Masallı şəhər sakini, el arasında “Bığ Əhəd” kimi tanınan, hazırda “kommunxozda” yığım şöbəsinə rəhbərlik edən Əhəd Əhədov neçə gündür ki, Cənub xəbər tv studiyasına gəlib, eləcə də gündə bir neçə dəfə təkidlə zəng edir ki, ona efir vaxtı verək. Ə.Əhədov çıxışında Rayon İcra başçısının ona biganəlik göstərməsindən, şikayətlərinə lazımınca diqqət verilməməsindən, bəzi mənfiliklərdən, addımbaşı şərlənmək təhlükəsi ilə üs-üzə qalmasından, eləcə də əmisi oğlu ilə mübahisəli “şəhər sovetinin binasının qanunsuz sökülməsi” olayından söz açmaq istəyir.
Amma ona efir vaxtı vermək məsələsində tərəddüd edirik. Bu çıxışın birmənalı qarşılanmayacağından əlavə, bəziləri deyir ki, “bığ Əhəd” çılğın, sərt adam olsa da, çox ürəyi yumşaqdır. Heç 2 gün keçməz, əmisi oğlu ilə də, icra hakimiyyəti ilə də barışar, Cənub xəbər tv pis vəziyyətdə qalar.
Arada bizə “xox”da gəlir - siz imkan verməsəniz, Bakıdakı internet kanallara çıxacağam, mənə efir vermədiyiniz üçün sizdən də deyəcəyəm.
Əziz izləyicilər, sizin fikriniz nədir? “Bığ Əhəd” virtual meydana gəlsin, gəlməsin?
Cenub.az. Zahir Əmənov