“Xəbər”dən nə xəbər var?
Xəbər bolluğunda xəbərsiz yaşamağı
“qoyun olmaya-olmaya
qoyun olmaq çətin işdir”
misralarına bənzədənlər haqlıdırmı?
Göz bədənin şahı olduğu kimi, məncə informasiyanın, jurnalistikanın “şah”ı da xəbərdir. Amma heyf ki, xəbər bolluğunda xəbər tapmaq elə də asan iş deyil. Necə deyərlər, sanki daha çox xəbər paylaşırlar ki, lazım olan xəbərlərdən çoxu xəbər tutmasın.
İmkan daxilində cenub.az saytına cənub bölgəsinə aid xəbərləri paylaşmaq istəyirik.
Ölkənin aparıcı saytlarındakı cənubla bağlı xəbərləri sadalasaq, əksəriyyəti qəza, qətl, yanğın, oğurluq, bıçaqlanma və sair mövzulu xəbərlər olar. Bunları ardıcıl izləyən oxucu öncə düşünər ki, bu tərəflər bəd xəbərlər məkanıdır.
Hökumət saytlarını izləsək, eyni xarakterli xəbərlərlə üzbəüz qalarıq-filan yerdə başçı ilə görüş, filan yerdə qaz açılışı, filan matəm günü... və sair.
QHT düşərgəsinə nəzər salaq. Elə qapalı işləyirlər ki, özləri özlərini tapa bilmir.
Bəlkə siyasi partiyaların rayon təşkilatlarından xəbər gözləyirsiniz? Nəzərə alsaq ki, bu siyasilərin çoxunun heç sosial səhifədə sorağı yoxdur, çoxları illərlə qəzet oxumur, internetlə maraqlanmır, ancaq çayxanada və ona bənzər yerlərdə bəzilərinin qarasınca deyinir, siyasi qeybət edir və sair.
Ümid qalır köşə yazılarına. Dəfələrlə dediyimiz kimi hər rayonda onlarla jurnalist birliyinin üzvü, yüzlərlə “qızıl qələmçi”, bir o qədər də cibində yalançı jurnalist vəsiqəsi gəzdirən olsa da, qələm götürüb 5-10 sətir yazan yoxdur.
Sanki hamı bütün nöqsanlarla razılaşıb-təhsildir, səhiyyədir - onsuz da düzələn deyil. Bir çox məhkəmə hakimləri bütün qanunsuzluqların mahir müdafiəçiləridir. Qısası, nöqsanı olmayan yoxdur, bütün milləti həbsxanaya yığmaq olmaz ki?
Bax belə şəraitdə necə xəbər tapasan? Bütün bunlara görə sizi ardıcıl olaraq yerli xəbərlərlə tanış edə bilmədiyimiz üçün üzürlü sayın.
Zahir