Professor: “Mən onların etirazlarını haqlı hesab edirəm”
Mayın 6-da, axşam saatlarında, 9 saylı Təcili Yardım Stansiyasının işçiləri etiraz aksiyası keçirib. (Bu barədə ilk olaraq afn.az saytı məlumat yayıb.) Stansiyanın onlarla əməkdaşı koronavirus pandemiyası səbəbi ilə maaşlarına edilməli olan əlavələrin düzgün hesablanıb, verilməməsinə etiraz ediblər.
Mayın 6-da, axşam saatlarında, 9 saylı Təcili Yardım Stansiyasının işçiləri etiraz aksiyası keçirib. (Bu barədə ilk olaraq afn.az saytı məlumat yayıb.) Stansiyanın onlarla əməkdaşı koronavirus pandemiyası səbəbi ilə maaşlarına edilməli olan əlavələrin düzgün hesablanıb, verilməməsinə etiraz ediblər.
Etiraz bu ildən etibarən ödənişlərin kəskin azaldılması ilə bağlıdır. Əməkdaşlar özlərinin virusdan qorunması üçün lazımı mühafizə vasitələri ilə vaxtında təmin olunmadıqlarından, koronaviruslu xəstələrlə işləmələrinə baxmayaraq, ödənişlərinin düzgün hesablanmamasından və vaxtında ödənilməməsindən şikayətləniblər.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 9 saylı Təcili Yardım Stansiyasına gedərək tibb işçilərini dinləyib.
“Press Klub” olaraq problemə aidiyyəti qurumdan rəy öyrənməyə çalışdıq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olub, bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib:
“Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib. Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli”.
Professor Adil Qeybulla məsələ ilə bağlı “Press Klub”a açıqlamasında qeyd etdi ki, Təcili Tibbi Yardım Stansiyasının işçilərinin etirazı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli, 112 nömrəli qərarının icra edilməməsi ilə bağlı olub:
“Qərara görə, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə aylıq vəzifə (tarif) maaşının dörd misli məbləğində müddətli əlavə müəyyən edilmişdi. Sonradan müəyyən manipulyasiyalar oldu. Amma konkret prezident sərəncamında yazılıb ki, baza hissənin 4 misli qədər maaşlara əlavə olunur. İstər bir xəstə olsun, istər əlli xəstə, koronaviruslu xəstələrlə əlaqədə olan hər bir kəs sərəncama əsasən qeyd edilən maaşı almalıdır. Bu, TTY həkimlərinə də aid edilir”.
A.Qeybullanın fikrincə, həkimlərin reaksiyası təbiidir:
“Bu prosesdə TTY həkimlərinin üzərinə çox böyük yük düşür. Xəstələrin çağırışına gedən, onlara xidmət göstərən, onlardan qan təhlilləri götürənlər təcili tibbi yardım həkimləridir. Ona görə də, əlavələr onlara verilməlidir. Mən onların etirazlarını haqlı hesab edirəm”.
Ülviyyə Şahin