Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İrandan Azərbaycana xain zərbə


İran parlamentinin deputatı Möjtaba Zonnur qonşu və ümumən dost Azərbaycanın ünvanına sərt bəyanatla çıxış edib. Üstəlik fars diplomatiyası ruhunda sürüşkən, ikimənalı və yayğın ifadələrdən də istifadə etməyib, birbaşa və birmənalı, düşməncəsinə danışıb. Zonnurun bu nitqinə  məhəl qoymamaq da olardı, axı bizim siyasi şiəliyin Vatikanı ilə sadə olmayan münasibətlərimizin tarixçəsi paradoksal ziqzaqlarla, ikiüzlü fars diplomatiyasının dəyişkən xarakteri ilə zəngindir.
Ancaq Mojtaba Zonnur adi deputat deyil, İran teokratiyasının mühafizəkar düşərgəsinin əhəmiyyətli fiqurudur. Qəzəbli anti-Azərbaycan çıxışının müəllifi parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədridir. Üstəlik uzun illər ərzində Ali dini lider Əli Xamneyinin İran dövlətinin döyünən ürəyi olan İnqilab Keşikçiləri Korpusundakı nümayəndəsi olub.
Və parlamentdə Zonnur heç də İranın sanksiyalardan əzilən hansısa yoxsul əyalətini təmsil etmir, ayətullahların oturduğu müqəddəs Qum şəhərindən deputatdır. Zonnur İranın milli təhlükəsizlik sistemində mühüm yer tutan siyasətçidir.

Möjtaba Zonnur İran siyasətinin mühafizəkar elitasında əhəmiyyətli fiqurdur
Bəs Zonnur hansı mühüm və mübhəm məqamlardan bəhs edib ki, dərhal erməni istebleşmentinin diqqətini cəlb edib? Hərçənd erməni KİV-ləri Zonnurun familiyasını da təhrif ediblər və “Zolnuri” kimi yazıblar, amma aparıcı İran siyasətçilərindən birinin bədnam bəyanatı bununla öz mənasını itirmir.
Zonnur bəyan edib ki, İran özünün “şimal sərhədlərinin dəyişdirilməsinə” imkan verməyəcək. İranın şimalında müstəqil Azərbaycan respublikası yerləşir. Bəyəm nə vaxtsa Azərbaycan hökuməti İranın ünvanına hansısa ərazi iddiası irəli sürüb? Bəyanat öz formasına və mahiyyətinə görə tamamilə absurddur, İran-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Axı bu günlərdə prezident İlham Əliyev işğaldan azad edilmiş İranla həmsərhəd ərazilər boyu gedərkən qonşu ölkə ilə sərhədi nişan verərək aydın formada, xəlvəti deyil, aşkaranə demişdi: “Bu, dostluq sərhədidir!”

Axı İlham Əliyev Azərbaycan-İran sərhədini dostluq sərhədi elan etmişdi...
Amma İran siyasətçisinin bəyanatı Azərbaycanımn Ermənistanla müharibədəki şanlı qələbəsi, Qarabağın azad edilməsi və rəsmi Bakının Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiyası-demarkasiyasının həyata keçirilməsinə dair indiki siyasəti kontekstində səslənir.
“İran İslam Respublikasının mövqeyi çox aydındır və qətiyyətlidir: biz regionda hər hansı dəyişikliyi qəbul etmirik, region ölkələrinin ərazi bütövlüyü saxlanılmalıdır. Biz habelə öz sərhədlərimizdə hər hansı transregional qüvvələrin mövcudluğunu da qəbul etmirik”,-Zonnur bəyan edir.
İran siyasətçisi Azərbaycan xarici siyasət doktrinasının başlıca prinsiplərini dəqiqliklə ifadə edib. Azərbaycan da regionda sistemli dəyişikliklərə qarşı çıxıb və çıxmaqda davam edir. Üstəlik dövlətlərin ərazi bütövlükləri erməni işğalçılığından və süni şəkildə yetişdirilmiş separatizmdən əziyyət çəkmiş ölkə üçün müqəddəs və toxunulmaz prinsipdir. İlk baxışdan Zonnurun dedikləri Azərbaycan xarici siyasətinin təqdimatına tam uyğun gəlir, o cümlədən transregional qüvvələr barədə deyilənlərə. Axı Azərbaycan bloklara qoşulmamaq konsepsiyasını və yeni dünya düzəninin bütün aktyorları ilə qarşılıqlı münasibətlər sistemini özünün milli təhlükəsizliyinin əsası kimi elan edib. Və Azərbaycan son onilliklərdə formalaşmış regional təhlükəsizlik sistemini təhdid edən hansısa transregional qüvvələrin formalaşmasına da qarşı çıxır.
 Lakin Möjtaba Zonnurun sonrakı ifadələri Azərbaycana ünvanlanmış bəyanatın məkrli, xain və alçaq mahiyyətini ortaya qoyur.
“Əgər Ermənistan ərazisinin bir hissəsini götürmək istəyirlərsə və bizim sərhədlərimiz dəyişikliklərə məruz qalacaqsa o zaman bu fonda yeni qonşu meydana çıxacaq. Bu da bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud olan sərhədlər müdafiə olunmalıdır və bütünlüklə saxlanılmalıdır”,-iranlı siyasətçi lovğa tərzdə elan edib.
Zonnur nə demək istəyir? Və nəyə görə İranla Ermənistanın sərhədləri dəyişikliklərə məruz qalmalıdır? İran üçün qəbuledilməz olan nədir?

