Masallıda çay məcrasından çıxıb,
Boradigah qəsəbəsində 100-dən artıq ev su altında qalıb
Boradigah qəsəbəsində 100-dən artıq ev su altında qalıb
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Boradigah çayının məcrasından çıxması səbəbindən Boradigah qəsəbəsində yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi və bəzi evlərin zirzəmiləri su altında qalıb.
Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov da gəlib. Əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlıdan aldığımız məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq .
Lənkəranda da yaşayış evlərini su basıb, FHN sakinləri təxliyə edir. APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran çayının daşması səbəbindən Sütəmordov kəndində onlarla evi su basıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 10-a yaxın ailənin qayıqlar vasitəsi ilə təxliyəsi həyata keçirilir.
Həmçinin Lənkəranın Rivi kəndində Ləş çayının daşması nəticəsində onlarla evin su altında qalması haqqında məlumatlar var.
Hazırda ərazidə yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti hələ də davam edir.