Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı təhsili||--||



 Bu günlərdə əlimizə düşən Çağdaş təhsil adlı qəzet, necə deyərlər, səbrimizi daşdırdı. A-2 formatında, yəni həcmi qəzetimizdən 2 dəfə böyük olan Çağdaş təhsil qəzetinin nə az, nə çox - 6 səhifəsi (!!!) Masallı təhsilinin uğurlarına həsr edilib. Masallı təhsili inkişaf yolunda adlı başlıqlarla açılan səhifələrdə rayonun 44 məktəbi haqqında ayrı-ayrılıqda o qədər ucuz tərifli yazılar sıralanıb ki, adam deməyə söz tapmır. Məqalələrin əksəriyyəti 5-10 il bundan əvvəlki divar vərəqələrində gedən yazılara bənzəyir - Sinfimizdə 20 uşaq oxuyur, onun 8-i qız, 12-si oğlan, 3-ü əlaçı, 5-i isə 2 alandır və sair. 40 qəpiklik bu qəzet Təhsil Şöbəsinin tapşırığı ilə məktəblərdə 50 qəpiyə satılır. Bizə çatan məlumata görə 44 məktəbin hər biri bu tərif kompaniyası üçün ən azı 50 manat tərləyib. Bu isə 2 min manatdan artıq pul deməkdir.

Şöhrət azarına tutulanları

Şöhrətin özü də sağalda bilmir.

Məmməd Araz

Qəzetdə rayonun 44 məktəbi təriflənsə də, nədənsə Masallıdakı şəhər məktəblərinin, ölkə məktəblərinin qalibləri sırasında olan Dəfinə liseyinin adı bu qəzetə düşməyib. Bundan əlavə həmin 44 məktəbin ali məktəbə qəbil olunan şagirdlərinin sayı şişirdilib. Hətta illərlə qəbul verə bilməyən məktəblər burada xeyli tələbə yetişdirən məktəblər kimi təqdim olunub. Onlarla şagirdi attestat belə ala bilməyən məktəblər tərif yağışına tutulub.

10 min tirajla çıxan bu qəzetin deyəsən heç foto aparatı da yox imiş. Qəzetdə 5-6 direktorun şəkli verilsə də həmin şəkillərin kimə məxsus olduğu bilinmir. Qısası, 6 səhifəlik ucuz tərifnamədə cılızlıq baş alıb getsə də, hədəfimiz qəzet deyil. Hədəfimiz belə ucuz tərifə qucaq açan Masallı təhsil şöbəsidir. Axı, adı orada gedən məktəblərdən başqa (qəzet onlara zorla satılır) o yazıları kim oxuyar? Guya Misir Mərdanov bu qəzeti oxuyub Masallının təhsil şefinə sağ ol deyəcək. Camaatı özünüzə niyə güldürürsünüz? Tələbə yetişdirə bilməyən, saxtakarlıq içində itib-batan məktəbləri qabaqcıl kimi göstərməklə kimi aldadırsınız? Masallıda bu qədər qabaqcıl məktəb var idisə, təhsil şöbəsinin 10-a yaxın məsul əməkdaşı niyə işindən kənarlaşdırıldı? Yaxud Təhsil Şöbə müdiri Astan müəllim təhsildə qısa müddətdə belə inqilab yaradandırsa, elə onu Misir Mərdanovun yerinə əyləşdirək, 1-2 aya ölkə təhsilinin səviyyəsini dünya standartlarına uyğunlaşdırsın.

Görsən, bu insanlar xəyalına gətirir ki, direktorluğun 5-6 min manata, direktor müavinliyinin 500-1000 manata satıldığı, hər ay müəllimlərin əmək haqqından müxtəlif adlarla pul tutulduğu, abunə adı ilə müəllimlərin soyulduğu bir təhsil şöbəsində belə yazılar adamları necə iyrəndirir?

Belə məqamda deyirlər-utanım yerinizə. Pul verib özünüzü biabır elətdirməkdənsə, özünüzü abırlı şəkildə tənqid etdirsəydiniz bundan yaxşı idi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10