Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 746 201.76 manatlıq abadlıq işləri görüləcək


2 ay əvvəl məlumat verdiyimiz xəbər reallaşır

Cenub.az saytının 2 ay öncə yaydığı məlumatda bildirilirdi ki, yaxın vaxtlarda rayonun 20-dən artıq küçəsi abadlaşacaq. Artıq bu xəbər reallaşmaq üzrədir.

Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.

Qalib şirkət “Birlik-3A” MMC-dir. İcra Hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə 746 201.76 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Birlik-3A” MMC 23 iyun 2011-ci ildə qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Masallı rayonu Göyçəgöl kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbiyev Mübariz Abdin oğludur.

“Birlik-3A” MMC şübhəli şirkətlərdən hesab olunur. Şirkət əsasən cənub bölgəsinin yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Elə ötən il “Birlik-3A” MMC Masallı İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi ilə 747 672 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilədə şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satın alınması nəzərdə tutulub.

Bundan başqa, şirkət ötən il Astara rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin də qalibi olub. İcra Hakimiyyəti ilə MMC arasında bağlanan 542 615 manatlıq müqavilədə Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək nəzərdə tutulub.

“Birlik-3A” MMC yollarının təmiri ilə bağlı tenderlərin qalibi olsa da, taxta evlərin hazırlanması sahəsində ixtisaslaşıb. Hər halda mediada şirkət məhz bu cür təqdim edilir.

2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A” MMC taxta evlər istehsal edəcək.

Onu da xatırladaq ki, bu son 4 ildə Masallı şəhərində küçələrin asfaltlanması ilə bağlıı 3-cü layihədir.

1-ci layihə üzrə, Rafil Hüseynovun vaxtında Masallı şəhərində 30-da artıq, ötən il Şahin Məmmədovun vaxtında 20-dən artıq şəhərdaxili küçə asfaltlanıb. Bu il isə yaxın vaxtlarda daha 20-yə yaxın küçənin asfaltlanması gözlənilir.

Gün o gün olsun ki, Masallıdakı qəsəbələrdə və kəndlərdə də belə lahiyələr gerçəkləşsin.

Cenub.az. Faiq Hüseynzadə





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10