Zonnur Ermənistanın mübahisələndirdiyi Azərbaycan ərazisini-Garagöl və ətrafını indiki Ermənistanın ərazisi elan etməklə erməni işğalçılığına dəstək verib
Zonnurun məkrli və pis niyyətli çıxışı Azərbaycan-Ermənistan sərhədlərinin Zəngəzur istiqamətində baş verən son hadisələrə həsr olunub. Hər halda İran və Ermənistan KİV-ləri onun sözlərini məhz bu kontekstdə dəyərləndiriblər. Ermənistanla sərhədlərin demarkasiyası, Zonnurun mövqeyinə görə, İranın və Ermənistanın maraqları üçün təhlükə kəsb edir. Yaxud Ermənistanın ərazi bütövlüyünü pozur. Və gələcəkdə İranın sərhəd toxunulmazlığı üçün təhlükə yaradacaqmış.
İranlı siyasətçinin bu kobud çıxışı hər cür məntiqdən və mənadan uzaqdır. Ermənistanın mübahisələndirdiyi Qaragöl və ətraf ərazilər sovet xəritələrinə görə Azərbaycanın tərkibinə daxildir. Və bu faktı hətta Rusiya-Ermənistanın hərbi-siyasi müttəfiqi də şübhə altına almır. Elə ötən gün Rusiya XİN 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin yerinə yetirilməli olduğunu bir daha bəyan edib. Doğrudanmı İran bir çox qərb ölkələrinin, ilk növbədə Fransanın mövqeyini bölüşərək bu sülh razılaşmasının şərtlərinə yenidən baxılmasına çağırır?
Nəyə görə sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan İran onun suveren ərazilərinin bir hissəsini şübhə altına alır? Bundan əlavə, İran siyasi elitası kifayət qədər sanballı siyasi xadimin dili ilə Ermənistanı qətiyyətli hərəkətlərə təhrik edir. Zonnurun sözlərinə görə, Ermənistan özünün ərazi bütövlüyünü təmin etmək haqqına malikdir. Ancaq nəyə görə Zonnur Azərbaycan ərazisini Ermənistanın tərkibinə daxil edir? Və hansı əsasla? Və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İrana hansı formada təhdid yaradır?
Hərçənd İranın siyasətini Qarabağ münaqişəsinin tarixi rakursunda təhlil edəndə Zonnurun dedikləri heç də təəcüb və heyrət yaratmamalıdır. Azərbaycanda yaxşı xatırlayırlar ki, İran prezidentləri Köçəryan və Sərkisyan kimi hərbi canilərə necə qucaq açardı. Və Azərbaycanda İranın erməni işğalçılığına dəstək verməsini də yaddan çıxarmayıblar-müharibə vaxtı İran yük maşınları qardaş erməni xalqına hər cür yüklər daşıyırdı. Azərbaycanda İran siyasətçilərinin əsrin dörddə biri ərzində Qarabağın işğalı barədə susmasını da unutmayıblar. Daha dəqiq desək, onların Azərbaycan müsəlmanlarına qarşı qəsbkarlıq siyasətinə olduqda tolerant münasibət göstərmələrini. İranda islam ümməti və həmrəyliyi barədə təsəvvürlər sinik və ikiləşmiş təsəvvürlərdir, belə həmrəylik ancaq İran dövlətinin maraqları çərçivəsində qəbul edilir.
Və əgər Zonnur bütün İran siyasi elitasının konsolidə edilmiş mövqeyini ifadə edibsə bu, kədərlidir. Bu ölkənin teokratik elitasının özü üçün kədərlidir, hansı ki, oradakı on milyonlarla azərbaycanlı əli minlərlə azərbaycanlının günahsız qanına batmış ölkəyə qarşı aparılan ədalətli müharibə ilə həmrəy idi...

Müəllif: Eynulla Fətullayev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10