Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hitlerin təriflədiyi “as pilot” – SSRİ-nin 347 qırıcısını vuran Hartmann sonda Vorkutada əsir olub


“Üç günlük hava döyüşlərindən sonra dislokasiya yerinə qayıtdım. Bu üç gün ərzində düşmənin 19 təyyarəsini məhv etmişdim. Bu uğuru əvvəlcə konyakla qeyd etdik, daha sonra şampan şərabı içdik. Üç gün normal qidalanmadığımdan alkoqol məni sərxoş etmişdi. Ayaq üstə güclə dayanırdım. Birdən xəbər gəldi ki, fürer qərargaha gəlir, mənə “Dəmir xaç” ordenini təqdim etmək üçün. Bir neçə dəqiqədən sonra Hitlerin adyutantı Nikolaus fon Belov gözümə dəydi, sonra fürer bir qrup adamla qərargaha keçdi.
Komandirim dedi ki, özümü qaydaya salım. Sərxoş vəziyyətdə nəyə gücüm catdısa etdim, formamı qaydaya saldım, amma furajkamı (hərbi baş geyimi) tapa bilmədim. Qərargahın qəbul otağındakı stola qoyulmuş furajkalardan birini götürdüm. Komandirim gözlərini bərəldib soruşdu ki, nə edirsən? Cavab verdim ki, furajkamaı itirmişəm, 5-10 dəqiqəlik bunu başıma qoyacam. Artıq furajka başımda idi. Bu hərəkətimə komandir daha da hirsləndi və üstümə qışqırdı:
880ccad39559.jpg (61 KB)
- Sən neyləyirsən? Sən nə etdiyini dərk edirsən?
Çətinliklə onun cavabını verdim:
- Mən sizi anladım, komandir. Furajka başıma çox böyükdür.
Komandir isə əsəblərini cilovlaya bilmirdi:
- Sən bilirsən o kimin furajkasıdır? Sən hansı cəsarətlə fürerin furajkasını başına qoyursan.
Mən isə öz ampluamda idim:
- Fürerin nə böyük başı varmış.
Furajkanı yerinə qoyub, başıaçıq içəri keçdim. Hitler məni böyük ehtiramla salamladı, əlimi sıxdı, mükafatı təqdim edib təbrik etdi, bir az da təriflədi. O, hər şeydən anlayışlı bir şəxs idi. Həmin görüşdə bir xeyli aviasiyadan da danışdı. Amma mən onu anlayacaq halda deyildim...”
e43c76ccac0b995e9dcd313c388c055e.jpg (102 KB)
Erik Hartmann bu fikirləri 1993-cü ildə sonuncu müsahibəsində söyləyib.
O, dünyanın aviasiya tarixində ən yüksək göstərici əldə edən qırıcı təyyarə pilotu saylır. II dünya müharibəsində ümumilikdə 1404 döyüş uçuşu həya keçirən Erik Hartmann 802 hava döyüşündə rəqib tərəfin 352 təyyarəsini məhv edib. Onlardan 347-si SSRİ-yə məxsus olub.
Erik Hartmann 1922-ci ildə Almaniyanın Vaysax kommunasında anadan olub. 18 yaşında Almaniya hərbi hava qüvvələrində xidmətə başlayıb. İki il hazırlıq keçdikdən sonra, 1942-ci ildə o, qırıcı pilotu kimi şərq cəbhəsinə göndərilib. Həmin vaxtı heç kimin ağlına gəlməyib ki, bu çəlimsiz, zəif cavan oğlan aylar keçdikdən sonra “as pilot” adını qazanacaq, SSRİ-də isə onu “qara şeytan” adlandıracaqlar.
Erik Hartmann hava döyüşlərindən heç vaxt “əliboş” qayıtmayıb. ABŞ, Britaniya və SSRİ-nin hərbi təyyarəçiləri onu, üzərində ürək və qara zanbaq şəkilləri əks olunmuş qırıcısını məhv etməyə cəhd etsələr də çəhdləri boşa çıxıb. Müharibə dövründə Hartmannın qırıcısı 14 dəfə qarşı tərəfin atəşlərinə məruz qalıb, amma o, bütün bu təhlükələrdən sağ çıxmağa müvəffəq olub.
