Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bəlanı dünyaya yayan Uhanda indi vəziyyət belədir


Çinin 2019-cu ilin sonlarında ilk dəfə yeni növ koronavirusun yayılmağa başladığı və daha sonra tətbiq edilən sərt karantin rejiminə görə bir müddət xəyalət-şəhəri xatırladan Uhan şəhərində ötən gün on minlərlə adamın qatıldığı “Çiyələk musiqi festivalı” keçirilib. Bu festivaldan fotoları beynəlxalq media dərc edir. Qonşu Hindistanda isə dəhşətli “festival” hökm sürür-orada koronavirusdan ölənləri şəhər parklarında qalanmış tonqallarda yandırırlar.
Uhanda insanlar indi küçələrə ona görə rahat şəkildə çıxıb bayram edə bilirlər ki, rəsmi rəqəmlərə görə Çində koronavirusa yoluxma az qala sıfır səviyyəsindədir. Belə ki, aprelin 30-da Çində COVİD-19 virusuna cəmi 16 yeni yoluxma qeydə alınıb, bundan bir gün əvvəl isə yoluxanların sayı 13 olub. Çinin koronavirusa yoluxmanı necə bu cür sıfırladığı hələ də aydın deyil, hansı ki, dünyanın qalan ölkələrində hər gün milyonlarla yeni yoluxma qeydə alınır.
Uhanda festivaldır...
Hindistanda isə koronavirusun ikiqat mutasiya olunmuş yeni ştammına görə əsl humanitar fəlakət yaşanmaqdadır. Bu ölkədə gündəlik yoluxma halları rəsmi məlumatlara görə, 400 minə yaxındır. Lakin real rəqəm bundan qat-qat artıq ola bilər, çünki ölkənin kənd rayonlarında yoluxmanı üzə çıxarmaq üçün testlər sadəcə olaraq yoxdur. Ölənlərin sayı isə 3 mini keçir, amma bu da rəsmi rəqəmdir. Real ölüm sayı bundan xeyli çox ola bilər.
Hindistanda da "festivaldır"...
Koronavirusun Hindistan ştammı artıq Türkiyədə də qeydə alınıb və alimlər həyacan təbili çalırlar ki, bu ştamm hazırda tətbiq edilən vaksinlərin əksəriyyətinin yaratdığı müdafiəni keçə, eləcə də yoluxmuş və sağalmış adamlarda yaranan antitelləri dəf edə bilər. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştammını “həyacanverici” adlandırıb və onun qonşu ölkələrdə də pandemiya ilə bağlı vəziyyəti kəskinləşdirə biləcəyi haqda xəbərdarlıq edib.
Koronavirus pandemiyası dünyada bu günə qədər 3 milyon 200 mindən çox insanın həyatına son qoyub. “The Washington Post” qəzeti yazır ki, pandemiyanın necə başladığı hələ də bəlli deyil və onun mənşəyini tapmağı hədəfləyən ilk cəhd boşa çıxdı. “Bir neçə həftəyə Dünya Səhiyyə Təşkilatı (DST) və üzv ölkələr pandemiyanın necə və harada başlaması üzrə etibarlı tədqiqata başlamalıdırlar”, – qəzetin redaksiya heyəti rəyində yazır.

Məqalədə deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatının  Çinlə birgə araşdırmasına əsasən koronavirus heyvanlardan insanlara birbaşa, yaxud dolayısı ilə keçib. Amma Çinin vilayətlərində 80 mindən çox vəhşi, ev heyvanından götürülmüş nümunələrdən bircəciyində belə virus tapılmayıb. Tədqiqat komandası virusun Uhanda laboratoriyadan sızması versiyasına çox az ehtimal verdi. Qəzet bu versiyanın heç araşdırılmadığını qeyd edir. Axı, Uhan Virusologiya İnstitutunun yarasa koronavirusları üzərində riskli eksperimentlər apardığı bəllidir. Çin də virusun laboratoriyadan sızması versiyasını cidd-cəhdlə rədd edir.
Ötən cümə günü bir qrup alim açıq məktubda virusun “bütün mümkün mənşələrinin tam elmi və ekspertiza tədqiqatını aparmağa” çağırır. Məktubda sözügedən laboratoriya və onun işilə bağlı bəzi suallar da qoyulur.
virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10