Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bakı geri çəkilsəydi...” – Zəngəzur uğrunda diplomatik müharibənin detalları


"Fransa və ABŞ Cənubi Qafqazda Rusiyanın öz hərbi varlığını sürdürməsini istəmədiyindən Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil”.

Bu sözləri Sfera.az-a açıqlamasında son bir həftə ərzində Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Qərbdə ciddi hay-küyə səbəb olmasının arxasında hansı məqamların dayandığına aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

"Zəngəzur dəhlizinin açılması, regionda yeni əməkdaşlıq platformasının qurulması bəzi qlobal güclərin maraqlarına uyğun gəlmir. Zəngəzurda açılacaq yeni kommunikasiya sistemində hər ölkənin öz geosiyasi maraqları var. Cənubi Qafqazda hazırda Rusiya öz hərbi varlığını sürdürür. Bu vəziyyət isə Fransa və ABŞ-ı heç cür qane etmir. Ona görə də bu iki dövlət Rusiyanın bölgəmizdə mövcudluğu səbəbindən sözügedən dəhlizin açılmasını istəmirlər”.

Bununla belə politoloq hesab edir ki, son hadisələr heç də sözügedən dəhlizin açılıb-açılmaması ilə bağlı deyil: "Baş verənlər sərhədlərin demilitarizasiyası və və demarkaziyası ilə bilavasitə əlaqəlidir. Bu məsələdə İrəvanın müəyyən siyasi maraqları da mövcuddur. Məsələyə həmçinin, Zəngilan, Qubadlı, Laçının bəzi bölgələrində sərhədlərin müəyyənləşməsi kimi də yanaşmaq olar. Ermənistan hakimiyyəti bilməmiş deyil ki, Qaragöl və ətraf ərazilər Azərbaycana məxsus olub. SSRİ dönəmində tərtib edilən xəritələrdə də bu öz əksini tapıb”.

Həmsöhbətimiz bildirdi ki, Ermənistan məsələ ətrafında ajiotaj yaratmaqla bir çox beynəlxalq gücləri hərəkətə gətirməyə çalışır:
 

"İrəvanda düşünürdülər ki, həmin güclərin təzyiqilə Azərbaycan geri çəkiləcək.  Belədə, seçki öncəsi Paşinyan ictimai rəydə problemi öz xeyirlərinə dəyişdikləri düşüncəsini formalaşdırmağa çalışırdı. Azərbaycan geri çəkilsəydi, bu həmin güclərə yeni təzyiqlər üçün bir presedent yaradacaqdı. Bakı geri çəkilsəydi, gələcək perspektivdə Azərbaycana aid olan Naxçıvanın Kərki və Qazaxın 7 kəndi ilə bağlı məsələ, habelə digər bölgələrdə hələ müəyyənləşməyən sərhədlər Ermənistanın xeyrinə həll oluna bilərdi. Lakin Azərbaycan siyasi iradə ortaya qoymaqla məsələni müəyyən qədər dondurdu. Nə zaman Azərbaycan özü proses yaradırsa, Ermənistan və onun havadarları həmin prosesin arxasınca sürünmək məcburiyyətində qalırlar. Bu isə  sentyabrın 27-si əks hücum faktından sonra ikinci ən mühüm üstünlükdür”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10