8456_five.jpeg (104 KB)
1943-cü ildə təyyarəsi vurulduqdan sonra paraşütlə yerə tullanan Hartmann sovet hərbçiləri tərəfindən əsir götürülüb. O, bu vəziyyətdən də çıxış yolu tapıb. Onu əsir götüründə özünü yaralı kimi aparıb. Hartmannı xərəyə uzadıb yük maşınının kuzasına qoyublar. Maşın beş-on dəqiqə irəlilədikdən sonra alman qırıcılarının bomba yağışına düşüb. Sürücü maşını saxlayıb. Hartmann fürsətdən istifadə edib kabinədə əyləşən rus zabitinə bir-iki zərbə vurub, sürücü isə qaçıb. Hartmann yol qırağındakı meşəyə üz tutub. Bir neçə saat getdikdən sonra o, meşədə sovet patrullarını görüb və bununla da hansı istiqamətə gedəcəyini müəyyənləşdirib. Hartmann sovet patrullarının getdiyi istiqamətə deyil, əks istiqamətə üz tutub. Nəhayət, bir neçə saatdan sonra o, qarşıdakı postda alman dilində danışan nəzarətçilərin səsini eşidib. Onlara yaxınlaşanda nəzarətçilərdən biri atəş açıb. Atılan güllə Hartmannın şalvarında dəlik açsa da, onu yaralamayıb. Onu dərhal öz qərargahına çatdırıblar.
Эрих_Хартманн.jpg (42 KB)
Hartmann 300-cü təyyarəni məhv edəndə Hitler onu canlı əfsanə adlandıraraq döyüşə buraxılmaması haqqında göstəriş verib, onu hərbi aviasiya təlim mərkəzinə komandir təyin edib. Məqsəd dünyada ad çıxaran “as pilotu” qorumaq olub. Hartmann bu təyinatı qəbul etməyib, hərbi subordinasiyanı pozaraq dörd dəfə Hitlerə yazılı müraciət edərək, döyüşlərdə iştirak etməsinə razılıq verməsini xahiş edib. Fürer onun xahişini nəzərə alıb.
Hartmann müharibənin son günlərinə qədər inamla döyüşüb. Hətta kapitulyasiya aktının imzalanmasından sonra o, sonuncu dəfə 8 may 1945-ci ildə SSRİ-yə məxsus Yak-7 təyyarəsini məhv edib. Elə həmin gün də Hartmann Çexoslovakiya ərazisində ABŞ-ın 90-cı piyada diviziyasının döyüşçüləri tərəfindən ələ keçirilib. Yalta razılaşmasına görə ABŞ Hartmannı SSRİ-yə təhvil verib. Belə ki, Çexoslovakiya işğaldan sovet ordusu tərəfindən azad olunduğuna görə həmin ərazidə saxlanılan alman döyüşçüləri SSRİ-yə təhvil verilib. Bu razılaşma digər ərazilərdə də tətbiq edilib.
erik_5.jpg (84 KB)
Hartmann 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını Vorkutada çəkib. Həyat yoldaşına yazdığı məktublarda o, cəzasını cəhənnəmdə cəkdiyini bildirib:
“Bura əsl cəhənnəmdir. Heç qədim Romada da qulları belə istismar etməyiblər. Alman zabitləri isə burada satqınlıqla məşğuldurlar, onlar hər dəqiqə “NKVD” əməkdaşları qarşısında şalvarlarını aşağı çəkməyə hazırdırlar. Burada insanları sındırmaq çox asan məsələdir...”
Amma Hartmannın özünü isə, öz söylədiyinə görə, sındıra bilməyiblər. Hətta o, düşərgədə bir neçə dəfə qiyamlara başçılıq edib.
77-5.jpg (100 KB)
Hartmann 25 illik cəzasının 10 ilini çəkib. 1955-ci ildə Almaniya (AFR) kansleri Adenauerin Moskvaya rəsmi səfərindən sonra əldə olunan razılığıa əsasən Hartmann da digər hərbi əsirlər kimi vətəninə qayıdıb.
Almaniyaya qayıtdıqdan sonra Hartmann AFR hərbi hava qüvvələrində zabit kimi xidmət edib.
“As pilot”, SSRİ üçün isə “qara şeytan” sayılan Erik Hartmann 1993-cü ildə, 71 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10