Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sabunçu daxmalarının kirayənişinləri, nisyə araq, söyüş və qətl...


Bakının Sabunçu qəsəbəsində, gecəqondu daxmalarda kirayə qalan, günəmuzd fəhləliklə güzəran sürən, amma nisyə araqla içki məclisi təşkil edən yoxsul azərbaycanlıların davası qətllə nəticələnib. İndi bu işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır. Və qəsdən adam öldürməkdə ittiham olunan 26 yaşlı Füzuli köçkünü Kamran Əliyev müttəhimlər kürsüsündə oturub.
Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il iyulun 27-də gecə saatlarında paytaxtın Sabunçu qəsəbəsi, 2 aprel küçəsi, ev 31-də baş verib. Qəsəbə sakini, əslən Qərbi Azərbaycanın Masis rayonundan olan 56 yaşlı Hüsnü Əliyevin meyiti kirayə yaşadığı evin həyətində aşkarlanıb. Araşdırmalar zamanı qətli digər kirayənişin Kamran Əliyevin törətdiyi məlum olub.

İstintaq orqanı tərəfindən K.Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, K.Əliyev kirayə yaşadığı evin həyətində qonşuları Hüsnü Əliyev və Rəşid Hacıyevlə birgə yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Özündən 30 yaş böyük olan H.Əliyevin  onun mərhum anasının ünvanına söyüş söyməsindən hiddətlənən Kamran araq yoldaşını ürəyindən bıçaqla vurub.

Təqsirləndirilən Kamran Əliyev ifadəsində deyib ki, həmin ünvanda xalasının  ailəsi ilə birgə kirayədə yaşayırdı, həyətdə onlardan başqa bir neçə kirayənişinin də qalırdı. Özündən 30 yaş böyük Hüsnü kişini bir neçə gün öncə içki məclislərindən tanıyan Kamran onunla süfrə arxasında əyləşib, yeyib-içib. Növbəti içki süfrəsi isə Hüsnü kişini o biri dünyaya, Kamranı həbsxanaya göndərib.  
“Xalamla birgə evə bazarlıq edib qayıdanda Hüsnü kişi məndən axşama araq almağımı istədi, razılaşdım.  Axşam oturub birlikdə yeyib-içdik. Qonşuluqda yaşayan Rəşid də bizimlə bir süfrədə oturmuşdu. Hüsnü Rəşidə rusca nəsə dedi, başa düşmədim. Niyə rusca danışdıqlarını soruşduqda Rəşid dedi ki, araq qurtarıb yenidən araq almaq lazımdır. Dedim ki, daha mənim pulum yoxdur. Rəşid də sakitcə qulağıma “gedək bir yerdə alaq gələk”-dedi”- K.Əliyev ifadəsində bu cür deyib.

R.Hacıyevlə birgə mağazaya yollanan Kamran arağı nisyə alıb və qayıdıb, içki məclisi davam edib. Nisyə alınan araq bitəndən sonra masa arxasında oturanlar arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Hüsnünün Kamranın ünvanına nalayiq ifadələr işlətməsi olub.
“Avtomoyka”larda  günəmuzd işləyib başını dolandırmağa çalışan K.Əliyevin ifadəsinə görə, H.Əliyevdən söyüşlərin kimə aid olduğunu soruşduqda “sən məni tanıyırsan, mən “Zabrat Ceyhun”un əmisiyəm, onu çağıraram üç maşınla gələr bura, sənin də...” cavabını eşidib.
Və Kamran bu təhdidi və söyüşü götürməyib, onun dünyadan köçmüş anasını söydüyünə görə Hüsnünü öldürməyi qərara alıb. Həyətdəkilər görməsin deyə haqq-hesab çəkmək üçün ondan çölə çıxmasını xahiş edib. Mübahisə həyətin qarşısında davam edib. Bıçaqla Hüsnü kişini ürəyindən vuran Kamran onun öləcəyinə əmin olub, qoluna girərək həyətə gətirib. Daha sonrasa hadisə yerini tez-tələsik tərk edib.  Gecəni tanışlarından birinin evində qalan Kamran törətdiyi hadisə haqda heç kimə heç nə deməyib. Ertəsi gün taksi ilə Füzuli rayonuna getmək istəyərkən polis əməkdaşları tərəfindən Binə qəsəbəsində saxlanılıb.
Zərərçəkmiş Xalidə Əliyeva ifadəsində həyat yoldaşı Hüsnü Əliyevlə birgə nikahdan iki övladı olduğunu, Bakıxanov qəsəbəsində yaşadıqlarını, ərinin müxtəlif şirkətlərdə fəhlə işlədiyini deyib. Ailənin maddi vəziyyəti ilə bağlı yaranan narazılıqla əlaqədar Hüsnü kişi pal-paltarını yığıb, onlardan ayrı yaşayacağını deyib, evi tərk edib. Amma ailəsindən ayrı kənarda cəmisi 5 gün yaşaya bilib.

 “Neçə dəfə dedim maaş kartını qoy evdə bazarlıq edim, Hüsnü dedi ki, kart özümdə qalacaq. Əvvəl kart məndə olardı, alış-veriş zamanı həmin kartdan istifadə edərdim. Hüsnü ilə mübahisə etdikdən sonra bir birimizlə danışmırdıq. O, da ayrı yaşayacağını deyib, evdən çıxıb getdi, hara getməsindın  nə mənim, nə də övladlarımnın xəbəri olmayıb”,-qadın ifadəsində bildirib.
X.Əliyeva deyir ki, həyat yoldaşının ölüm xəbərini qohumlarından eşidib: “Səhər saatlarında qohumlarım zəng vurub Hüsnünün qətlə yetirildiyini dedilər. Hüsnünün daha əvvəl heç kimlə düşmənçiliyi, ədavəti olmayıb”.
İşin araşdırılması amanı məlum olub ki, içki aludəçisi olan Hüsnü maaşının çox hissəsini arağa xərclədiyi üçün ailəsində söz-söhbət yaradıb. Ailədaxili narazılıqlar zamanı isə Hüsnü çıxış yolunu hər dəfə evi tərk etməkdə görüb. Bundan öncə – 2016-cı ildə evdən küsüb gedən, ayrı yaşayan H.Əliyev iki il sonra – 2018-ci ildə  geri dönüb. Sonuncu dəfə evdən getməsi isə onun o dünyaya yola salınması ilə nəticələnib...
Məhkəmə prosesi davam edir.
İnarə Rafiqqızı
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10