Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Forpost Ermənistanın başqa yolu yoxdur - Zəngəzur dəhlizi açılmasa...


"Lavrovla çox açıq danışıldı və xəbərdarlıq da edildi. Rusiya Xarici İşlər nazirinin Azərbaycana səfərini bir cümlə ilə qiymətləndirməli olsaq, məhz belə deyərdim. Amma Sergey Lavrovun gəlişi  öncəsi Rusiya Prezidenti Vladimir Putinin cənab İlham Əliyevə zəngindən də göründüyü kimi, bunun adi səfər olmadığını nəzərə alaraq gəlin bir az detallara varaq. Öncə onu deyək ki, iki dövlət arasında aparılan danışıqlarda  gündəliyi kimin müəyyənləşdirməsi çox mühüm məsələdir. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində  bu baxımdan vəziyyətin necə olduğu yəqin kimsəyə sirr deyil. Və orası da sirr deyil ki, əgər söhbət süverenlə forpostdan yox, iki müstəqil dövlətdən gedirsə, onda danışıqların predmeti qarşılıqlı maraq doğuran məsələlər olmalıdır. Amma onların heç də hamısı hər iki tərəf üçün eyni dərəcədə önəm daşımaya bilər. Ona görə də hər bir dövlət çalışır ki, aparılan danışıqlarda bütün diqqət ilk növbədə daha çox özünün həllini istədiyi problemlərə yönəldilsin, digərləri isə ya arxa plana keçsin, ya da onlara heç toxunulmasın".
Cenub.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, siyasi şərhçi Sahib Alıyev bildirib.
O qeyd edib ki, Lavrovun Bakıdakı danışıqlarında üzərində ən çox dayanılan məqam ilk növbədə Azərbaycanın həllini istədiyi qarışıq yox, qarşılıqlı maraq doğuran məsələlər olub:
"Ən azından cənab Prezidentlə onun görüşündə kameralar qarşısında səslənənlərdən belə bir nəticəyə gəlmək olur. Qarışıq deyəndə mən məsələn, olmayan Dağlıq Qarabağın zibilliyə atılmış statusu və yaxud da noyabrın 26-dan sonra Azərbaycana göndərilmiş hay terrorçularının hərbi əsir adı altında  Ermənistana təhvil verilməsi kimi məsələləri nəzərdə tuturam. Prezidentimizin elə görüşün əvvəlindəcə “Müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik” sözləri o demək idi ki, Azərbaycan bu danışqlarda terrorçuların azad edilməsi məsələsinə vaxt ayırmaq fikrində deyil. Bizi maraqlandıran iki mühüm məsələ var ki, onlardan biri Zəngəzur dəhlizinin tezliklə işə düşməsi, ikincisi isə regionda gərginliyin azaldılmasıdır.  
Dövlət başçımızın Naxçıvanda da vurğuladığı kimi bu dəhliz mütləq işə düşəcək.  Ermənistanın ayrı yolu yoxdur, həm də ona görə ki, yolu Azərbaycandan keçir. Cənab İlham Əliyevin Lavrova Ermənistanın bir neçə yaşayış məntəqəsini birləşdirən yolun 20 kilometrinin bizim torpaqlardan keçdiyini və orada haylara gediş-gəliş üçün heç bir mane yaradılmadığını xatırlatması elə-belə deyildi.  Demək, Zəngəzur dəhlizi açılmasa, bu yol da bağlana bilər. Və təkcə o yox, Ermənistandan Qarabağa gedən yol da. Üstəlik onu da nəzrə alamaq lazımdır ki, Naxçıvanda yeni hərbi aerodromun istifadəyə verilməsindən sora həmən yol artıq çoxqatlı nəzarət altındadır".
Siyasi şərhçi deyib ki, regionda gərginliyin azaldılmasına gəldikdə, diplomatik dildə deyilsə də, bu, əslində bir xəbərdarlıq idi:
"“Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə göstərdi”.
Müzəffər Ali Baş Komandanın Lavrovla görüşdə dediyi bu sözlərin üstündən diplomatik pərdəni götürsək, onda onun eyni gündə eyni məsələylə bağlı Naxçıvanda səsləndirdikləri üzə çıxır: “Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”".
Millət vəkilinin sözlərinə görə, Rusiya strateji müttəfiq adlandırdığı, əslində isə vassal rolu oynayan Ermənistanın tam məhvini istəmirsə,  cənab Prezidentin təbirincə desək, üstəlik “bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi oradakı revanşist ünsürlərin  yaranmış reallığa uyğun davranmalarına ”şərait yaratmalıdır”:
"Yeri gəlmişkən, bu ”şərait yaratmalıdır” sözləri də cənab Prezidentinki idi və heç də təsadüfən işlədilmirdi. Ümid edirəm ki, Moskva bu şəraiti  yaradacaq. Təkcə ona görə yox ki, biz həmən Rusiyaya yanaşmada vassalı Ermənistandan fərqli olaraq  indiyədək ancaq  ləyaqətli siyasət aparmışıq, tələblərimizdə tam haqlıyıq çünki onlar beynəlxalq normalara dayanır, həm də və daha çox ona görə ki, Azərbaycan durmadan güclənir və yanında da özü kimi durmadan güclənən Türkiyə kimi təbii, səmimi müttəfiqi var".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10