Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabad. 6 ay İcra Başçısız idarə olunan 200 min əhalisi olan rayonun bu günü


Rayon “gözləmək rejimindədir”. Şikayətçilərin əksəriyyətinə bir cavab verilir;- təzə başçı gəlsin, sonra baxarıq

Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısının korrupsiya ilə bağlı həbsindən artıq  altı ay keçir. Altı aydır ki, rayona hələ də  icra başçısı təyin edilməyib. Rayonda Hüquq mühafizə orqanlarından başqa demək olar ki, digər qurumların fəaliyyəti görünmür və ya bəzilərinə  öz korrupsiya əməllərini davam etdirmək üçün daha yaxşı fürsət yaranıb. Sosial şəbəkələrə nəzər salsaq,  əhalinin ən çox istifadə etdiyi xidmət sahələri olan səhiyyədən və təhsildən narazılıq daha pik həddə çatıb. 

       Qənaətbəxş səviyyədə olmasa da,  Göytəpə şəhərində  xəstəxananın bağlanması əhalinin ciddi  narazılığına səbəb olmuşdu. Göytəpə İcra Nümayəndəliyinin qarşısına toplaşan şəhid ailələri və əhalinin digər təbəqələrinin narazılığını görən Kərəm Həsənov və Malik Həsənov qardaşlarının yeni xəstəxananın tikiləcəyi sözündən sonra əhali dağlışsa da əhalinin narazılığı davam etməkdədir. Diabet və digər güzəştli xəstələrə olunan xidmətdən  və doğum şöbəsinin fəaliyyətindən istifadə üçün rayon mərkəzinə gediş-gəlişdən insanların narazılığı daha çoxdur . Bu vəziyyətdə ana və uşaq ölümlərinin sayının daha artacağı gözlənilir. 

     Ölkə ərazisində korrupsiya ilə ad qazanmış Cəlilabad təhsilində rüşvət halları yüksələn xətlə hələ də davam etməkdədir. Əvvəllər  Rayon İcra Hakimiyyətini bəhanə edərək açıq şəkildə aylıq yığdıran RTŞ müdiri üçün daha münbit şərait yaranıb,  desək yanılmarıq. Təhsildəki “alış-veriş” münasibətlərinin onun keyfiyyətinə təsir edəcəyi heç kəs də şübhə doğurmasa da bu yaxınlarda Cəlilabad rayon ərazisindəki təhsil müəssisələrini yoxlamaq üçün Təhsil Nazirliyinin yoxlamalarının narazı getməsi bu ərazidə təhsilin bərbad vəziyyətdə olmasını bir daha təsdiqlədi. 

     Cəlilabad Rayon İcra Hakimiyyəti isə öz durğunluq dövrünü yaşayır. Son zamanlar əsasən Şəhid ailələri və Qazilərin müraciətlərinə yumşaq dildə “ Başçı təyin edilməyib deyə heç nə edə bilmərik” deyib yola salırlar. 

      Ümumi baxsaq, rayon ərazisində hələlik nisbi sakitlikdir. Bunun iki səbəbi var : Birinci səbəbi mövsümlə əlaqədar olaraq hər kəsin əkin-biçinlə başının qarışıq olması, digər səbəbi isə Rayon İcra Hakimiyyətinin Başçısının olmamasıdır. İnsanlar əsasən şikayətlərə baxılanda şikayət edir, əks təqdirdə taleyi ilə barışıb gözləyir. Rayonun bu günkü vəziyyəti  “gözləmə rejimindədir” desək, doğru olar.

Bir məqamı da xatırladım ki, İcra Başçısız keçən son 6 ayda Cəlilabadda abadlıq adına hansısa bir işin görüldüyünü xatırlamaq  çətindir.

Zaur Kəngərli. Cəlilabad rayonunun Göytəpə şəhər 1 saylı tam orta məktəbinin müəllimi

Qeyd: Onu da xatırladaq ki, hazırda daha bir cənub rayonunda –Lerikdə də 1 aya yaxındır ki, icra başçısı yoxdur. Adamın yadına istər-istəməz Məmməd Arazın misraları düşür- 

Əgər yoxluğunda yoxsa varlığın,
Demək , varlığında sən elə yoxsan.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10