaq sahəsinin 20-25 min, ümumilikdə isə 100000 min manatdan artıq pula satıldığı barədə söhbətlər dolaşırdı.

Qəriblər bələdiyyəsinin bu addımı kəndi bir-birinə vurdu. Bütün kənd bir yana oldu, sabiq bələdiyyə sədri və həmin yerdə həyətyanı alan şəxslər bir yana.
Yazı - pozular, şikayətlər, məhkəmə çəkişmələrinin ardı arası kəsilmədi. 

Hətta şikayət məktublarını çəkiyə vurub hesablamışdılar ki, bu işlə bağlı 75 kiloqramlıq kağız işlədilib.
Həmin vaxtlar bir mətbuat işçisi olaraq, biz də səsimizi qaldıraraq cenub.az saytında “Masallıda “Qəriblər stadionu” olayı” adlı yazı ilə çıxış etdik. Bələdiyyə sədrinin himayəçiləri də kifayət qədər oldu.

Bununla bağlı ilk məhkəmə iclası 2018-ci ilin may-iyun aylarında. Ortada daşdan keçən sübutlar olsa da, məhkəmə hakimi saxtakarlıq edən bələdiyyə sədrinin tərəfini tutdu.

Apelyasiya məhkəməsində də saxtakarlıq ayaq tutub yeridi - burada da iş bələdiyyə sədrinin xeyrinə həll olundu.

Lakin şikayətçilər susmadı. Onların təkidli tələbi ilə Azərbaycan Ali Məhkəməsinə sənədlər hazırlandı. 11 mart 2020-ci ildə hakim Gündüz Mehdiyevin sədrliyi ilə bu işə yenidən baxıldı və Qəriblər bələdiyyəsinin xeyrinə qəbul olunmuş əvvəlki qərarları tam ləğv edilərək, işə yenidən baxılması və buraxılmış nöqsanların aradan qaldırılması uşun məhkəmə materialları Şirvan Apelyasıya məhkəməsinə göndərildi. 

Bir il 3 ay çəkən araşdırma

Bu işlə bağlı Şirvan Apelyasiya Məhkəməsinin 1 il 3 ay çəkən araşdırması 21 may 2021-ci ildə iddiaçıların qələbəsi ilə nəticələndi. Necə deyərlər, haqq qalib gəldi.
Məhkəmə qərarında göstərilir ki, stadion ərazisi ümumi istifadədə olduğu üçün birmənalı şəkildə satıla bilməz. Bununla bağlı qəbul edilmiş bütün alqı-satqı müqavilələr etibarsız sayılaraq, Dövlət Əmlak komitəsinin verdiyi çıxarışlar ləğv olunsun.

Həmçinin məhkəmə Qətnaməsində qeyd olunur ki, saxta qərarlara görə ödənmiş rüsumlar bələdiyyə tərəfindən Ədalət Əliyevə 2400 manat, Gülnaz Rzayevaya 1200 manat, Cəmaləddin Aşuroğluna 1200 manat, Mənsurə Hakiyevaya isə 1600 manat (ümumilikdə 6.400 manat) ödənilsin.

Yuxarıda qeyd etdiyimiz kimi bunlar rəsmi ödənişlər idi. Qeyri-rəsmi ödənişlər, saxta sənədlərin ört-basdır edilməsi, digər xərclərin məbləği isə 100 min manatdan çoxdur.

Bəs real vəziyyət necədir?

Hazırda 3 ev inşa edilib. Onlardan 2-nin damı örtülüb, biri yarımçıq haldadır. Bir ev yerində isə iş görülməyib. Növbəti mərhələdə oradakı tikililərin sökülməsi haqqında növbəti qərar olmalı, Qəriblər stadionu əvvəlki vəziyyətinə gətirilməlidir.

Hadisələrin gedişini diqqətdə saxlayacağıq.

Cenub.az. Zahir Əmənov.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10