Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalinin sökmək, Suslovun bağlatdırmaq istədiyi ticarət mərkəzi – “QUM”u Qalina Brejneva necə xilas edib?


130 ilə yaxın tarixi olan “QUM” (Государственный Универсальный Магазин – Dövlət Universal Mağazası) Moskvanın əsas simvollarından biri sayılır.

Giriş qapıları Qızıl meydana açılan, pəncərələri Lenin mavzoleyinə və Kremlə baxan bu ticarət mərkəzi həmişə sovet liderlərinin həm gözü önündə, həm də diqqət mərkəzində olub.

Sovet hakimiyyəti qurulduqdan sonra ticarət mərkəzinə rəsmi olaraq “QUM” adı verilib. Bununla bağlı 1921-ci ildə Lenin “Dövlət Universal Mağazası haqqında” əsasnaməni təsdiqləyib.

1930-cu ildə İosif Stalin “QUM”-u bağlayıb. Ticarət mərkəzinin binası nazirliklər və dövlət qurumlarına verilib. Yalnız Nikolsk küçəsi tərəfindən girişi olan yerdə bir neçə ticarət obyekti fəaliyyət göstərib. Beriya Moskvaya gəldikdən sonra bir müddət onun kabineti də “QUM”-un birinci mərtəbəsində yerləşib.
1935-ci ildə Qızıl meydanın ərazisini genişləndirmək üçün Stalin “QUM”un sökülməsini planlaşdırsa da, sonradan bu fikrindən daşınıb. Belə ki, nazirlik və komitələr üçün yeni binaların tikilməsi mövcud dövr üçün kifayət qədər böyük vəsaitlər tələb etdiyi üçün söküntü təxirə salınıb.


1947-ci ildə ikinci dəfə “QUM”un sökülməsi gündəmə gəlib. Bu dəfə Stalin “QUM”un yerində qələbə kompleksinin açılmasını planlaşdırıb. Kompleksin layihəsinin hazırlanması ilə bağlı müsabiqə də elan olunub. Amma hansısa səbəblərdən bu məsələ uzanıb. Stalinin vəfatından sonra onun bu təklifi də yaddan çıxıb. Beləliklə, “QUM”un bəxti bu dəfə də gətirib.

Üçüncü dəfə “QUM”un sökülməsi məsələsi 1972-ci ildə qaldırılıb. Bu dəfə isə təşəbbüskar Mixail Suslov olub. Kremlin ikinci şəxsi sayılan Suslov bu məsələni bir neçə dəfə dilə gətirsə də, heç bir ciddi reaksiya olmayıb. Nəhayət, Suslov Brejnev xaricdə səfərdə olarkən Siyasi Büronun iclasında məsələni rəsmiləşdirməyə cəhd edib. O bildirib ki, Lenin mavzoleyinin qarşısında “alverxana”nın olması yolverilməzdir. Suslovun Siyasi Büro iclasındakı bu fikirlərini Brejnev xaricdən qayıtdıqdan sonra dərhal ona çatdırıblar.


Növbəti büro iclasında Brejnev kəskin reaksiyası ilə məsələyə son qoyub: “Hansısa bir axmaq “QUM”u bağlatdırmaq haqqında düşünür. Siz bu haqda eşitmisiniz? Eşitmisinizsə, niyə cavab verməmisiniz? Bu məsələyə birdəfəlik son qoyuruq və bu məsələ müzakirəyə qapalıdır...”
Hamı kimi Mixail Suslov da başını tərpətməklə Brejnevlə həmfikir olduğunu bildirib.

Əslində “QUM”u bu dəfə Brejnev yox, qızı Qalina “xilas” edib. Belə ki, “QUM”-da yerləşən xüsusi atelyedə Qalina Brejneva üçün xəzdən üst geyimləri tikilib. Həmçinin “QUM”-da yüksək ranqlı vəzifəlilərə xidmət göstərən 100-cü seksiyadan da Qalina Brejneva Siyasi Büro üzvlərindən daha artıq alış-veriş edib. Məhz Qalina Brejnevanın atasından xahişi Suslovun “QUM”u sərgi zallarına çevirmək planını təxirə salıb.

1989-cu ildə “QUM” növbəti dəfə “təhlükə” qarşısında qalıb. Raisa Qorbaçova təklif edib ki, “QUM”da ticarət mərkəzi əvəzinə şəkil qalereyası fəaliyyət göstərsin. Ancaq onun təklifi də həyata keçməyib.

“QUM” haqqında ilk reklam mətnini Mayakovski yazıb və onun mətni şəkli ilə birlikdə ticarət mərkəzinin şüşə vitrinlərinə vurulub
: “Mədə, ağıl, və bədən üçün nə tələb olunursa - insana hər şey “QUM”da təqdim edilir”.

1945-ci ildə alman faşizmi üzərində qələbə məlumatını Yuri Levitan “QUM”un binasından səsləndirib.
Hazırda “QUM” Moskvanın mərkəzində yerləşən ən iri ticarət mərkəzlərindən biridir.

“QUM”da 137 mağaza, 10-dan artıq kafe və restoran, kinozal, məhsulların nümayiş zalları, apteklər, bank filialları fəaliyyət göstərir. O cümlədən Moskvanın məşhur 1 nömrəli qastronomu da “QUM”da yerləşir.



Sovet dövründə Moskvanın ən məşhur özünəxidmət yeməkxanalarından biri sayılan 57 nömrəli yeməkxana bu gün də eyni qaydada “QUM”da öz müştərilərinə xidmət göstərir.
İçəridə yerləşən fontan ticarət mərkəzinə xüsusi gözəllik verir. Hər üç saniyədən bir bu fontanın qarşısında turistlər şəkil çəkdirirlər.

Təhlükəsizliyin təmin olunması üçün “QUM”un bütün girişlərində xüsusi qurğular quraşdırılıb.
Qızıl meydandan görünən “QUM”un xüsusi işıqlandırma sistemi quraşdırılmış vitrinləri hər kəsin diqqətini cəlb edir və çox az turist tapılar ki, Moskva gəzintisində yolunu bu ticarət mərkəzindən salmasın.

1992-ci ildə “QUM” özəlləşdirilib. Amma buna baxmayaraq onun adı dəyişdirilməyib.
“QUM” 2059-cu ilə qədər “Bosco di Ciliegi” şirkətinə icarəyə verilib. Şirkətin rəhbəri rus sahibkarı Mixail Kusniroviçdir. Ticarət mərkəzinin icarə qiyməti kommersiya sirri kimi saxlanılır.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10