Dünən Lənkəranda və Masallıda, xüsusən Boradigah qəsəbəsində yağış sularının yüzlərlə evə ziyan vurduğunu xəbər vermişdik. Son məlumata görə yağış sularının çoxluğundan Astarada da ən böyük çay daşıb, 100-dən artıq ev su altında qalıb.
Astara rayonunda Astara çayının daşması nəticəsində 100-dən artıq ev su altında qalıb. Son məlumata görə, Suparibağ icra nümayəndəliyinə daxil olan Rüdəkənar, Məcidməhəllə və Qapıçıməhəllə kəndlərini su basıb.
Suparibağ icra nümayəndəsi Vahab Vahabovun verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. 50 ailə qayıqlar vasitəsi ilə təxliyə edilib. Qeyd edək ki, bundan əvvəl Lənkəran rayonunun Molla kəndində sel suları yaşayış evini dağıdıb. Xoşbəxtlikdən evdə heç kim olmayıb. Əşlə kəndi ərazisində isə güclü sel avtomobil körpüsünü yuyub aparıb, kənd ilə rayon arasında əlaqə kəsilib.
Yardımlı rayonunun Deryavar kəndində isə "cip” suyun altında qalıb.
Xəzər TV-nin məlumatına görə, kənddən keçən yoldan gedən sel avtomobili öz ağuşuna alıb.
Hadisə şahidləri bildiriblər ki, avtomobildə beş nəfər olub. Kənd sakinlərinin köməyi ilə onlar xilas edilsə də, nəqliyyat vasitəsini sudan çıxarmaq mümkün olmayıb.
Sakinlərin sözlərinə əsasən, su gələn hissədə körpü olmadığı üçün avtomobillər sel gələn ərazi ilə hərəkət etməli olur.