Vəkil: ''Qərarda siyasi münasibət büruzə verir''
Masallı Rayon Məhkəməsi oktyabrın 3-də Müsavat Partiyasının yerli təşkilatının sədri Xasay Fərzullanın cinayət işi üzrə hökm çıxarıb.
Arqument.AZ xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Yadigar Sadıqov məlumat yayıb: "Məhkəmə tamamilə əsassız, hesab edirəm ki, sifarişli qərar çıxardı. Amma məhqəmənin qərarı hökm qüvvəyə mindikdən sonra, yəni apelyasiya şikayətinə baxıldıqdan sonra icra ediləcək. Əgər Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayarsa, o halda Xasay Fərzulla məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndəriləcək”.
Xasay Fərzulla 2,6 il azadlıqdan məhrum edilib. Vəkil Nemət Kərimli hökmü qanunsuz adlandırıb: "Təqdim edilən ekspertiza rəyi qanunlara uyğun gəlmədiyindən gülünc və absurd idi. İş materiallarında Xasay Feyzullanın partiyanın yerli təşkilatının sədri olmasının qeyd edilməsi siyasi münasibəti büruzə verir”.
Vəkil apelyasiya şikayəti verəcəklərini deyib.
2017-ci ilin aprelin 5-də X.Fərzulla öz avtomobili ilə Bədəlan kənd sakini, piyada Rauf Tağıyevi, sonuncunun qəfildən yola çıxması nəticəsində vurub. Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsini, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini öz üzərinə götürüb.
N.Kərimli əlavə edib ki, əgər Cinayət Məcəlləsinə təklif edilən düzəlişlər Apellyasiya Məhkəməsinədək qəbul olunarsa, Xasay Fərzullanın barəsində başqa qərar çıxarıla bilər.